Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:39

Qeydiyyat bürokratiyası?


Bələdiyyə seçkilərində namizəd olmaq problemdir
Bələdiyyə seçkilərində namizəd olmaq problemdir
Bələdiyyə seçkilərində siyasi partiya namizədi olmaq üçün bir qucaq sənəd lazımdır. Özü də notarial qaydada təsdiqlənmiş. Seçki məsələlər üzrə ekspert Hafiz Həsənov yeddi-səkkiz adda sənəd toplanmasını qeydiyyat bürokratiyası adlandırır. O deyir ki, bu süni çətinlik siyasi partiyalara və siyasi bloklara seçkidə fəal iştirak etmək problemi yarada bilər:

- Bir seçki dairəsində hətta 30 bələdiyyə ola bilər. Hər bələdiyyəyə namizəd irəli sürmək üçün qərar verilməlidir, həmin namizədin səlahiyyətli nümayəndəsi təsdiqləməlidir. Təsəvvür edin ki, nə qədər sənəd toplanmalıdır. Buna ehtiyac yoxdur.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Siyasi partiya adından seçkiyə qatılan hər bir namizəd üçün qurumun şəhadətnaməsinin, nizamnaməsinin surəti, şəxsin namizədliyinin irəli sürüldüyünü əks etdirən iclasın protokolu və qərar, namizəd barədə bildiriş və onun öhdəlik ərizəsi Dairə Seçki Komissiyasına təqdim olunmalıdır. Bu sənədlərin bəzisini notarius təsdiq etməlidir. Əgər vətəndaşın namizədliyini siyasi blok irəli sürürsə, onda birliyə daxil olan hər bir partiya bu namizədin müdafiəsiylə bağlı qərarını da ortaya qoymalıdır.

Hafiz Həsənov deyir ki, prosedur çətinliyi ucbatından partiyaların namizədləri fərdi təşəbbüsləriylə seçkiyə qatılmağa üstünlük verir. Bu isə siyasi qüvvələrin ölkə boyu təbliğat aparmaq və pulsuz efirdən yararlanmaq imkanlarına təsir edəcək.

PARTİYALAR QEYDİYYATA DÜŞMƏK İSTƏYİRLƏR

Müsavat Partiyası İcra Aparatının sədri Arif Hacılının sözlərinə görə, qeydiyyat məsələsində üzləşəcəkləri problemi indidən göz altına alırlar, amma buna baxmayaraq, seçkiyə ya blok şəklində, ya da partiya xəttiylə getmək niyyətindədirlər:

- İstər rayonlara gedilməsi, sənədlərin notariusda təsdiq edilməsi, yerlərə göndərilməsi bizim üçün ciddi problem yaradacaq. Maliyyə çətinliyi də bir trəfdən. Ancaq hər halda öhdəsindən gəlməyə çalışacağıq.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da seçkidə təbliğat aparmaq və pulsuz efirdən istifadə etmək şansını itirmək istəmir. Ona görə də imkanlarını səfərbər etmək qərarındadırlar. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı:

- Partiya cidd-cəhdlə çalışır ki, hakimiyyətin yaratdığı bürokratik əngəllər seçkidə iştiraka maneə yaratmasın.

Yeni Azərbaycan Partiyası isə namizədlərini irəli sürmək üçün lazım olan sənədləri toplamaqda çətinlik görmür. Partiyanın icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə günə sənədlərin hazırlığı başa çatacaq və onlar bütün bələdiyyələr uğrunda mübarizə aparmaq niyyətindədilər.

VAHİD QOVLUQ YETMƏZMİ?

Qeydiyyat prosedurunu sadələşdirmək üçün ekspert Hafiz Həsənov təklif edir ki, siyasi partiya və ya bloklar Dairə Seçki Komissiyasına hər bir namizəd üçün ayrıca qovluq yox, vahid siyahı və zəruri sənədləri təqdim etsin.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, normativ aktlar Seçki Məcəlləsi əsasında hazırlanır:

- Vətəndaşların öz namizədlərini irəli sürməsi üçün qaydalar var. O qaydalara uyğun da sənəd toplanır.

TƏKLİF TƏKLİFLƏR ARASINDA

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının Seçki Məcəlləsiylə bağlı etdiyi təklif və dəyişiklər paketində qeydiyyat prosedurunun sadələşdirilməsi təklifi də var.

Yeni Azərbaycan Partiyası artıq bələdiyyə seçkisinə qatılacağını açıqlayıb, Müsavat, AXCP və Ümid Partiyası isə qərarını yaxın günlərdə verəcək.
XS
SM
MD
LG