Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:35

Sənin polisin səni qoruyurmu?


İyulun 2-si polisin peşə bayramı günüdür
- Sən özbaşınalıq edirsən, qanunu pozursan, dövlətin işçisi ola-ola qanunu pozursan? Buna görə məsuliyyət daşıyırsan…

- Mən elə hərəkət edərəm, adın yadından çıxar.

- Mən inzibati xətamı etmişəm?

- Sən dövləti təhqir edirsən!

- Kimi təhqir edirəm?

- Sən öl, sənin başına oyun açacam, dartıb poqonumu cırdın…

Bu dialoq «YouTube» videpaylaşma saytından götürülüb. Dövlət Yol Polisi əməkdaşı ilə bir sürücü arasında gedir. Yol polisi işçisi əvvəlcə sürücüyə onun qanunu pozduğunu deyərək, protokol tərtib etmək istəyir. Sürücü isə yol hərəkət qaydalarını pozmadığını iddia edərək, dövlət işçisinin özbaşınalığından şikayətlənir. Yol polisi işçisi də bundan sonra sürücünü onun paqonunu qopardığını söyləyəcəyi ilə hədələyərək şantaj etmək istəyir. [VIDEOYA BURADA BAX]

ADİ YOL ƏHVALATI, YOXSA QURULMUŞ SƏHNƏ?

Baş Dövlət Yol Polisi İdarəsində İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kamran Əliyev isə düşünür ki, «YouTube»-da yerləşdirilən həmin görüntülər həqiqət yox, qurulmuş səhnədir:

- Vallah elə bil ki, o adam kim idisə, hardansa polis paltarını tapıb geymişdi. Mən o görüntülərə bir neçə dəfə baxdım. Heç bir səbəb olmadan da sürücüyə o sözləri deyirdi. Ona görə deyirəm ki, həmin görüntülər həqiqət deyil, qurulmuş səhnədir…

POLİSİN PEŞƏ BAYRAMI…

İyulun 2-si polisin peşə bayramı günüdür. Bəlkə də bu gün heç «YouTube»dan götürülmüş həmin görüntüləri yada salmamaq da olardı. Ancaq bayram günü paytaxt küçələrində söhbət etdiyimiz bəzi insanların polisdən qorxduqlarını açıqca dilə gətirmələri istər-istəməz həmin görüntüləri yada salası oldu:

«Mən özüm polisdən qorxuram»
- Mən özüm polisdən qorxuram. Eşidirik də biri deyir cibimə nəşə atdılar, biri deyir şərlədilər. Kimə şikayət edəcəksən?

- Şükur ki, onlar var. Onlar olmasa vəziyyət dəhşətli olar…

- Polis olmasa, «svetofor» olmasa aləm bir-birinə qarışar…

- Onlardan daha çox ziyan çəkirik. Əmrə tabedirlər, yığışıb sözümüzü deməyə qoymurlar…

- Polis hakimiyyəti qoruyur, xalqı yox…

- Sabitlik, asayiş onların çiynindədir…

ƏHALİNİN 67 FAİZİ POLİSƏ ETİMAD GÖSTƏRİR?

Daxili İşlər naziri Ramil Usubov da peşə bayramı münasibəti ilə «Azərbaycan» qəzetinə verdiyi müsahibədə əhalinin onlara etimadından danışıb. Nazirin deməsinə görə, keçirdikləri rəy sorğusunda əhalinin 67 faizi bildirib ki, polisə etimad göstərirlər.

Ramil Usubovun fikrincə, vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığı ayrı-ayrı əməkdaşların ünsiyyətdə kobudluğa yol vermələrindən irəli gəlir. Nazir həmin müsahibəsində son illər daxili işlər orqanlarının maddi-texnika bazalarının yaxşılaşdırılmasından və peşəkar mütəxəssislərin irəli çəkilməsindən də danışıb.

Usubovun sözlərinə görə, əgər 1994-cü ildə daxili işlər orqanlarında orta və böyük rəis vəzifələrində ali təhsillilərin sayı 58 faiz təşkil edirdisə, indi bu rəqəm 88 faizə çatıb. Hüquqşünasların sayında da təqribən
Mahmud Hacıyev
33 faiz artım var.

POLİS ZABİTLƏRİ «POLİS HAQQINDA» QANUN» OXUYURMU?

Elmi Praktik Hüquq Mərkəzinin əməkdaşı, keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, istər maddi texnika bazanın, istərsə də ali təhsillilərin sayının artımı polis orqanlarında peşəkarlığın artdığı demək deyil. Əks halda həm işgəncə yolu ilə ifadələr almaq təcrübəsinə, həm də vətəndaşların narazılıqlarına son qoyulardı:

- Hüquq-mühafizə orqanlarının elə yüksək çinli əməkdaşı var ki, qanunu saya salmır. Mən elə zabitlər tanıyıram ki, heç «Polis haqqında» qanunu bir dəfə də oxumayıblar…

İctimaiyyətin Azərbaycan polisindən narazılıqları bir də siyasi müstəvidə özünü göstərməkdədir. «Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov deyir ki, onlar polisin cəmiyyət qarşısında əhəmiyyətini yüksək qiymətləndirirlər. Ancaq polisin siyasətlə məşğul olmasını da düzgün saymırlar. Əyyub Kərimov yada salır ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi tez-tez prezident İlham Əliyevi müdafiə etdiklərini açıqca ifadə edirlər. Halbuki, onun fikrincə, prezidentlər gəldi-gedər, xalq əbədidir. Əgər həqiqətdən də hakimiyyətin mənbəyi xalqdırsa polis hakimiyyətin yox xalqın müdafiəsində durmalıdır.
XS
SM
MD
LG