Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:35

«Quran» kurslarına lisenziya veriləcək


Hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində mütəşəkkil «Quran» kurslarına aid xüsusi təlimat hazırlanır
Hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində mütəşəkkil «Quran» kurslarına aid xüsusi təlimat hazırlanır
«Bu, müəllimin evdə abituriyent hazırlaşdırması kimi bir şeydir. Mən evimdə dərs verirəm. Onu necə qadağan etmək olar. Yaxşı baxmıram Quranın evdə öyrədilməsinin qarşısının alınmasına».

Bakının Hacı Sultanəli məscidində namaza hazırlaşan Nazim Həsənovun hesab edir ki, əgər dövlət kurslar təşkil edirsə, bu yaxşı haldır. Vətəndaş bilər ki, «Quran» mütəşəkkil tərzdə harada öyrədilir. Ancaq kiminsə fərdi şəkildə «Quran» dərsləri verməsində də pis bir iş yoxdur. Və bunun qarşısını almaq mümkün deyil:

«QURAN» KURSLARINA AİD XÜSUSİ TƏLİMAT HAZIRLANIR

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimovun verdiyi məlumata görə, müqəddəs kitabı öyrənmək istəyənlər bu ildən etibarən yalnız mütəşəkkil kurslarda təhsil alacaqlar:

«Hazırda «Quran»ı öyrənmək istəyənlər fərdi qaydada məscidlərdə təhsil alırlar. Belə halda təhsilin necə və kim tərəfindən həyata keçirilməsinə nəzarət etmək mümkün deyil. Məhz bunu nəzərə alaraq mütəşəkkil kursların təşkili vacibdir».

Firdovsi Kərimovun sözlərinə görə, «Quran» kurslarına lisenziya veriləcək. Hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində mütəşəkkil «Quran» kurslarına aid xüsusi təlimat hazırlanır.

Gündüz İsmayılov
Komitənin şöbə müdiri Gündüz İsmayılov isə deyir ki, qurumda «Müqəddəs kitabları öyrənmə kursları ilə bağlı müvafiq təlimat» hazırlanır. Bu təlimat təsdiqlənəndən sonra artıq fərdi qaydada «Quran» kurslarının təşkili mümkün olmayacaq. İsmayılovun sözlərinə görə, məqsəd bəzi şəxslərin evdə, ofisdə və digər münasib bildikləri yerdə kurslar təşkil edib «Quran»dan daha çox, şəriət, ehkamlar və s. məsələlərdən müxtəlif dərslər vermələrinin qarşını almaqdır. Belə hallara məscidlərdə də rast gəlinir. Komitə «Quran» kurslarının ümumi nizamlı bir sistem əsasında fəaliyyət göstərməsində maraqlıdır:

«Biz bunu düzgün saymırıq. Bu, bütün dünyada belədir. Bizim çalışdığımız odur ki, Allahın kitabını oxutduran adamlar bu kitabdan məlumatlı olan və başqa məqsədlərə xidmət etməyən adamlar olsunlar. Əgər hətta ali dini təhsili olan vətəndaş evində «Quran» kursu təşkil etmək istəyir və məqsədi də səmimidir, biz bunu normal hal hesab edirik. Amma əgər məqsəd kurs təşkil etmək, yaxud «Quran»dan dərs deməkdirsə, buyurub məsciddə bu işi görsün. Ona görə biz çox istərdik ki, «Quran» kursları yalnız məscidlərdə təşkil olunsun».

«HAZIRLANAN TƏLİMAT VİCDAN AZADLIĞINA ZİDDİR»

Gündüz İsmayılov bildirir ki, Ədliyyə Nazirliyi təlimatı təsdiqləyəndən sonra «Quran» kurslarının fəaliyyət məsələsinə baxılacaq. Bundan sonra heç bir dini icmaya aidiyyatı olmayan adamların belə kurslar yaratmaları mümkün olmayacaq. Özü də bu təkcə «Quran» deyil digər müqəddəs kitabların tədrisi ilə məşğul olan kurslara da aiddir.

İlqar İbrahimoğlu
2009-cu ilin yay sessiyasında Milli Məclis «Dini etiqad haqqında qanun»a əlavə və dəyişikliklər edib. Həmin əlavələrin birində qeyd olunur ki, ölkədə dinin tədrisi ilə yalnız Azərbaycanda təhsil almış adamlar məşğul ola bilərlər.

Dini Etiqad və Vicdan Azaldığı Mərkəzi-DEVAM-ın rəhbəri İlqar İbrahimoğlu deyir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin vəzifəsi vicdan azadlığının təminidir. Və qurum məhz bu işlə məşğul olmalıdır. Sözügedən təlimat isə əslində vətəndaşların konstitusiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət edir.

«Komitə indiyə qədər kitabların senzurası ilə məşğul idi. İndi əgər artıq inancın çatdırılmasının da senzurası ilə məşğul olacaqsa, bu ölkədə vicdan azadlığının mövcudluğunun özünü sual altında qoyacaq. İstər yerli, istərsə də xarici adam inancla, yaxud başqa bilgi, fərdi və cəm halda bilgi əldə edə bilər. əgər bu ekstremizmi, radikalizmi yayan bir şeydirsə yalnız onda məsələ məhkəmədə müzakirə oluna bilər».

İlqar İbrahimoğlunun fikrincə, dünya artıq belə təcrübələrdən imtina edib. Fəlsəfə, fizika, tibb və digər elmlər kimi inancın maarifçiliyi də sərbəst olmalıdır.
XS
SM
MD
LG