Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:22

«Dedilər ki, dağılışmasaz, bura 200 arvad tökəcəyik»


Müsavat seçkilərə qatılacaq
Müsavat seçkilərə qatılacaq
MSK-NIN YEVLAX BƏ BƏRDƏDƏN XƏBƏRİ YOXDUR

Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri İradə Hacıyeva deyir ki, Müsavat partiyasının üzvlərinin Yevlaxa və Bərdəyə buraxılmaması haqda Komissiyada məlumat yoxdur, bu məsələ araşdırılmır.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə iddia edir ki, onlar bələdiyyə seçkiləri ilə bağlı Bərdədə üzvlərlə görüş keçirmək istəyib, rayon icra hakimiyyəti buna imkan verməyib.

«DEDİLƏR Kİ, ÜSTÜNÜZƏ 200 ARVAD TÖKƏCƏYİK»

Müsavat Partiyasının Bərdə rayon təşkilatının sədr əvəzi Müsafir Cəmilli isə Azadlıq Radiosuna bunları danışır:

«Bizi hədələdilər ki, çıxıb getməsəniz, bura 200 arvad tökəcəyik. Şəhərin mərkəzindəki çayxanalara yığışmağa bizə imkan vermədilər, məcbur olduq, şəhər kənarındakı çayxanaya gəldik, amma orada da bizi oturmağa qoymadılar, şəhər icra hakimiyyətindən, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyindən gəlib bizi ordan çıxartdılar, deputat İkram İsrafilə qarşı çox böyük kobudluq etdilər».

Bərdə rayon icra hakimiyyəti bu haqda məlumatı təkzib edir. Müsavatçılar isə deyirlər ki, onlara nəinki Bərdədə, Yevlaxda da təzyiq olub, Bakıdan gedən partiya üzvlərini Yevlax yolundan geri qaytarıblar.

Müsavat başqanı İsa Qəmbər bu hadisəni müxalifət partiyalarına növbəti təzyiqi kimi qəbul edir. Amma o deyir ki, hər şeyə rəğmən onlar bu seçkiyə qatılacaqlar:

Əli Kərimli
«Çətin şəraitə baxmayaraq, biz qalan rayonlarda zona müşavirələri keçirməyə nail olduq».

ƏLİ KƏRİMLİ: «AXCP ÜZVLƏRİNİN ƏKSƏRİYYƏTİ SEÇKİYƏ QATILMAQ İSTƏMİR»

Azərbaycan Xalq Cəbhəsi Partiyası rayonlarda seçki görüşlərinə oktyabrın 13-dən başlayacaq. Amma partiyanın sədri Əli Kərimli ölkədəki seçkiönü vəziyyətdən narazıdır, deyir ki, bu vəziyyət üzvlərin fəallığına da mənfi təsir edib:

«Açıq deməliyəm ki, partiya üzvlərinin bir çoxunun həvəsi yoxdur seçkidə iştirak etməyə. Onlar indiyə qədər baş vermiş saxtakarlığı, seçki komissiyalarının tərkibinin dəyişmədiyini əsas gətirirlər, seçkilərin bu dəfə də saxtalaşdırılacağına əmin olduqlarını söyləyirlər. Böyük bir təbəqə seçkilərdə iştirak etmək istəmir».

Əli Kərimli deyir ki, bununla belə seçkidən iştirak etmək istəyənlər də az deyil.

HERKEL: «MƏNİM BAŞIM ÖZ ÖLKƏMDƏKİ SEÇKİLƏRƏ QARIŞIB»

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyir ki, müxalifətçilərə rayonda görüş keçirməyə imkan verilməməsi məhdudiyyətdir və bu halı Avropa Şurasının məruzəçiləri qeydə almalıdırlar.

Andres Herkel
«Ümid edirəm ki, Azərbaycan hökuməti Avropa dəyərlərinə hörmətlə yanaşacaq və hər bir kəsin azad şəkildə öz seçki kampaniyası keçirmək hüququnu təmin edəcək».

Herkel əlavə edir ki, indi o, öz ölkəsində - Estoniyada keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı olduqca məşğuldur.

Yeni Azərbaycan Partiyasının rəsmilərindən bu halla bağlı şərh almaq mümkün olmadı, amma hakim partiyanın rəsmiləri indiyə qədər olan müsahibələrində ölkədə azad və ədalətli seçkilər üçün hər cür şəraitin olduğunu deyirlər.

Bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək.
XS
SM
MD
LG