Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:04

«Da Vinçinin kodu» filminə qadağa əlavə maraq oyada bilər


«Da Vinçinin kodu» filminin afişası
«Da Vinçinin kodu» filminin afişası

Ayaz Salayev: «Həqiqi sənət səviyyəsinə qalxan əsərlər cəmiyyətdə və dindarlar arasında qıcıq yaratmır»


Son günlər həm Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, həm də Mədəniyyət və Turizm Nazirliyi «Da Vinçinin kodu» filminin ölkədə göstərilməməsi üçün kinoteatrlara müraciətlər ediblər. Avropada qalmaqala səbəb olmuş film Den Braunun eyniadlı romanı əsasında çəkilib. Əsərdə söhbət İsa peyğəmbərin Maria Maqdalena ilə evlənməsindən və bu nikahdan qız övladlarının dünyaya gəlməsindən gedir. Dindarlara görə, bu, İsa peyğəmbərin müqəddəsliyini şübhə altına salır. «Da Vinçinin kodu» ötən həftə açılan «Kann» festivalında nümayiş olunub.


Qadağa ilə filmin yayımının qarşısını almaq olarmı? Bir də bu, reklam deyil ki?


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinə müraciətindən sonra «Da Vinçi kodu»nun kinoteatrlarda göstərilməsi dayandırılıb. Əslində, bu film indiyə qədər Bakıda yalnız bir neçə gün «Azərbaycan» kinoteatrında göstərilib. Qafqaz Müsəlmanları İdarəsi Mətbuat Xidmətinin rəhbəri Akif Ağayev deyir ki, bu filmdə dindarların dini hisslərinə toxunulur, onlar təhqir olunur. Elə bu səbəbdən də həmin filmin Azərbaycanda göstərilməsi düzgün deyil.


Filmə baxmasa da, Den Braunun «Da Vinçi kodu» romanını oxuduğunu bildirən rejissor Ayaz Salayev isə deyir ki, bu əsərdə ənənəvi xristian dininin əksinə olan etiraz olunası məqamlar mövcuddur və bu baxımdan da o, dindarları yaxşı başa düşür. Amma cənab Salayev hesab edir ki, filmin nümayişinə qadağa, əslində, onun reklamı deməkdir. Onun fikrincə, film Bakıda bir kinoteatrda nümayiş olunurdusa, qadağadan sonra hamı həmin qadağanın nəyə görə qoyulduğunu bilmək marağıyla videokirayə köşklərinə üz tutacaq: «Mənə elə gəlir ki, bu, müəyyən əlavə maraq yarada bilər».


Elə Ayaz Salayevin dediyi kimi, doğrudan da bu qadağa çoxlarını videokirayələrə üz tutmağa məcbur edib. «Azərbaycan» kinoteatrında filmin yayımı dayandırıldıqdan sonra yayılan məlumatlar bir növ adamlarda «bu filmdə nə var idi ki, onun nümayişini dayandırdılar» sualı yaradıb. Təbii ki, bu suala cavab tapmağın ən yaxşı yolu elə həmin filmi köşklərdən götürüb baxmadır. Biz videokirayə köşklərindən həmin kaseti soruşanda, bir neçə nəfər də filmi axtarırdı. Həmin filmin Bakıdakı videokirayə köşklərində köhnə pulla 10 min manata satıldığı nəzərə alınsa, elə satıcının təbirincə desək, «bu qadağa heç nəyi dəyişməyəcək».


Paytaxtın sıravi sakinlərinin də bu məsələyə münasibəti müxtəlifdir. Söhbətləşdiyimiz adamlar içərisində bunu Azərbaycandakı dini dözümlülüyə təhlükə kimi qiymətləndirənlər də oldu, bu qadağanın maraq doğurduğunu deyənlər də.


İncəsənətdə, kinoda dinə müxtəlif yanaşmaların mövcud olduğu xeyli əsərlərin, filmlərin olduğunu deyən rejissor Ayaz Salayevə görəsə, həqiqi sənət səviyyəsinə qalxan əsərlər cəmiyyətdə və dindarlar arasında heç vaxt qıcıq yaratmır.


XS
SM
MD
LG