Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

Taxıl yığılmır, un bahalaşır...


Bəzi bölgələrdə unun qiyməti artıq bahalaşıb
Bəzi bölgələrdə unun qiyməti artıq bahalaşıb
«Taxıl yığılıb qalıb sahəmdə, biçdirməmişəm. Çünki sərf eləmir, çəkdiyim xərci götürə bilmirəm».

«SAHƏNİ ÇOBANLARA VERMİŞƏM Kİ, QOYUN-QUZULARINI OTARSINLAR»

Saatlı rayonundan fermer Asəf Bağırov «Azadlıq» radiosuna belə deyir. O bildirir ki, heç vaxt bu il olduğu kimi çətinliklə üzləşməyib. Tədarük yerləri əvvəlcə taxılın 1 kiloqramını onlardan 25-30 qəpiyə alacaqlarını vəd edib, ancaq taxıl yığımı başlayanda vədlərinə xilaf çıxıblar:

«İndi 10 qəpiyə də alan yoxdur, 7 qəpiyə istəyirlər. Belədə əlbəttə sahəni biçməyəcəyəm. Oradan nə gəlir götürəcəyəm ki! Çobanlara vermişəm ki, qoyun-quzularını otarsınlar…»

«FERMERLƏRİ ÇOX İNCİDİRLƏR»

Kəndli Fermer Təsərrüfatları İttifaqının rəhbəri Sadıq Murtuzayev isə deyir ki, Azərbaycanda taxılçılıqla məşğul olan fermerlərin çoxu Asəf Bağırovun günündədir. Taxılını biçib gəlir götürəcəyini səbirsizliklə gözləyən kəndli çox pis vəziyyətə düşüb:

«Bu taxılı Dövlət Fondu almalıydı. Əvvəlcə taxılın kilosunu 30-35 qəpiyə alacaqlarını deyirdilər. Sonrasa dedikləri qiyməti dəfələrlə aşağı saldılar. Bu məsələdə fermerləri çox incidirlər. Onların da çoxu heç taxılı yığmaq istəmir. Yığım çox pis gedir. Xaricdən gələn taxıla Əlavə Dəyər Vergisini bərpa ediblər, bu da vəziyyəti lap çətinləşdirib».

Bəzi bölgələrdə isə unun qiyməti artıq bahalaşıb. Şəki, Masallı və Lənkərandakı iş adamları deyilər ki, unun qiyməti orta hesabla 4-5 manat artıb.

«ÇÖRƏYİN DƏ QİYMƏTİ QALXA BİLƏR»

Bakıda taxıl biznesiylə məşğul olan Həmid Cabbarov da deyir ki, son günlər alverdə problemlərlə üzləşib:

«Deyirlər rayonlarda taxıl yığılmır, qıtlıq var, ona görə də qiymətlərdə artım var».

İş adamı deyir ki, ölkəyə idxal edilən una Əlavə Dəyər Vergisinin tətbiq edilməsi də onları narahat edir:

«Belə vəziyyətdə unun qiyməti bahalaşacaq, nəticədə çörəyin də qiyməti qalxa bilər».

Kəndli Fermer Təsərrüfatları İttifaqının rəhbəri Sadıq Murtuzayev isə deyir ki, əgər taxılçılıqla məşğul olan kəndlilərə subsidiyalar ayrılmasa, unun da, çörəyin də qiyməti bahalaşacaq:

«Qiymətlərin qalxma təhlükəsi var. Gərək fermerlərdən taxılı yaxşı qiymətə alsınlar, xaricdən gələn taxıla ƏDV ləğv olunsun, subsidiyalar məsələsinə baxılsın. Yoxsa vəziyyət pis olacaq».

«SAĞ OLSUN HÖKUMƏTİMİZ»

Cəlilabadlı fermer Mehdi Kərimov isə deyir ki, bu il çox yaxşı məhsul yığa bilib:

«Sağ olsun hökumətimiz, bizə subsidiyalar da ayırıblar».

Bakıdakı çörək mağazalarında isə çörəyin qiyməti artmayıb. Ancaq alıcılar qiymət artmasa da, çörəyin çəkisinin azalmasından narazıdırlar:

- Bu çörək yarım kilo olmalıdır, ancaq 300 qramdır. Əslində çörək bahalaşıb.

- Çörəyin keyfiyyəti də aşağıdır, çəkisi də.

- Çörək elə məhsuldur ki, bu haqda yuxarıda oturanlar fikirləşməlidirlər.

GÖMRÜK RÜSUMLARI VƏ VERGİLƏR AZALDILMALIDIR

İqtisadçılar isə deyirlər ki, vəziyyətə hökumət nəzarət etməlidir. İqtisadçı Zöhrab İsmayıl deyir ki, taxıl istehsalçılarına dövlət yardımı artırılmalı, gömrük rüsumları və vergilər isə azaldılmalıdır:

«Un, taxıl idxalı ilə bağlı gömrük rüsumları azaldılmalıdır ki, qiymətlər bahalaşmasın».

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN RƏSMİSİ: «QİYMƏTLƏRİ BAZAR TƏNZİMLƏYİR»

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevsə deyir ki, taxılçılıqla məşğul olan fermerlərin satış problemini həll etmək onların səlahiyyətində deyil:

«Məhsul da yaxşıdır, ölkədə taxılçılıq genişlənib. Qiymətləri isə bazar tənzimləyir».

Kənd Təsərrüfatı naziri İsmət Abbasovsa deyib ki, bu il Azərbaycana xarici ölkələrdən buğda idxal olunmayacaq, buğdaya olan ehtiyacı isə yerli fermer və sahibkarlar ödəyəcək.

Nazirliyin proqnozlarına görə, bu il Azərbaycanda 2 milyon 100 min tondan artıq buğda istehsalı gözlənilir. Ölkənin buğdaya olan tələbatı isə 1 milyon 600 min tondur.
XS
SM
MD
LG