Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:49

Təbrizdə hökumət tərəfdarları aksiya keçiriblər


Urmiyədə etiraz aksiyası, 23 may 2006
Urmiyədə etiraz aksiyası, 23 may 2006

Bu gün Təbrizdə hakimiyyət orqanları sosial statusundan asılı olmayaraq bütün insanları mitinqə çağırıb. Dövlət qulluqçularının da iştirak etdiyi aksiyada məqsəd 3 gün öncə Təbrizdə baş vermiş nümayişə etiraz bildirməkdir.


Təbrizin Saatqabağı meydanında baş tutan mitinqdə bir neçə min adam iştirak edib. Silahlı qüvvələrin təmsilçiləri, tələbələrin və digər insanların qatıldığı aksiyada azərbaycanlıların dilini və mədəniyyətini təhqir edilməsinə etirazlar səslənib. Bildirilib ki, məsələ qanun çərçivəsində öz həllini tapmalıdır. Mitinqdə dini rəhbər Xamneyinin Azərbaycandakı nümayəndəsi Mohsun Şabistari də iştirak edib. Aksiyada deyilib ki, bazar ertəsi keçirilmiş nümayişdə bir sıra hərəkətlər edən şəxslər qanun qarşısında cavab verməlidir.


Bu gün «İran» qəzeti rəsmi bəyanat verib. Bəyanatda deyilir ki, karikaturanın çapı səhv olub və məqsəd azərbaycanlıları təhqir etmək deyil. Qəzet bundan təəssüfləndiyini bildirib.


Mayın 21-də Təbrizdə keçirilmiş nümayişdə «İran» adlı rəsmi dövlət qəzetində azərbaycanlıların təhqir edilməsi kimi başa düşülən karikaturaya etiraz bildiriblər. Nümayişçilərlə polis arasında baş verən toqquşmada yaralananların olduğu xəbər verilir.


Mayın 23-də Urmiyə şəhərində minlərlə adamın iştirakı ilə etiraz aksiya keçirilib. Etirazçılar «İran» qəzetinin, həmçinin Radio və Televiziya İdarəsinin şəhərdə yerləşən ofislərinə hücum etmək istəyiblər. Polis qüvvələri onların qarşısını alarkən yaralananlar olub, 30 nəfərdən çox adamın həbs edildiyi bildirilir.


Bu gün Təbriz prokuroru Yusif Firuzi keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu həftənin birinci günü Təbrizdə baş verən nümayiş iştirakçılarından 54 nəfəri həbs olunub, mülki şəxslər və polis qüvvələrindən yaralananlar var. Cənab Firuzi aksiya zamanı ölənlərin olması barədə deyilənləri təkzib edib. Prokuror nümayişdə çəkilən şəkillər əsasında başqa şəxslərin də tutulacağını istisna etməyib.


XS
SM
MD
LG