Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Döyülən sürücünün məhkəməsi başlayır


Hadisə təsadüfən ərazidən keçən sürücü tərəfindən mobil telefonun yaddaşına köçürülüb

Bakı-Xaçmaz yolunda Nəqliyyat Nazirliyinin Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişləri tərəfindən döyülmüş sürücü Mehman Əmirquliyevin Dəvəçi rayon Prokuroroluğunda aparılan istintaqı başa çatıb. İş materialları Dəvəçi rayon Məhkəməsinə göndərilib.

Oktyabrın 14-də hakim Teymur Qurbanovun sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçiriləcək.

M.Əmirquliyevin müfəttişlər tərəfindən döyüldüyünü əks etdirən videokadrlar yayılsa da, istintaq orqanı onun özünü cinayət məsuliyyətinə cəlb edib.

O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilir.

İş üzrə zərərşəkmiş qismində Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişi Vüsal Səmədov tanınıb. Şahidlərsə Xidmətin öz əməkdaşlarıdır.

İttiham aktına görə, bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişləri ilə sürücü Mehman Əmirquliyev arasında mübahisə yaranıb. Nəticədə sürücü müfəttiş Vüsal Səmədovu döyüb.

Sürücü ittihamları qəbul etməyib və istintaqa ifadəsində müfəttişlər tərəfindən döyüldüyünü bildirib.

Həmin hadisə təsadüfən ərazidən keçən digər bir sürücü tərəfindən mobil telefonun yaddaşına köçürülüb. Kadrda da sürücünün müfəttişlər tərəfindən döyüldüyü əks olunub.
XS
SM
MD
LG