Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:04

Qusar toylarının şabaşı...


Burda toy 12-də, 1-də başlayır. Özü də nə bəy, nə də gəlin məclisdə olmur
Burda toy 12-də, 1-də başlayır. Özü də nə bəy, nə də gəlin məclisdə olmur

Toya gələn qonaqlar, məclisin keçirildiyi yerdə, özləri demiş, yeyir-içir, dəmlənirlər. Pulu olan oynayır, olmayan da baxır. Səbəbi isə çox sadədir, çünki kənddəki toyda oynamaq üçün şabaş verməlisən


Keçən həftə başlamışdım Qusarda gördüklərimi anlatmağa. Təkcə özününküylə yox, başqasıyla danışanda da can deyən, bala sözünü dilindən əskik etməyən, qürurlu, sadə, zarafatcıl, həm də inadcıl ləzgilərdən danışmışdım. Bir verilişə sığdırmadığım Qusar səfərindən bu dəfə də danışacam. Amma bu dəfə Qusar kəndlisindən, və ya kənddə yaşayan qusarlıdan. Əslində, şəhər, ya kənd fərq etməz, heç ləzgi, ya qeyri millət olması da. Burda gördüm ki, dəyişən və insanları dəyişdirən ancaq yaşam şəraiti və qayğılardır.


Kəndə səhər 8-də çatdım. Hansı kəndə, deməyəcəm, birincisi, bəzilərinə söz vermişdim - rahat danışsınlar deyə, ikincisi də burda gördüklərimi Qusarın başqa kəndlərində də gördüyüm üçün, dəyişən ancaq kəndin adı olacaqdı...


Kəndə saat 8-də çatdım. Səhər tezdən. Amma deyəsən, təkcə ancaq mənimçün tezdən idi. Çünki, səhər səkkizdə kəndin girəcəyində hardansa gələn əli çomaqlı, beli şallı, başı yaylıqlı yaşlı nənələri gördüm. Salam verdim, kef-hal soruşdum. Mənə ləzgicə cavab verdilər: «Allah kümək quy, can bala...» Deyəsən, çox sağ ol, Allah köməyin olsun dedi...


Kənddə gün lap obaşdan başlayır. 6-dan, 7-dən. Toyuq-cücəni yedirən, yumurtaları yığan kim, inəklərin naxıra ötürən, çobana əmanət edən kim. «İnəkdən, toyuq-cücədən ötrü bu qədər əziyyət çəkərlərmi?» deməyin. Çünki, inək kəndli üçün çox şeydir. Bunu da inəklərini naxıra ötürüb gələn nənələr dedi: «İnəksiz olmaz ki, can...»


Qısası. Hər kəndin öz çobanı olur və hər kəs inəyini-mal-qarasını o çobana əmanət edir.


Mal-heyvanın qarnının doymasına və sağ-salamat qayıtmağına hansısa örüş yerində nəzarət edən çoban, axşam inəkləri yiyələrinə qaytarır. Və bu xidmətin müqabilində hər inəyə görə ayda 15 min köhnə manat alır. İşti-şayət inəkləri canavar parçalasa, ya da maşın vurub, eləsə çoban onun əvəzini ödəməli olur. Amma səhər tezdən durmağı nəzərə almayanda, kənd camaatı dolanışığından narazı deyildi. Dediklərinə görə, rayon mərkəzindənsə kənddə yaxşıdır, tənbəllik etməyən dolana bilər.

Kəndə jurnalist gəldiyini eşidən bir dayı təngnəfəs məni axtarıb tapdı. Düzü, istəyini eşidəndə çaşdım. Əynində bozarmış, rəngi bilinməyən kostyumu olan, ayağındakı qaloşları, şalvarının ətəkləri də palçığa batan, 70 yaşında olduğunu deyən ağsaqqal təcili olaraq, 100 min dollar borc axtarırdı. Kənddə, özü də bu qədər məbləği neyləyir və necə qaytaracaq soruşanda, məlum oldu ki, 26 ailəni birləşdirən fermer təsərrüfatının başçısıdır. Amma Bakıdan gələn iki qərar - dizelin qiymətinin qalxması, buğdanın alış qiymətlərinin dəyişdirilməməsi onu təcili kredit axtarmağa vadar edib: «100 hektar yerim var, onları «zaloq» götürüb kredit vermirlər, görəsən, xarici banklara müraciət edə bilərəmmi?»



