Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:59

ADNA məhkəməsində: «Ya cinayəti boynuna götür, ya da özünü as»


Mayın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprelində baş vermiş qətliamla bağlı məhkəmə prosesi davam edib. Bu cinayətdə təqsirləndirilən Gürcüstan vətəndaşları Nadir Əliyev, Cavidan Amirov, Ariz QabulovNəcəf Süleymanov mühakimə olunur. Məhkəmə iclasında şahidlər dindirilib.

Əvvəlcə məhkəmə Daxili Qoşunlarının N saylı hərbi hissəsinin keçmiş zabiti Elmar Mehdiyevi şahid qismində dindirib. O, bir neçə ay əvvəl zorlama maddəsi ilə ittiham olunaraq məhkum edilib. O, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən Nadir Əliyevlə bir kamerada saxlandığını bildirib:

«Nadir Əliyev təcridxanaya gətirilərkən onu bu cinayətə görə dustaqlar kameralarına qəbul etmirdilər. Onu məcburi şəkildə bizim kamerada saxladılar. Dustaqlar istəmirdi bizim kamerada saxlanmasını. Nadir mənə hadisə barədə bəzi şeylər danışıb. O, mənə Neft Akademiyasındakı hadisədə əli olduğunu etiraf edib. Nadir mənə dedi ki, Fərda ona bu cinayəti törətməyi təklif edib, o da Fərdadan qorxduğuna görə təkliflə razılaşıb. Amma hadisə baş verən gün hadisə yerinə getməyib. Bu söhbətdən bir neçə gün sonra Nadir mənə dedi ki, Cavidan Amirovun Neft Akademiyasında oxuyan Ramin adlı tələbə tanışı olub. Raminlə oxuduğu fakültənin dekanı arasında mübahisə olub. Cavidan da Raminə söz verib ki, həmin dekanı öldürəcək. Nadirlə Cavidan akademiyada olublar, dekanın otağını müəyyənləşdiriblər. Sonradan Fərda meydana çıxıb, akademiyadakı hadisəni planlaşdırıb».

Nadir Əliyev məhkəmənin nəzərinə çatdırıb ki, şahid yalan ifadə verir. O deyib ki, Elman Mehdiyevlə eyni kamerada saxlandığı müddətdə Elmar Mehdiyev və digər dustaqlar tərəfindən hər gün fiziki işgəncələrə məruz qalıb:

«Kameradakı dustaqlar hər gün məni döyürdülər, məni məcbur edirdilər ki, cinayətdə əlim olduğu barədə ərizə yazım. Elmar kamerada ağ parça asmışdı ki, əgər ərizəni yazmasan özünü bu parçayla asacaqsan. Müstəntiq Fəxrəddin Pənahov isə Elmara söz vermişdi ki, əgər Elmar məni sındıra bilsə, bunun qarşılığında o, Elmarın cəzasının yüngülləşdirilməsinə kömək edəcək».

Sonra məhkəmə iclasında ADNA-nın tələbələri Orxan Heydərov, Nicat Quliyev və akademiyanın yeməkxanasında işləyən Nuriyyə Hilalova şahid qismində dindiriliblər.

Proses mayın 13-də davam etdiriləcək.


Ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxs binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə «Makarov» tipli tapançadan atəş açmaqla 12 nəfəri qətlə yetirib. Sonra həmin silahla özünü vurub. İstintaq orqanı hadisəni törədən şəxsin Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğunu müəyyən edib. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq məhkəmə qarşısına çıxarılıblar. Onlar ittihamları qəbul etmirlər və bu cinayətdən xəbərsiz olduqlarını deyirlər.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
XS
SM
MD
LG