Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:56

Səid Mətinpurun səhhəti ağırlaşıb


Tehrandakı Evin həbsxanası
«İndi zindanda Səidin vəziyyəti ağırdır. Baş ağrıları, baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb...»

İranın Zəncan şəhərində yaşayan Ətiyyə Tahiri deyir ki, hazırda Tehrandakı Evin həbsxanasında saxlanan həyat yoldaşı azərbaycanlı siyasi fəal Səid Mətinpurun səhhətinə görə çox narahatdır.

Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur bu ilin iyul ayında həbs edilib. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır. Yaxınları deyir ki, o bir neçə il əvvəl Türkiyəyə səfər edəndən sonra hakimiyyətin qəzəbinə tuş gəlib. Həbsinin əsas səbəbi isə insan haqlarıyla bağlı olan yazıları, ictimai fəaliyyətlə məşğul olmasıdır.

SƏİD MƏTİNURUN SƏHHƏTİ ONA VERİLMİŞ İŞGƏNCƏLƏRƏ GÖRƏ AĞIRLAŞIB

Səid Mətinpur bundan əvvəl – 2007-ci ildə də həbs olunmuşdu. 2008-ci ildə mülki girov qarşılığında azadlığa buraxılmışdı. Həmin vaxt Səid Mətinpurla bir yerdə həbsdə olmuş siyasi fəal Saleh Kamrani deyir ki, onlara qarşı irəli sürülmüş ittiham əsassız idi:

Səid Mətinpur
«Həbs olunmamışdan iki il əvvəl Türkiyəyə səfərimiz olmuşdu. İnsan haqlarıyla bağlı seminarda iştirak etmişdik. Bunu dövlət də bilirdi. Bizi iki il ondan sonra həbs etdilər. Bu seminar elmi bir seminar idi».

Saleh Kamrani deyir ki, Səid Mətinurun səhhəti ona verilmiş işgəncələrə görə ağırlaşıb:

«Əvəvlcə 9 ay ki həbsdə qalmışdı, onun 7 ayını təkadamlıq kamerada saxlanmışdı. Təkadamlıq kamerada qalmaq özü bir işgəncədir. Orada ona ciddi fiziki işgəncələr də verilmişdi, döyülmüşü. Əgər ondan hansısa ifadələr alınıbsa, bu ifadələr işgəncə yoluyla alınıb. Öz vəziyyətimdən deyirəm. Mən özüm də ağır işgəncələr görmüşdüm...»

«ALLAH ELƏMƏSİN, BAŞINA BIR İŞ GƏLƏ BİLƏR»

İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının ümumi işlər müdiri Yaşar Həkkakpursa deyir ki, Səid Mətinpur ona lazım olan müalicəni ala bilmir:

«Onda ürək, böyrək, bel xəstəliyi var. Uzun müddət ayaq üstündə dayana bilmir, başı fırlanır. Son günlər vəziyyəti daha da ağırlaşıb. Gərək uzun müddət həkim nəzarətində olsun. İndi çox pis şəraitdədir. Onun xəstəliyi ciddi olduğundan ailəsi, insan haqları təşkilatları səhhətinə görə çox narahatdırlar. Allah eləməsin, başına bir iş gələ bilər».

Yaxınlarının verdiyi məlumata görə, Səid Mətinpurun əvvəlki vəkili də həbsdədir. Ona görə yeni vəkil tutublar. Hazırda o Səid Mətinpurun müalicə olunmasıyla bağlı həbsxana rəhbərliyinə müraciət edib.

Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı Səid Mətinpuru vicdan dustağı elan edib.
XS
SM
MD
LG