Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:29

Taxıl zəmiləri nədən yanır?


Rəsmilər deyirlər ki, taxıl zəmilərinin yanması səbəbi istilərdir
Rəsmilər deyirlər ki, taxıl zəmilərinin yanması səbəbi istilərdir
Müsavat Partiyası Cəlilabad Rayon Təşkilatının sədri Hidayət İsmayılov deyir ki, məqsəd torpaq inhisarçılığıdır. Fermerləri isə dəymiş ziyanın əvəzinin ödənməməyi daha çox narazı salır:

«Külli miqdarda taxıl zəmiləri yandırılıb. Yandırma onunla bağlıdır ki, camaat növbəti ildə öz sahələrini əkməsin, əkin sahələri bir əldə cəmlənsin, özləri bu taxıl sahələrini alsınlar. Yazıq camaat heç nə eləyə bilmir, məmur özbaşınalığına məruz qalırlar».

«YANĞINA SƏBƏB İSTİDİR»

Müsavat Partiyası Cəlilabad Rayon Təşkilatının sədri Hidayət İsmayılov deyir ki, rayonda min hektardan çox taxıl sahələrinin yanması yüzlərlə fermerə ciddi maddi ziyan vurub. Təşkilat sədri iddia edir ki, sahələrin böyük əksəriyyəti məmurlar tərəfindən qəsdən yandırılır. Məqsəd isə torpaq inhisarçılığıdır. Hidayət İsmayılovun dediyinə görə, fermerlərə dəymiş ziyanın əvəzi də ödənmir. Bu da onları daha çox narazı salır. Həmsöhbətim yanmış taxıl zəmilərinin dəqiq sahəsi ilə bağlı məlumatların da gizlədildiyini deyir.

Cəlilabad Rayon İcra hakimiyyətinin nümayəndəsi Hidayət Abbasov isə «Azadlıq» radiosuna rayonda yalnız bir neçə hektar taxıl zəmisinin yandığını dedi. Bildirdi ki, bəzən bu rəqəmlər şişirdilir. O ki qaldı yanğının səbəblərinə, icra nümayəndəsi hesab edir ki, zəmi istidən yanıb:

«Buna səbəb istidir. Yolun qırağıdır, kimsə ya papiros atıb ora, ya istidən, ancaq belə şeylərdən olub, başqa heç bir şeydən».

H. Abbasovun dediyinə görə, bəzən taxıl sahələrini elə sahibkarların özləri biçindən sonra yandırırlar ki, torpağı şumlamaq daha asan olsun. O deyir ki, havanın quraqlıq olması səbəbindən yanan zəmilər isə artıq biçilmiş ərazilər olduğundan heç bir təzminatdan söhbət gedə bilməz.

«ZƏMİDƏ YANĞIN ÇÖRƏK QITLIĞINA SƏBƏB OLA BİLƏR»

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə deyir ki, son bir ildə havalar quraq keçdiyindən taxıl zəmilərinin məhz buna görə yanmasına inanmaq olar. Amma bu heç də insanların taxıl sahələrini qəsdən və ya ehtiyatsızlıq ucbatından yandırdığını istisna etmir. Ekoloq deyir ki, istənilən halda bu cür yanğınların qarşısı alınmalı, onların geniş yayılmamağı üçün lazımi tədbirlər görülməlidir. Çünki taxıl zəmilərinin yanması təkcə sahibkarlara yox, həm də ekologiyaya zərbədir:

«Ekoloji ziyanı ondan ibarətdir ki, torpağın üst qatı – homos qatı yanır. Oradakı bütün canlı aləmlər – mikroorqanizmlər, bitkilərə lazım olan bütün mikroelementlər məhv olur. İkincisi isə qıtlığa gətirib çıxarır ki, nəticədə çörək qıtlığı və qiymət artımı baş verir»

Yerli media Cəlilabadda taxıl zəmilərinin yandırılması ilə bağlı həbslərin olduğuna dair məlumatlar da yayıb. Amma rayonun icra hakimiyyətindən bu cür məlumatların da həqiqət olmadığını bildirdilər.
XS
SM
MD
LG