Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:06

«Tədricən canlı azana kecilməlidir»


Hidayət Orucov
Hidayət Orucov
«Azanın qadağan olunması və ya nə vaxtsa qadağan ediləcəyi barədə deyilən fikirlərin heç bir əsası yoxdur».

Bunu AzadlıqRadiosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə görə, azanın verilməsinə qadağa qoyulması böhtan xarakterli məlumatdır:

«Ölkədə indiyədək azan verilib, bundan sonra da veriləcəkdir. Buna heç kimin şübhəsi olmasın. Amma azanın insanlara narahatlıq yaratmamaq şərti ilə verilməsinin zəruriliyi nəzərə alınmalıdır».

Hidayət Orucov deyir ki, məscid və ziyarətgahlarda azanın səsgücləndiricilər vasitəsilə yüksək səslə verilməsindən narahat olanlar var. Onun fikrincə, xüsusilə əhalinin sıx məskunlaşdığı, eləcə də təhsil müəssisələrinin və xəstəxanaların yaxınlığında yerləşən məscidlərdən azanın yüksək səslə verilməsi vətəndaşlar arasında ciddi narazılıq hallarının yaranması ilə yanaşı, İslam dininin mahiyyətinə də kölgə salır.

Komitə sədrinin sözlərinə görə, onlar vətəndaşların narazılıqlarını dəfələrlə məscidlərin axund və imamlarının diqqətinə çatdırıblar, amma həyata keçirilən tədbirlər gözlənilən nəticəni verməyib.

Hidayət Orucov hesab edir ki, buna görə də azanın yüksək səslə verilməsi məsələsinin köklü həll olunması zərurəti yaranıb:

«Ölkə vətəndaşlarının rahatlığını təmin etmək və İslam dininin humanist mahiyyətinə kölgə salınmasının qarşısını almaq üçün azanın səsgücləndiricilər vasitəsilə verilməməsi, tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır. Dövlət Komitəsinin azanla bağlı məscidlərə verdiyi tövsiyənin mahiyyətində bu dayanır».

Hidayət Orucov ümid edir ki, cəmiyyət bu tövsiyəyə normal yanaşacaq.

Ölkənin bəzi məscidlərində isə azana məhdudiyyət dindarların narazılığıyla qarşılanıb.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG