Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:36

«Çərçivə sazişi»...


Politoloq Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə bunu «sülh əvəzinə ərazi, ərazi əvəzinə sülh» adlandırır


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqladığı «çərçivə sazişi»nə münasibətdə politoloqların demək olar ki, hamısı ortada yeni bir şey olmadığını deyirlər. Ancaq «çərçivə sazişi»nin detalları barədə niyə məhz indi, özü də Minsk Qrupu həmsədrlərindən yalnız birinin açıqlama verməsinə münasibətdə icmalçıların fikri fərqlidir.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə həmin açıqlamaya olan reaksiyalardan təəccüblənib. Onun fikrincə, əslində, cənab Brayzanın dedikləri Qarabağ danışıqlarında hansı məsələlərin müzakirə olunması barədə ictimaiyyəti məlumatlandırmaq xarakteri daşıyır: «Düşünürəm ki, burada referendum məsələsindən başqa, digər məsələlərdə beynəlxalq təşkilatların məsələnin tezliklə, qanun çərçivəsində həllinə istəyi öz əksini tapıb».


Millət vəkili əlavə edir ki, referendum məsələsi ümummilli qərar nəticəsində həllini tapmalıdır.


Hələ Mətyu Brayza Minsk Qrupunun həmsədri olmamışdan xeyli əvvəl Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendumun keçirilməsi barədə mətbuata məlumat sızarkən rəsmilər və bəzi siyasi ekspertlər bunun konstitusion qaydada, Azərbaycanın bütün ərazisində keçirilməsinə tərəfdar olduqlarını deyirdilər. Ancaq ümumiyyətlə, referendumun keçirilməsinə qarşı çıxanlar da var. Onların arqumentinə görə, referendum keçirilməsinə razılaşmaq Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını şübhə altına salmaqdır.


Politoloq Zərdüşt Əlizadə isə, Metyu Brayzanın son açıqlamasının Azərbaycana yaxşı heç nə vəd etmədiyini düşünür. Onun fikrincə, əslində, danışıqların nə yerdə olması və «çərçivə sazişi»ndə hansı məsələlərin müzakirə edildiyi barədə verilən bu açıqlama Azərbaycan ictimaiyyətini torpaqların itirilməsinə hazırlamaqdı: «Yəni, torpaqları birdən-birə yox, 10-15 ildən sonra alacaqlarını deyirlər. Buna sadəcə olaraq sülh əvəzinə ərazi, ərazi əvəzinə sülh deyirlər».


Cənab Əlizadə hesab edir ki, Dağlıq Qarabağda referendum keçirilməsinə razılaşmaq, onun müstəqilliyinin tanınmasını müvəqqəti təxirə salmaq deməkdir.


Mətyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə «Turan» İnformasiya Agentliyinə bildirib ki, həmin açıqlama görülən işlərin vəziyyətini əks etdirir və Azərbaycanın mövqeyinə zidd deyil.


Azərbaycan həmişə münaqişənin mərhələli nizamlaması variantından danışıb və bu da ümumi nizamlamanın iki mərhələdə həyata keçirilməsini nəzərdə tutur. Birinci mərhələ 8-10 komponentin gerçəkləşdirilməsi, ikinci mərhələ isə, Dağlıq Qarabağın münaqişənin əvvəlinə olan demoqrafik, etnik tərkibinin bərpasını nəzərdə tutur.


Cənab Tağızadənin sözlərinə görə, bundan sonra bölgənin təhlükəsizliyi təmin olunmalı və Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hüquqi statusunun demokratik, konstitusion müəyyən edilməsinə keçid olmalıdır.


XS
SM
MD
LG