Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:29

Dəmiryolu qəzasına havaların istiləşməsi səbəb olub?


Qəza zamanı polad relslərin hərarəti 70 dərəcəni keçibmiş
Qəza zamanı polad relslərin hərarəti 70 dərəcəni keçibmiş

Nəqliyyat nazirliyinin idarə rəisi Kazım Şərifov dəmiryol xətlərinin kənarındakı qanunsuz tikililərlə bacarmadıqlarını deyir


İyunun 4-dən 5-dən keçən gecə Hacıqabul rayonunda Muğan stansiyası yaxınlığında içində neft məhsulu olan 15 sistern dəmiryolundan çıxmasına səbəb kimi havanın temperaturunun yüksəkliyi nəticəsində relslərin genişlənməsi göstərilir. Nəqliyyat Nazirliyi Dəmiryol İdarəsinin məsul şəxsləri də bu versiyanın qəzaya səbəb olduğunu təsdiqləyirlər. Nazirliyin Yollarda təhlükəsizlik İdarəsinin rəisi və qəzanın nəticələrini aradan qaldırmaq üçün təşkil edilən operativ qərargahın üzvlərindən olan Kazım Şərifov deyir ki, iyunun 5-nə olan məlumatlara görə, kölgədə havanın temperaturu 37 dərəcə olub, polad relslərin hərarəti isə bu zaman 70 dərəcəni də keçib. Bu üzdən relslərdə deformasiya baş verib ki, bu da qəzaya səbəb olub. Amma nəzərə alaq ki, qəzanın baş verdiyi İpək yolunun keçdiyi respublikanın aran rayonlarında yayda havanın temperaturu yüksək həddə olur. Belə olan təqdirdə əvvəlcədən hansısa profilaktik tədbirlər görmək olarmı? Nəqliyyat Nazirliyinin idarə rəisi Kazım Şərifov bildirir ki, profilaktik tədbirlər mümkündür. «Sadəcə bu dəfə nədənsə qəza qaçılmaz oldu. Çox güman sərin havanın qəfil istilərlə əvəzlənməsi buna səbəb olub».


Bir mühüm amili də vurğulayaq ki, qəza hadisəsi İpək yolu üzərində baş verib. İpək Yolu layihəsinin - TRASECA dəhlizinin Azərbaycan üzrə katibliyindən verilən məlumata görə, qəzanın baş verməsinə yolun təhlükəsizliyi yox, yükdaşıyan qatarın özünün təhlükəsizlik normalarına əməl etməməsi səbəb ola bilərdi. Katibliyin təmsilçisi Akif Mustafayev Nəqliyyat nazirliyinin versiyasına hörmətlə yanaşdığını desə də, qəzaya uğrayan qatarın özəl şirkətə məxsus olmasın da hadisəyə dəxli ola biləcəyini də gizlətmir. «Yollarda hər şey əla idi, hər şey son standartlarla yenilənib, təmir olunub, mənim fikrimcə problem yolda yox, təhlükəsiz daşıma normalarına əməl olunmamasındadır. Bildiyim odur ki, daşımanı dövlət dəmir yolu yox, özəl şirkət həyata keçirib və ola bilsin ki, onların təhlükəsiz daşıma normalarına tam əməl etməməsi qəzaya gətirib çıxarıb. Amma bu mənim şəxsi fikrimdir».


Nəqliyyat nazirliyinin təhlükəsizlik idarəsinin rəisi Kazım Şərifov bu versiyanın düzgün saymır.


Akif Mustafayev baş verən qəzanın gələcəkdə icra olunacaq layihələrə təsir edəcəyini bildirir. Onu sözlərinə görə, bundan sonra çalışacaqlar ki, hökumətlə bir yerdə, yolların təhlükəsizliyinə də fikir versinlər.


Dəmir yolu nəqliyyatı ilə bağlı idarələrin hamısında yolların özünün müasirliyi və təhlükəsizliyi ilə bağlı problemin olmadığını desələr də, daşımaların təhlükəsizliyini təmin edə bilmək üçün bəzi məsələləri həll eləməkdə aciz olduqlarını gizlətmədilər. Məsələn, Nəqliyyat nazirliyinin idarə rəisi Kazım Şərifov dəmir yol xətlərinin kənarındakı qanunsuz tikililərlə bacarmadıqlarını dedi. Onun sözlərinə görə, 2005-ci fevralında Nazirlər Kabineti dəmir yolundan 60 metr məsafədə bütün tikililəri qadağan eləsə də, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin verdikləri icazələrlə bu zonada tikintilər davam etdirilir.


XS
SM
MD
LG