Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:49

İlham Əliyev erasını atəşfəşanlıqla başlayan milyarder


Bakıda İ.Xəlilovun sahibi olduğu obyektlər barədə heç də hər zaman dəqiq olmayan informasiyalar dolaşır
Bakıda İ.Xəlilovun sahibi olduğu obyektlər barədə heç də hər zaman dəqiq olmayan informasiyalar dolaşır
2003-cü ilin sentyabrında Bakının sakit səmasını gurultu səsləri bürüyəndə çoxları elə düşünmüşdü ki, bu, hansısa mafioz qruplaşmalar arasında atışma və ya terror aktıdır. O zaman çox az adam bilirdi ki, «Hyatt Regency»dəki bu atəşfəşanlıq səsləri Azərbaycan milyarderi İsgəndər Xəlilovla Türkiyə zənginlərindən olan Koç ailəsinin qohumluğu şərəfinə yüksəlir.

İqtisadçı-ekspert Samir Talıbov «Azadlıq» radiosuna deyir ki, bu atəşfəşanlıqla Azərbaycanda yeni era - İlham Əliyev erası başladı. O zaman Heydər Əliyev ABŞ-ın Klivlend xəstəxanasındaydı və onun səhhətilə bağlı ən qalmaqallı xəbərlər yayılmaqdaydı. Ölkəyə isə faktiki olaraq Baş nazir postunda oturan İlham Əliyev başçılıq edirdi.

S.Talıbov düşünür ki, Heydər Əliyevin hakimiyyəti dönəmində heç bir oliqarx övladına belə dəbdəbəli toy edə bilməzdi.

İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. Bakıda Xalq Təsərrüfatı İnstitutunu, Moskvada isə Hüquq Akademiyasını bitirib. Media onun biznesə 1980-ci illərin ortalarında Rusiyada restoran biznesi ilə başladığını yazır. Xəlilovun əsas biznes uğurları isə sovetlər sisteminin çökməsi ilə eyni vaxta düşür.

Rusiyanın aparıcı neft şirkətlərindən olan «LUKoil»un prezidenti Vahid Ələkbərovla dostluq edən İ.Xəlilov şirkətin indiki ilə müqayisədə fantastik dərəcədə ucuz olan səhmlərinin bir hissəsini alır. Bu səhmlər onun milyardlar qazanmasına yol açır.

İsgəndər Xəlilov özü Azərbaycana 1994-cü ildə Heydər Əliyevin xaricdəki azərbaycanlı iş adamlarına çağırışından sonra investisiya yatırdığını bildirir. Azərbaycan mediası isə Xəlilovun vətəninə 1993-cü ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində gəldiyini tez-tez yada salır. O zaman İ.Xəlilov «LUKoil-Azerbaijan»a rəhbər təyin olunmuşdu. Şirkətin Azneft-Bayıl yolundakı ilk benzindoldurma məntəqəsi sadə dillə desək, «qatqısız benzin» satdığına görə, çox məşhurlaşmışdı.

İsgəndər Xəlilov indi «LUKoil»un beynəlxalq münasibətlər üzrə vitse-prezidentidir. 1995-ci ildə isə Xəlilov bu gün dünyanın 30 ölkəsi ilə ticarət əlaqələri quran məşhur ISR-Holdinqini yaradır. ISR Holdinq kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulan 10 iri tonnajlı gəmisi ilə Azərbaycanda, İranda, Orta Asiyada, Misirdə bir sıra neft layihələrinin iştirakçısıdır.

Holdinqin şirkətləri neft məhsullarının daşınması ilə yanaşı həm də neft-qaz yataqlarının kəşfiyyatı, qazılması, istismarını da həyata keçirir. ISR Holdinqin məşğul olduğu bank işi, turizm, kimya sənayesi, kənd təsərrüfatı və başqa sahələrdə ümumilikdə 35 minə qədər işçi çalışır.

