Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:05

Məscid bağlanmadı, amma narahatlıq qalır


«İlahiyyat» məscidində Cümə namazı
«İlahiyyat» məscidində Cümə namazı
Bakı Dövlət Universitetinin tələbə şəhərciyində yerləşən «İlahiyyat» məscidinin fəaliyyəti dayandırılmasa da, mayın 22-də cümə namazına gələn dindarlarda narahatlıq açıq-aydın hiss olunurdu:

«Azərbaycanda elə bir vəziyyətdir ki, hələ çox şeylərə inanmaq olmaz».

Dindarları narahat edən həm də məscidin divarlarına vurulan müraciət idi. Həmin müraciətdə dindarlardan xahiş olunurdu ki, cümə günləri məsciddə sıxlıq yarandığından imkanı olanlar başqa məscidlərə getsinlər. Məscidin imamı İbrahim (Məmiş) Mustafaoğlu deyir ki, bununla onlar dindarların məscidə gəlişinin qarşısını almırlar, sadəcə, sıxlığa görə belə bir müraciət ediblər ki, kimin imkanı varsa Mehdiabad, Qaraçuxur və Ceyranbatan məscidlərinə getsinlər:

«Biz deyirik ki, imkanı olanlar getsinlər digər məscidlərə və dindarlar burda daha rahat ibadət etsinlər».

Dindarlar isə başqa məscidlərə getməyə razı deyillər:

«Qaraçuxur, Mehdiabad və Ceyranbatan məscidləri dünyanın o başındadır. Yaxşı olardı ki, məhəllə məscidləri yaradaydılar, camaat da gedib namazını qılaydı.
Məscidin imamı İbrahim Məmiş
«Əbu-Bəkr» məscidini bağladılar, Şəhidlər Xiyabanındakı məscidi bağladılar. Bunların hər birində 7-8 min namaz qılan olurdu. İndi adamlar hara getsin?».

«İlahiyyat» məscidilə bağlı məsələyə millət vəkilləri də münasibət bildiriblər. Deputat İqbal Ağazadə parlamentdə deyib ki, müəmmalı şəkildə məscidləri bağlamaq lazım deyil:

«Bir məscid sökülür, ikisi bağlanır, üçü bağlanmaq təhlükəsilə qarşılaşır, nəticədə bir ajiotaj yaranır».

Yeni Azərbaycan Partiyasının üzvü, vitse-spiker Bahar Muradova isə məscidlərə qarşı kampaniya aparılması fikirlərlə razı deyil. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda xeyli məscidlər təmir olunub yenidən istifadəyə verilib. Millət vəkili deyir ki, görülən müsbət işlərdən danışmadan bir neçə məscidin bu və ya digər səbəbdən müvəqqəti bağlanmasını Milli Məclisdə qaldırmağa ehtiyac yoxdur.

Məsciddə sıxlıq yarandığından, bir çoxları namazı çöldə qılırdılar
«İlahiyyat» məscidinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər mayın 19-da yayılıb. Məscidin imamı İbrahim Mustafaoğlu deyir ki, həmin vaxt onu Bakı Şəhər Baş Polis İdarəsinə çağıraraq məscidin sənədlərinin qaydasında olmadığını və mayın 22-də fəaliyyətinin dayandırılacağı bildirilib. Amma bir müddət sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin məscidin bağlanmayacağı ilə bağlı məlumat yayıb. Komitədən bildiriblər ki, məscid fəaliyyət göstərə-göstərə sənədlərindəki çatışmazlıqları aradan qaldırmalıdır.

Hazırda Azərbaycanda 1750 məscid var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, həmin məscidlərdən 500-dən bir qədər artığının sənədləri tam qaydasındadır. Son vaxtlar iki məscid sökülüb, iki məscid isə bağlanıb. Onlardan birində təmir getdiyi bildirilir, digəri isə iki nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra bağlanıb.
XS
SM
MD
LG