Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

İranda seçkini kim udacaq?


İranda səsvermə, 12 iyun 2009
İranda səsvermə, 12 iyun 2009
46 milyon səsvermə hüququ olan iranlıdan nə qədəri seçkidə iştirak eləyəcək? Bu gün İranda keçirilən seçkilərdə bu sualın cavabı «seçkini kim udacaq» sualının cavabına bərabərdir. Çünki islahatçıların, Mirhüseyn Musəviylə Mehdi Karrubinin əsas ümidi məhz seçkidə iştirak faizinin əvvəlkilərə görə daha çox olmasına bağlıdır.

«CAMAAT MƏNTƏQƏLƏRIN QABAĞINDA NÖVBƏLƏRƏ DAYANMIŞDI»

Sorğulara görə, bugünkü seçkidə əsas rəqabət indiki prezident – mühafizəkar Mahmud Əhmnədinejatla islahatçı Mirhüseyn Musəvi arasında gedəcək. Kərrubi ancaq 3-cü ola bilər. Ancaq gün ərzində gələn xəbərlər göstərir ki, islahatçılar bugünkü seçkilərə əvvəlkilərdən daha çox seçici cəlb eləyə biliblər.

Tehranlı jurnalist Siracəddin Mirdamadi:

«Tehranda və başqa iri şəhərlərdə camaat hələ səsvermə başlamazdan, saat 8-dən əvvəl məntəqələrin qabağında uzun növbələrə dayanmışdılar. Eyni şeyi mən Məşhəddə və başqa yerlərdə də gördüm».

Iranlılar prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid


İslahatçılardan Kərrubinin seçki qərargahının üzvü Əli Moalem deyir ki, əgər səsvermədə iştirak 70 faizdən yuxarı olsa, o zaman hakimiyyət seçkini saxtalaşdıra bilməyəcək.

İslahatçılar dəfələrlə hakimiyyətin müxtəlif imkanlardan istifadə edib nəticələri saxtalaşdıra biləcəklərindən narahatlıqlarını ifadə eləyiblər. Morteza Alviri «Azadlıq» Radiosuna deyib:

«Biz prezident seçkiləriylə bağlı narahatıq, çünki dövlət bizə imkan vermədi ki, bəzi yerlərdə, məsələn Daxili İşlər Nazirliyi və yarımhərbi birləşmələrin səsverməsinin gedişini izləyək. Baxmayaraq ki, qanunla buna ixtiyarımız var. Onlar həmçinin bu gün səhərdən ölkədəki əsas xəbərləşmə üsulunu, sms xidmətini də bağlayıblar»

SMS XİDMƏTLƏRİ BAĞLANIB


«Azadlıq» Radiosunun İran xidmətinin məlumatına görə, bu gün səhərdən İranlı gəcnlər arasında əsas əlaqə vasitəsi olan sms və başqa mətn mesajlaşma xidmətləri bağlanıb.

Ancaq bu kimi maneələrə baxmayaraq, bu seçkidə qadınların və gənclərin aktivliyi xüsusilə hiss olunur. Hətta artıq indidən bəziləri bu seçkilərin 1997-ci ilin prezident seçkilərinə bənzətməyə başlayıblar. O zaman islahatçıların namizədi Məhəmməd Hatəmi də, məhz gənc və qadın seçicilərin aktivliyi hesabına mühafizəkarlara qalib gələ bilmişdi. İslahatçı deputatlardan Qüdrətulla Əlixani:

«Bu gün gənclər xüsusilə aktivdirlər və gənclərin də arasında çoxlarının məhz Musəvini dəstəklədiyini bildirir».

Ancaq İranlı gənclər arasında indiki prezident Əhmədinejatı dəstələyənlər də var. Məsələn Elyaz adlı bu qız kimi. O deyir ki, Əhmədinejat çox iş görüb. O hamının diqqətini regiona cəlb edə bilib. İranı tanıyan da yox idi, amma indi Obama kimi bir vəzifə sahibi İrana hörmət eləyirsə, bizə üz tutursa, bunda Əhmədinejatın xidməti böyükdür.

İRAN İKİ YERƏ - MÜHAFİZƏKARLAR VƏ İSLAHATÇILARA BÖLÜNÜB

İrandakı bugünkü seçkilərdə aktivliyin yuxarı olmasının bir səbəbi də seçkiönü təşviqat dövrünün də çox qızğın keçməsi olub. Bu dəfəki seçkiönü dövr ciddi ittihamlar, açıq televiziya debatları və çoxminlik mitinqlərlə yadda qaldı. Əhmədinejat İranı nüvə dövləti etməsi ilə fəxr eləsə də, müxalifətə onu yalançılıqda, iqtisadiyyatı pis günə qoymaqda, və beynəlxalq gərginlikdə ittiham eləyirdilər.

Seçkiönü dövrdə İran az qala iki yerə - mühafizəkarlar və islahatçılara bölünmüşdü. İndi bəziləri narahatdırlar ki, seçkidən əvvəl başlanan bu cür qızğın rəqabət seçkidən sonra müəyyən problemlərə, iğtişaşlara da gətirib çıxara bilər. Əli Moalem:

«Ümid eləyirəm seçkidən sonra hər hansı zorakılıq olmaz. Çünki cəmiyyət belə qütblərə bölünəndə, zorakılıq və etirazların olması şansı artır».

İranda səsvermə Bakı vaxtıyla saat 7-nin yarısında artıq başa çatmalıydı. Ancaq, səsvermədə iştirak edənlərin sayının çoxluğu üzündən vaxtı 1 saat uzatdılar. Və İran qanunları imkan verir ki, səsvermə gecə saat 12-yə qədər uzadıla bilər. İranda exit-pollar keçirilmir, amma səsvermənin gedişindən 6-7 saat keçəndən sonra - İranda Musəvinin tərəfdarları artıq sorğulara əsasən öndə olduqlarını bəyan eləyir, Əhmədinejatın tərəfdarları isə bunun əksini bildirirlər. Seçkinin nəticələri isə 24 saat ərzində bəlli olacaq.
XS
SM
MD
LG