Hər gün səhər tezdən kəndli bəlli bir yerdə mal-qaranı çobana təhvil verir, 11 aprel 2006
Bu arada çantasıyla yanımda hərlənən məktəbli oğlan gözümə dəydi. Məktəbə gedirmiş, amma mikrafon görüb dayanıb, maraqlı gəlib deyə, bir dərsi buraxmağı qərara alıb. Məktəbə bir yerdə getdik, yolüstü nələr oxuduqlarını, necə oxuduğunu soruşdum. Ucqar bir rayonda, kənd məktəbində, 10-12 yaşından başlayaraq uşaqlar nə az, nə çox düz 4 dil öyrənirlərmiş. İbtidai siniflərdə dərslər ləzgi və ya rus dillərində keçilir, sonra Azərbaycan dilində. Kənd sakinləri dedilər ki, belə olduğuna görə, burda balaca uşaqların əksəriyyəti Azərbaycan dilini pis bilir, böyüyəndən və kənddən-rayondan qırağa çıxandan sonrasa yavaş-yavaş öyrənirlər. Üstəlik, bu kənddəki məktəbdə uşaqlara fransız dili keçilir. Bunun səbəbini isə məktəbin direktorundan soruşdum: «Müəllim çatmır, saatlar da azdı deyə, başqa yerdən gəlmək sərf eləmir».

Uşaqların necə oxuduğunu öyrənmək üçün elə qabağıma çıxan birinci otağa girdim. Ədəbiyyat dərsi idi.


11-ci sinifdə oxuduqlarından uşaqların məktəbdən sonra hansı peşəni seçdiklərini öyrənmək istədim. Mənə cavab verən olmadı, bu zaman ədəbiyyat müəllimi özü yardım etməyə çalışdı:


- Nə olmaq istəyirsən?


- Müəllim


- Şeyx Nəsrullah demişkən, yaxşı-yaxşı fikirləş...


Müəllimin müəllim olmaq istəyən şagirdinə - niyə fikirləş deməsinin səbəbini sonra anladım. Müəllimlər otağına girəndə. Kənddə müəllim işləməyin özəlliklərini öyrənmək istədim.Və başladı maaş, təqaüd və şəraitdən şikayətlər: «Maaş, təqaüd sistemi düz deyil, kənddə nə öyrətməyə, nə də öyrənməyə həvəs qoymurlar».


Bu ara zəng vuruldu və ürəyini boşaldan müəllimlər sinfinə getdi. Mən də müəllimlərin dediklərini düşünə-düşünə məktəbdən çıxdım. Bir gün sonra Qusarın mərkəzinə qayıdanda icra hakimiyyətində bu şikayətlərdən söz saldım. Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elman Mustafayev dedi ki, problemləri bilirlər, Bakıya deyirlər, artıq dağ kəndlərində çalışan müəllimlərin problemlərini həll etmək üçün tədbirlər görülür, yavaş-yavaş rayon mərkəzlərinə yaxın yerlərə də çatacaqlar. O ki, qaldı müəllim çatışmazlığına, Elman Mustafayev dedi ki, plan qəbul olunub və buna uyğun iş gedir: «157 nəfər çatmır. Bu il 17 nəfər tapıb-gətirmişik».


Bunları, Qusara - rayon mərkəzinə qayıdanda eşidəcəkdim. Amma hələ ki, kənddə idim və haqqında çox eşitdiyim ləzgi toyunu görməyə tələsirdim. Toya qədərki ənənələr - ömür-gün yoldaşı seçmək, elçilik- necə olur, öyrənmək istədim. Qadınlar dedilər ki, burda qaydadır, könül sevən göyçək olar...


Toyu olan bəyin ata-anası da dedi ki, gəlinlərini oğlan tapıb. Özü də oxumağa getdiyi Bakıdan. Onlar özlərisə tamam başqa cür evləniblər: «Məni sıxmışdılar ki, evlənməlisən, mən də toyda bunu gördüm, elçi göndərdim...Mən heç bunu yuxuda da görməmişəm, birinci elçi idi, lotoreya kimi dedim qismətdisə yaxşı olar...»


Həmsöhbətim olan xanım toydan əvvəl ərini tanımasa da, qiyabi də olsa, özü seçdiyini və onunçün də xoşbəxt olduğunu deyir. Xoşbəxtliyinin sirrini isə nə pula, vəzifəyə, nə də başqa şeyə yox, özünün davranışına bağlayır. Gəlinindən də eyni şeyi tələb edəcəyini deyir: «Kişiyə qüvvəni arvad verməlidir, nə də olsa arvad onu uca tutmalıdr. Gəlinə də dedim ki, oğlum səndən gözəldir, amma sən onu qısqansan dala qaytaracam».


