Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:55

Azərbaycan qazı Avropanın əlindən çıxır?


«Hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır»
«Hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır»
Azərbaycan qazını Rusiyaya satmağa razı oldu. Gələn ildən boru kəmərləri Azərbaycan qazının 500 milyon kubmetrini Rusiyaya daşımağa başlayacaq.

Azərbaycan qazına Avropa da iddialıdır. Rusiyayla imzalanan saziş Azərbaycan qazını Avropanın əlindən çıxara bilərmi? Qərb ölkələrini qazla təmin edəcək «Nabucco» layihəsinin müəllifləri gecikmirlər ki?

«AVROPA HƏRƏKƏT ETMİRSƏ, BU, ONUN ÖZ GÜNAHIDIR»

Rusiyanın «Qazprom» şirkətinin rəhbəri Aleksey Millerin mətbuata verdiyi müsahibələrini təhlil edən bəzi mütəxəssislərin fikrincə, Rusiya özünü bir neçə ildən sonra istifadəyə veriləcək «Şahdəniz» yatağının əsas müştərilərindən biri kimi görür. 500 milyon kubmetrlik qaz isə artıq bu yolda ilk addımlardan biridir.

Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, əgər Avropa hərəkət etmirsə, bu, onun öz günahıdır:

- Azərbaycan öz qarşısında belə bir şərt qoymayıb ki, qazı Avropaya satsın. Dəfələrlə hökumət bildirib ki, qazı kommersiya şərtləriylə satacaq. Məni təəccübləndirən odur ki, «Qazprom»dan savayı başqa bir şirkətin Azərbaycanla bu cür razılığı olmayıb.

İlham Şabanın fikrincə, yaxın 10 ildə «Nabucco»nun reallaşacağı gözlənən deyil.

«BU ADDIM ÖLKƏNİN RUSİYADAN ASILILIĞINI ARTIRDI»

Digər iqtisadçı Natiq Cəfərli də deyir ki, «Nabucco»nun tikintisi üçün maliyyə tapılması elə də çətin deyil, sadəcə, bu kəmərlə daşınacaq qaz resursları kifayət etmir.

Yəni təkcə Azərbaycan və Türkmənistan qazının hesabına «Nabucco» kimi iri layihəyə qol qoymaq mənasızdır. Amma N.Cəfərli hesab edir ki, Azərbaycan bu təbii sərvətinə təkcə kommersiya kimi baxmamalıdır, bu, həm də siyasi məsələdir. Ekspertin fikrincə, Azərbaycan öz qazını Rusiyaya satmaqla strateji seçmini etdi:

- Onsuz da Rusiyanın Azərbaycana təsir rıçaqları varıydı. Bu addım ölkənin Rusiyadan asılılığını artırdı.

«RUSİYAYA VERİLƏN QAZ «NABUCCO» ÜÇÜN NƏZƏRDƏ TUTULAN YATAQDAN DEYİL»

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyir ki, Rusiyaya verilən qaz «Nabucco» üçün nəzərdə tutulan yataqdan deyil. Onun sözlərinə görə, başqa ölkələrlə də, məsələn, Türkiyəylə də danışıqlar aparılır. Rusiyanın «Şahdəniz» yatağından çıxarılacaq qazın da əsas alıcısı olmasıyla bağlı deyilənlərə gəlincə, N.Quliyev bildirir ki, bununla bağlı əlavə danışıqlar gedəcək.

Mətbuatda Azərbaycanın Rusiyaya qazın min kubmetrini 300 dollardan satdığı barədə məlumatlar yayılıb. Nizaməddin Quliyev deyir ki, sazişdə qiymətin kommersiya sirri olduğu göstərilib:

- Kim nə deyir desin, bu, kommersiya sirridir. Tərəflər razılaşıb ki, qiyməti açıqlamasın.

Azərbaycan qazının Rusiyaya satılmasında siyasi çalarlar varmı?

«AZƏRBAYCAN BUNUNLA MANEVR EDİR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır:

- Rusiyaya veriləcək qazın həcmi Azərbaycanın qaz ehtiyatı baxımdan həlledici həcmdə, yəni çox deyil. Azərbaycan bununla manevr edir, balans adlandırdığı xətti davam etdirir. Biz Rusiyanın Azərbaycanda yeganə qaz monopolisti olmasını istəmirik.

İ.Qəmbər hesab edir ki, Azərbaycan hakimiyyətinin qaz satışına yalnız kommersiya yönümündən baxması yolverilən deyil. Onun sözlərinə görə, ölkənin Avro-Atlantik məkana inteqrasiyası kimi köklü maraqlar əsas götürülməlidir.
XS
SM
MD
LG