Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:47

Sürücüdən zorla ifadə alınmağa cəhd göstərilib


Mehman Əmirquliyev
Mehman Əmirquliyev
Mehman Əmirquliyevin məhkəməsi başa çatandan sonra onu Dəvəçi rayon Prokurorluğuna gətiriblər. Müstəntiq Elmar İsmayılov ondan zorla ifadə almağa cəhd göstərib. Bu barədə M.Əmirquliyev özü qardaşlarına məlumat verib.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə jurnalistlərə deyib ki, zərərçəkənin nümayəndəsi olmadan ondan ifadə alınması qanuna ziddir və bu məsələ araşdırılacaq.

Bunda bir müddət sonra Mehman Əmirquliyevdən ifadə alınma cəhdinə son qoyulub və o, Xaçmazın müvəqqəti saxlanma təcridxanasına qaytarılıb.

M.Əmirquliyev də döyülməsi barədə şikayət verib. Şikayət əsasında Dəvəçi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

M.Əmirquliyevin dediyinə görə, istintaq onun qarşısında şərt qoyub ki, əgər şikayətini geri götürərsə, onun hazırda ittiham edildiyi işi də ləğv edəcəklər. Amma sürücü bu təklifi qəbul etmir.

***
Oktyabrın 14-də Dəvəçi Rayon Məhkəməsində Bakı-Xaçmaz yolunda Nəqliyyat Nazirliyinin Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişləri tərəfindən döyülmüş sürücü Mehman Əmirquliyevin məhkəməsinə hazırlıq iclası keçirilib.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iş üzrə zərərşəkmiş qismində tanınmış «Azəryolservis» ASC-nin 1 saylı yolların mühafizə xidmətinin müfəttişi Vüsal Səmədov iştirak etməyib.

Təqsirləndirilən sürücünün vəkili Hafiz Ələsgərov məhkəmədə vəsatət qaldırıb ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəttində problem olduğuna görə, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin. Prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib, əsas gətirib ki, təqsirləndirilən şəxsin səhhətində problem varsa, penitensiar xidmətin müalicə müəssisəsində müalicə oluna bilər. Hakim vəsatəti təmin etməyib.

Məhkəmə prosesi oktyabrın 26-qa təyin olunub.

Mehman Əmirquliyev Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilir.

İttiham aktına görə, bu il avqustun 10-da Bakıdan Xaçmaza daş apararkən Dəvəçi rayonu ərazisində Yolların Mühafizəsinə Nəzarət Xidmətinin müfəttişləri ilə sürücü Mehman Əmirquliyev arasında mübahisə yaranıb. Nəticədə sürücü müfəttiş Vüsal Səmədovu döyüb.

Mehman Əmirquliyev ittihamları qəbul etməyib və istintaqa ifadəsində müfəttişlər tərəfindən döyüldüyünü bildirib.

Həmin hadisə təsadüfən ərazidən keçən digər bir sürücü tərəfindən mobil telefonun yaddaşına köçürülüb. Kadrda da sürücünün müfəttişlər tərəfindən döyüldüyü əks olunub.
XS
SM
MD
LG