Nə isə, artıq günorta idi. Və musiqiçilər də gəlmişdi, toy başlamalıydı. Düşünə bilərsiz ki, günorta vaxtı nə toy, toy axşam olur. Bəribaşdan deyim ki, burda toy 12-də, 1-də başlayır. Özü də nə bəy, nə də gəlin məclisdə olmur. Toy bir neçə gün keçdiyindən bəylə-gəlini əvvəlcədən yormurlar, onlar ancaq toyun son günü məclisdə olur. İmkan nə qədər çoxdursa, toy da o qədər uzanır.


Toy elə həyətdəcə keçirildiyindən, gələn qonaqların gündə üç dəfə yeyib-içməyini yola vermək üçün əvvəllər ev yiyələri əməlli-başlı yorulurmuşlar. İndisə bunun da, gələn qonaqların yerləşdirilməsinin də çarəsini tapıblar: «Qonaqlar bölüşdürülür...»


Toya gələn qonaqlar, məclisin keçirildiyi yerdə, özləri demiş, yeyir-içir, dəmlənirlər. Pulu olan oynayır, olmayan da baxır. Səbəbi isə çox sadədir, çünki kənddəki toyda oynamaq üçün şabaş verməlisən. Düzdü, bəziləri, elə şabaşsız da oynamağın mümkünlüyün deyirdi: «Pulu olan şabaş verəcək, olmayan verməyəcək...Yox, şabaşsız oynayana pis baxırlar...»


Qusar kənd məktəbi, 11 aprel 2006
Yeri gəlmişkən, kənd camaatı yeni manatın şabaş adətini sıradan çıxaracağından ehtiyatlandığını gizlətmədi. Çünki əvvəllər kimisə dəvət edən adam onunla oynayanlara ən azı 1 manatlıq əskinaslar verirdisə, indi təzə manatla, ən azı 5 dəfə ziyana düşəcək. Bu isə toyun bir günündə əvvəllər 100-150 min manatlıq şabaş verib oynayanları azalda bilər: «Təzə manatla ağır olacaq, qəpiklə də ayıbdır axı...»

Şabaşla bağlı onu da deyim ki, adətə görə, toydan yığılan bütün şabaşı şənliyin ilk günündən toyu yola verən musiqiçilər aparır. Bundan əlavə pul almırlar. Puldan söz düşmüşkən, deyilənə görə, 30-40 il əvvəl burdakı toylarda toyu olana hədiyyə verərmişlər, toya pul salmazlarmış. Zəmanə dəyişib, indi pul salırlar, amma, artıq övlad evləndirənlərin sözlərinə görə, adətən kənd toylarında salınan pul heç toyun öz xərcini də ödəmir: «3-5 «şirvan» pul atılır, yeyib-içib pul verməyənlər də olur».


Artıq Qusarda da toyun xərcini azaltmaq üçün restoran və şadlıq evində məclis təşkil etmək qaydası yayılmağa başlayır. Amma burda da, toy yiyələri 3-4 gün çəkən toylara öyrəşənləri küsdürməmək üçün bir yol tapıb: «Restoranda iki dəfə edirik, günorta və axşam. Bu, daha sərf edir, əvvəllər 4-5 dəfə yeyib-içənlər də olurdu, toya ac gəlib-ac gedənlər də. İndi hamı doyur».


Burdakı toylarda çalınan musiqiyə gəlincə, Azərbaycan musiqisi də olur, ləzgi musiqisi də. Lap elə Bakıdakı kimi, burda da toylar «ləzginka»sız və vağzalısız olmur.


Toyun 3-cü, ya 4-cü günü axır ki, vağzalı çalınır və gəlini gətirilər evə. Burda da adətə görə, gəlinin ayaqları altında qurban kəsilir, gəlin qapının ağzındakı su dolçasını ayağıyla aşırıb, boşqabı sındırır, girir evə. Quranın altından keçirilən gəlinin, keçdiyi hər qapıya un vururlar ki, ayağı bərəkətli olsun. Sonrasa yeyib-içmək və oynamaq davam edir. Səhərə yaxın qonaqlar dağılışır. Hamı gedir dincəlməyə və ayılmağa. Və növbəti bir neçə gün kəndə sanki sükut çokür, küçədə adam tapmaq müşkülə çevrilir. Bu dəfə də belə oldu, ya yox, deyə bilməyəcəm. Çünki elə gecəykən şəhərə qayıtdım. Maşındasa, toy olan yerdə nənəsinin laylasına mürgüləyən nəvəni yadıma salıb, yolun yorğunluğunu hiss etməmək üçün mən də yuxuladım:


Laylayı sərin bala


Yuxusu dərin bala


Allahdan əhdim budu


Toyunu görüm bala...


XS
SM
MD
LG