Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:29

Azərbaycan hökumətinin Tomas Hammarberqə cavabı


Tomas Hammarberq
Tomas Hammarberq
Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberqin iyunun 29-da açıqladığı hesabata Azərbaycan hökumətinin cavabı da əlavə olunub. Hökumət cənab Hammarberqin Azərbaycanda bu il martın 1-5-i arası səfərdə olan zaman apardığı tədqiqatı qiymətləndirdiyini və onun tovsiyələrini əhəmiyyətli saydığını açıqlayıb. Hökumət eyni zamanda tövsiyələrlə bağlı öz şərhini bildirib.

CƏMİ 20 MİN MANATLIQ TƏZMİNAT

Hökumət hesab edir ki, jurnalistlərin məhkəmələrə çəkilməsi əsasən diffamasiya problemindən doğmur. Amma diffamasiya məsələsi hökumətin də diqqətindədir və Mətbuat Şurası 2010-cu ildə diffamasiya haqqında məsələləri ömüzakirə edib.

Azərbaycan rəsmiləri hesab edirlər ki, jurnalistlərin peşəkarlığının, iqtisadi müstəqilliyinin artmasına, etik prinsiplərin qorunmasına ehtiyac var.

Hökumət Azərbaycan məmurlarına tənqidə dözümlü olmağı, jurnalistlərlə məhkəmə çəkişmələrinə getməməyi tövsiyə edib.

Hökumətin cavabında bildirilib ki, məhkəmələrdə qəzetlərə və jurnalistlərə 3 milyon manatlıq təzminat ödənilməsi iddiası qaldırılıb, amma məhkəmələrdə cəmi 20 min manatlıq təzminat ödənilməsi qərarları çıxarılıb.

FƏTULLAYEV VƏ BLOQÇULAR MƏSƏLƏSİ

Adnan Hacızadə və Emin Milli
T.Hammarberqin jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasıyla bağlı tövsiyəsinə gəlincə, hökumət hesab edir ki, hazırda jurnalistlə bağlı yeni cinayət işi üzrə məhkəmə gedir, buna görə də ittihamları əsasız sayır.

Avropa Məhkəməsinin E.Fətullayevin dərhal azadlığa buraxılması tələbinin yerinə yetirilməməsini hökumət qərardan Yuxarı Palataya şikayət edəcəyilə əsaslandırır.

Bloqçular Adnan Hacızadə və Emin Milliylə bağlı cinayət işinin isə obyektiv və qərəzsiz araşdırıldığı mövqeyini bölüşən rəsmilər məhkəmənin də ədalətli və müstəqil aparıldığını öz rəylərində göstəriblər.

MƏTBUAT ŞURASININ QƏRARLARI RƏSMİ DEYİL


Mətbuat Şurasının «reket qəzetlər» siyahısiyla bağlı narahatlıqla əlaqədar (Tomas Hammarberq reket siyahı təcrübəsinə yenidən baxmağı tövsiyə edir) hökumət bu qurumun qərarlarının rəsmi olmadığını, bununla jurnalistlərin məsuliyyətini gücləndirmək istədiyini bildirir.

Tomas Hammarberq tövsiyə edir ki, hakimiyyət BBC, AzadlıqRadiosu, «Amerikanın Səsi» və «Avropa+» radio stansiyalarını FM dalğalarına qaytarsın. 2009-cu il yanvarın 1-dən bu radiostansiyaların FM-də yayımı dayandırılıb.

Hökumət yayımın bərpasının Azərbaycan qanunvericiliyi tələblərinə cavab vermədiyini açıqlayır. Eyni zamanda bildirir ki, xarici radiostansiyalar Azərbaycan ərazisində qısa dalğada, o cümlədən internet və peyk vasitəsilə yayımlanırlar.

Hökumət bildirir ki, mətbuat xidmətlərinin fəaliyyəti inkişaf etdirilib
İnformasiya azadlığıyla bağlı hökumət bildirir ki, dövlət strukturlarında informasiya əlçatımlığı asanlaşıb, mətbuat xidmətlərinin fəaliyyəti inkişaf etdirilib, dövlət qurumlarının saytları yaradılıb və hökumətin fəaliyyəti barədə məlumatlar verilir.

QHT-LƏR SƏRBƏST FƏALİYYƏT GÖSTƏRİR

Hökumət QHT-lərin tam sərbəst fəaliyyət göstərdiyini, qeydiyyat prosedurunun, eyni zamanda «Qrant haqqında» qanuna son düzəlişlərin onlara təzyiq rıçaqı olmadığını bildirir.

O cümlədən qeydə alınmayan dini icmalarla bağlı hökumət bildirir ki, həmin qurumlar qeydiyyatdan keçmək üşün lazımı sənədləri təqdim edə bilməyiblər.

T.Hammarberq hesabatında Naxçıvanın Bənənyar kəndində 2009-cu ilin dekabrında Aşura mərasimində baş verənlərin araşdırılmasının vacibliyini vurğulayıb. Hökumət isə bildirir ki, Bənənyarda baş verənlər adi xuliqanlıq motivli hərəkətlər olub.
XS
SM
MD
LG