Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:34

«Generalın qətli ilə bağlı istintaq çör-çöplə oynayır»


Əyyub Kərimov
«General Rail Rzayevin qətliylə bağlı həbs edilənlərin buraxılması onu göstərir ki, istintaq cinayətə dəxli olmayan detallara əhəmiyyət verir».

Bunu hərbi ekspert Üzeyir Cəfərov deyir. O, bu yaxınlarda Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətliylə bağlı aparılan istintaqda ifadə verib. Müsahibimiz deyir ki, ondan qətldən bir gün qabaq danışdığı, görüşdüyü adamlar barədə soruşublar:

- Mənə dedilər ki, cinayətdən bir gün qabaq sən Rail Rzayevə yaxın olan bir adamla danışmısan. Dedim, bəli danışmışam. Amma başqa bir mövzuda.

Üzeyir Cəfərovun dediyinə görə, o, istintaqa Rail Rzayevin fəaliyyətiylə bağlı bir neçə fakt təqdim edib:

- Dedilər ki, bu məlumatlar onlar üçün yenidir və söz verdilər ki, araşdıracaqlar.

İTTİHAM GERİ GÖTÜRÜLMƏYİB, AMMA ZABİTLƏR AZADLIQDADIR

Rail Rzayev bu il fevralın 11-də qətlə yetirilib və qətlin üstündən az qala iki fəsil ötüb, amma hələ də istintaq yekunlaşmayıb. Qətldən az sonra həbs edilən üç zabit isə artıq azadlığa buraxılıb. Hüquq-mühafizə orqanlarından AzadlıqRadiosuna verilən məlumata görə, onların barəsində sadəcə, həbs-qətimkan tədbiri dəyişdirilib, verilən ittiham isə geri götürülməyib. Zabitlər ölkəni tərk etməmək barədə iltizam veriblər və onlarla bağlı istintaq davam edir. Üzeyir Cəfərovun fikrincə isə əslində, istintaq yanlış istiqamət götürüb:

- Generalın qətli qalıb bir qıraqda, onlar qətlə aidiyyəti olmayan detallara daha çox önəm verirlər. Həbs edilən zabitlər generalın əmrini, tapşırığını yerinə yetiriblər, heç istintaqdan da hiss eləmədim ki, qətllə bağlılıqları var.

Üzeyir Cəfərov sual verir ki, əgər bu adamların günahı yox idisə, niyə həbs olunurdular, yox, əgər günahları vardısa, niyə azadlığa buraxılırdılar?

6 AYA ƏN AZI MOTİV BƏLLİ OLMALIYDI

«Femida 007» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov isə zabitlərin həbsini istintaqın «çör-çöplə oynaması» kimisi izah edir. Onun fikrincə, 6 ay bir cinayətdə müəyyən nəticə əldə etmək üçün kifayət qədər böyük vaxtdır:

- Ən azı motiv bəlli olmalıydı. Amma hələ də güc strukturları ölkə başçısına motivi göstərə bilməyiblər. Bu o deməkdir ki, ya istintaq qrupu qeyri-peşəkardır, ya da ortada siyasi iradə çatışmır.

Əyyub Kərimov yada salır ki, generalın qətlindən sonra ölkə prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırmış və cinayət işini diqqətdə saxlayacağını bildirmişdi. Milli Təhlükəsizlik naziri Eldar Mahmudov isə istintaqın dörd versiya üzərində işlədiyini bildirmişdi.

Respublika Prokurorluğu isə nə zabitlərin azadlığa buraxılmasını şərh edir, nə də istintaqla bağlı əlavə məlumat verir. Baş Prokurorluqdan yalnız onu deyirlər ki, qətllə bağlı başlanmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir. İstintaqın gedişi ilə bağlı isə ictimaiyyətə məlumat verəcəklər.

Fikrini öyrəndiyimiz bəzi ekspertlər isə hesab edirlər ki, sıravi adamlarla bağlı cinayət hadisələrinin üstü daha tez açılır, nəinki cəmiyyətdə müəyyən mövqe tutanların. Məsələn, onlar jurnalist Elmar Hüseynovun, o cümlədən Baş Prokurorluğun keçmiş yüksək vəzifəli əməkdaşı Rövşən Əliyevin, «qara polkovnik» ləqəbi ilə tanınan Fətulla Hüseynovun qətlini misal çəkirlər. Sonuncuların qətlinin üstü cinayətdən uzun müddət sonra açıldı, DİN-in əməkdaşı Hacı Məmmədov həbs ediləndən sonra.
XS
SM
MD
LG