İsgəndər Xəlilovun səhvləri onun şəxsi keyfiyyətləri ilə yox, Azərbaycandakı iqtisadi mühitlə bağlıdır
2006-ci ildə İsgəndər Xəlilov daha iki azərbaycanlı milyarder Araz Ağalarov və Telman İsmayılovla bərabər Azərbaycanın ali mükafatlarından olan «Tərəqqi» medalı ilə təltif olunub. Bu medal Azərbaycan Respublikasının inkişafında müstəsna xidmətlər göstərən şəxslərə verilir.

Bakıda İ.Xəlilovun sahibi olduğu obyektlər barədə heç də hər zaman dəqiq olmayan informasiyalar dolaşır. Azərbaycan mediasına müsahibə verən milyarder isə özü obyektlərinin adını, demək olar bir-bir sadalayır: «Ramstor» hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş «İnturist», «Azərbaycan» otelləri, «Mc.Donald‘s», «NİKOİL» bankı, «Nərgiz» Ticarət Mərkəzi, «Toyota Center», Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları…

İsgəndər Xəlilovun Azərbaycana yatırdığı investisiyaların konkret məbləği ilə bağlı dəqiq rəqəm mübahisəlidir. Xəlilovun özü isə yalnız bir layihəsi ilə bağlı dəqiq rəqəm səsləndirir. Milyarderin dediyinə görə, «Azadlıq» meydanındakı «Azərbaycan» mehmanxanasının beş ulduzlu «Hilton» otelinə çevrilməsinə 140 milyon dollar vəsait xərclənəcək. Otelin 2010-cu ildə təhvil veriləcəyi planlaşdırılsa da, iqtisadçılar buna inanmır. Səbəb dünyanı bürüyən iqtisadi böhrandır. İqtisadçı Samir Talıbov:

- İsgəndər Xəlilov baxmayaraq ki, ciddi bir biznesmen kimi qəbul olunur, bu gün onun böyük problemləri var. Bu, əsasən dünya iqtisadi böhranı ilə bağlıdır. Bu gün onun bir neçə layihəsi artıq dayanıb. Əsaslı komplekslərin inşası yaxın illərdə baş verməyəcək. Çünki indi vəsait yoxdur. Əldə olanlar yalnız kredit vəsaitləridir, onlar da çox bahalaşıblar.

İsgəndər Xəlilov özü də iqtisadi böhrandan şikayətçidir. Dediyinə görə, Bakıdakı «Toyota Center» yaranan nəğd pul qıtlığından ciddi böhran keçirir.

Samir Talıbov düşünür ki, İ.Xəlilov çox peşəkar, zəhmətkeş olmasına baxmayaraq ciddi səhvləri də var. Ancaq iqtisadçı deyir ki, bu səhvlər onun şəxsi keyfiyyətləri ilə yox, Azərbaycandakı iqtisadi mühitlə bağlıdır:

- Bu gün Azərbaycanda dərəbəylikdir, qanunlar işləmir. Azərbaycanda işgüzar mühit fantastik dərəcədə mənfidir.

Ekspertlər İsgəndər Xəlilovun biznes uğurlarını rəsmilərlə sıcaq münasibətlər qurmaq bacarığı ilə əsaslandırırlar. Ancaq onun nə zamansa rəsmən Azərbaycan milyarderi kimi təqdim olunacağını gözləyənlər azdır.

Siyasi şərhçi İbrahim Bayandurlunun sözlərinə görə, Azərbaycan milyarderləri əsas sərvətlərini topladıqları Rusiyadan daşımaq fikrinə düşməyəcəklər:

- Azərbaycanlı iş adamları üçün orada biznes qurmaq, məmurları ələ almaq olduqca vacibdir. Təəssüf, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getdiyini yalnız bəyan edir. Ancaq Azərbaycanda mahiyyətcə bazar iqtisadiyyatı yoxdur, klan iqtisadiyyatı hökm sürür. Belə olmasaydı, biznesmenlər püxtələşib Avropa standartlarına adaptasiya olunardılar.
XS
SM
MD
LG