Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:37

Su basmış bölgədə 9 kənd tamamilə boşaldılıb


Flood
Flood
Kür çayının səviyyəsinin qalxması nəticəsində su basmış bölgədə olan kəndlərin 9-u tamamilə boşaldılıb.

Bunu vəziyyətlə tanış olmaq üçün bölgəyə səfər edən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

K.Heydərov bildirib ki, suyun səviyyəsinin qalxması nəticəsində uçan 83 metrlik iki bəndin bərpası istiqamətində tədbirlər davam etdirilir:

«Artıq ikinci bəndə yol düzəldirik ki, aradakı qapanma təmin edilsin. Orada işlər yaxşı gedir. Amma Kürün səviyyəsi hələ aşağı düşməyib. Yaxın ərazidə yerləşən 9 kənd tamamilə boşaldılıb. Əhali müxtəlif yerlərdə yerləşdirilib... Zəruri işləri həyata keçiririk. Burada yaranan fövqəladə vəziyyətlə əlaqədar evlərindən köçürülən vətəndaşların müvəqqəti yaşaması üçün problem yoxdur. Onların qida, içməli su, tibbi xidmət təminatı, elektriklə təchizat məsələləri həll olunub. Hətta çadırlarda televizorlar da quraşdırılacaq ki, məlumatsız qalmasınlar. Çadırlar təkcə Şirvan şəhərində deyil, başqa ərazilərdə də qurulub».


FƏLAKƏT ZONASINDAN YENİ ŞƏKİLLƏR


K.Heydərov qeyd edib ki, bəzi kəndlərin əhalisi təhlükəsizlik tədbirləri çərçivəsində köçürülüb:

«Su basma təhlükəsi aradan qaldırıldıqdan sonra əhali tədricən öz evlərinə qayıdacaq. Su çəkiləndən sonra qalıq sular da çəkiləcək. Hazırda orada suyu çəkmək üçün nasosların işləməsi üçün şərait yoxdur. Çünki suyu kənara vurmaq üçün yer yoxdur. Ən əsas məsələ bəndin uçan hissəsini bərpa etməkdir. Bərpa olunandan sonra su istiqamətini dəyişəcək, ondan sonra problemlər həllini tapacaq». /APA/

ƏHALİ YEMƏK VƏ SU İLƏ TƏCHİZ OLUNUR

Şirvan şəhərinin Yeni Şirvan massivində 150-dən artıq çadır qurulub, köçürülən sakinlər burada yerləşdirilir. Əhalini isti yemək, yorğan-döşək, su ilə təchiz edirlər.

Bayramlı qəsəbəsi ərazisində yerləşən bəndin yarılması nəticəsində qəsəbənin böyük hissəsi su altındadır.
AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, FHN-nin əməkdaşları əhalinin qeydiyyatını aparır.

Nazirliyin 3 vertolyotu hazır vəziyyətdədir, onlar su basan ərazilərdən əhalini gətirirlər.

Salyanın mərkəzində isə qaz və su problemi yarandığı bildirilir. Buna səbəb Salyanda qazpaylayıcı stansiyanın su altında qalmasıdır.

Sakinlərin başqa bir qismi Sabirabaddakı idman meydançasında yerləşdirilir.

FƏLAKƏT ZONASINDAN YENİ ŞƏKİLLƏR


SALYAN VƏ SABİRABADA GEDƏN İKİ YOL TAMAMİLƏ SU ALTINDADIR

AzadlıqRadiosunun su basmış ərazilərinə ezam olunan müxbiri bildirir ki, Sabirabadın Dadaşbəyli, Qaragüney, Şıxlar, Salahlı, Osmanlı, Qüdəcühr, Qaratoğay, Zalqarağac kəndləri boşaldılıb. Lakin əksər kənd sakinləri ev heyvanlarını su basan kəndlərdən çıxara bilməyiblər.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri rezin qayıqlar, katerlər vasitəsilə kəndin yollarında hərəkət edir, insanlara yardım etməyə çalışırlar.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Daxili İşlər naziri Ramil Usubov, Baş Nazirin müavini Abid Şərifov hadisə yerindədirlər.

Abid Şərifov AzadlıqRadiosuna bildirib ki, bəndlərin uçduğu yerdə su sürətlə axır. Bəndi aşan çay suyu kəndlərə sarı 12 kilometr irəliləyib. Suyun ən dərin yeri 16-17 metr təşkil edir. Hazırda ərazidə 700-dən artıq maşın bəndin bərkidilməsi üçün çalışır.

Evlərini tərk edən sakinlər üçün Sabirabad şəhərinin mərkəzi stadionunda çadırlar qurulub.

Heyvanları gətirərkən çay sularının apardığı ehtimal olunan 19 yaşlı Sabirabad rayonunun Qaratoğay kənd sakininin axtarışları davam edir.

Qarağac kəndinin yaxınlığından keçən yük vaqonlarından biri aşıb.

Şirvanın Bayramlı qəsəbəsinin bir hissəsi su içində qalıb
Ürək tutmasından bir neçə nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Mayın 7-də Kür çayı Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində yerləşən bəndi yarıb.

FƏLAKƏT ZONASINDAN YENİ ŞƏKİLLƏR


9 KƏNDİN ƏHALİSİNİN EVAKUASİYASINA BAŞLANILIB


Kür çayında baş vermiş daşqınlar nəticəsində Sabirabad rayonunun Şirvanla əlaqəsi tam kəsilib.

Kürdə suyun səviyyəsi qalxmaqda davam edir. Daşqınlarla əlaqədar artıq Sabirabad rayonunun 9 kəndinin əhalisinin evakuasiyasına başlanılıb. Bundan başqa, dünən iki kənd boşaldılıb. Bakı-Horadiz dəmiryol xəttinin üzərində yerləşən «15 göz» körpüsü uçma təhlükəsi ilə üzləşib. Ötən gecə 18 yaşlı rayon sakini Ağaqasım İsrafilov itkin düşüb. Onun selin qurbanı olduğu ehtimal edilir. Hazırda suyun axını Sabirabadın Zalqarağac, Ələmbəyli və Arxanbəyli kəndləri istiqamətinə yönəlib. Bu kəndlərin də su altında qalmaq ehtimalı var.

Sabirabad rayonu ərazisində yerləşən yanacaqdoldurma və qazdoldurma məntəqələrini də su basıb. Yanacaqla və qazla dolu çənlər su altında qalıb. Ərazidə ciddi təhlükə yaranıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri rayonda xilasetmə əməliyyatlarını davam etdirir. Evlərindən çıxarılmış sakinlər çadırlarda yerləşdirilir. /APA

AZADLİQRADİOSUNUN MÜXBİRLƏRİ FƏLAKƏT ZONASINDAN TƏZƏ QAYIDIBLAR.
ONLARIN GƏTİRDİKLƏRİ FOTO-VİDO MATERİALLAR YAYIMA HAZIRLANIR. SAYTIMIZI İZLƏYİN!
XS
SM
MD
LG