Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Nataliya Estemirovanın qətli 1 ildir açılmır


Estemirovanı taniyanlar Rusiyanın parlaq və cəsur hüquq müdafiəçisini itirdiyini deyir
Estemirovanı taniyanlar Rusiyanın parlaq və cəsur hüquq müdafiəçisini itirdiyini deyir
Onu düz bir il əvvəl Qroznıdakı evinin yaxınlığında zorla maşına mindirərək naməlum istiqamətə aparıblar. Bir neçə saatdan sonra isə İnquşetiyada başından və döş qəfəsindən güllələnmiş meyiti tapılıb.

Söhbət çeçen insan hüquqları fəalı Nataliya Estemirovadan gedir. Estemirova 2009-cu ilin 15 iyul tarixində qətlə yetirilib. Onu taniyanlar Rusiyanın parlaq və cəsur hüquq müdafiəçisini itirdiyini deyir.

O, ÖZÜNÜ İNSAN HAQLARI MÜDAFİƏSİNƏ HƏSR ETMİŞDİ…

«Human Rights Watch» təşkilatının Moskva bürosunun rəhbəri Allison Gil Estemirovanı belə xatırlayır:

«Nataşa həddən artıq parlaq insan idi, həm ağlı, həm də şəxsi xüsusiyyətlərinə, cazibəsinə görə. O, özünü insan hüquqları müdafiəsinə həsr etmişdi və çox səmimi, gözəl həmkar idi. Onda hədə-qorxu gəlinmiş insanların etibarını qazanmaq və ədalətin bərqərar olmasına yardım etmək qabiliyyəti vardı».

KREMLİN VƏDLƏRİ NƏTCƏSİZDİR


Çeçenistanda hüquq pozuntularını yorulmadan ifşa edən 50 yaşlı Estemirovanın ölümünü beynəlxalq ictimaiyyət də pisləyib. Kremlin qatilləri cəzalandıracağı ilə bağlı verdiyi vədlər isə hələ də nəticəsiz qalır.

Ötən həftə «Human Rights Watch» Rusiyanı nəticəsiz qalan istintaqa görə tənqid edib. Estemirovanın həmkarları cinayətkarların nə vaxtsa tapılıb, cəzalandırılacağına ümidini itirməkdədirlər.

Natalya Estemirova Qroznıda, 1 sentyabr 2004
Qətlə görə tədqiqatçılar indiyədək yalnız bir nəfərin adını çəkiblər –2009-cu ildə Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürülən çeçen yaraqlısı - Alxazur Başayevin.

Estemirovanın həmkarları bu fikirlə razılaşmır. İstintaq materiallarından sızan məlumata görə, Başayevə məxsus səs boğucu silahın bir hissəsi qətl törədilən yerdə və qadını qaçıran avtomobildə aşkarlanıb.

Tədqiqatçılar güman edir ki, dinc sakinlərə qarşı cinayətləri araşdıran Estemirovadan Başayev intiqam ala bilərdi. Lakin bu qiymətləndirmə, hüquq müdafiəçisinin həmkarlarını qane etmir, onlar daha yuxarıların, çeçen rəsmilərinin qətldə iştirakını istisna etmirlər.

CİNAYƏT İŞİ BAĞLANA BİLƏRMİ?

Estemirovunun işlədiyi Memorial insan haqları qrupundan Aleksandr Çerkasov :

«İrəli sürülmüş əsas versiya çox münasibdir. Qatil yaraqlıdır, deməli Rusiya Federasiyasının opponentidir. Qatil artıq ölüb, deməli məhkəməyə çıxarılmayacaq və ittihamları təkzib edə bilməyəcək. Bu həm də o deməkdir ki, cinayət işi bağlana bilər. Biz hamımız inanırıq ki, bunlar həqiqətə uyğun deyil».

ÖLÜMÜNDƏN ƏVVƏL ESTEMİROVA NƏYİ ARAŞDIRIRDI?

Estemirova Rusiya təhlükəsizlik qüvvələrinin Çeçenistanda törətdiyi hüquq pozuntularını üzə çıxaran nadir adamlardan idi.
Hüquq müdafiəçiləri çeçen rəsmilərinin qətldə iştirakını istisna etmirlər
Onun işi Çeçenistan prezidenti Ramzan Kadırovun da diqqətindən yayınmamışdı, hədəsi ilə üzləşmişdi.

Ölümündən əvvəl Estemirova Çeçenistanın təhlükəsizlik qüvvələrinin opponentləri məhkəməsiz edam etməsi və şiddətli işgəncələr verdiyini araşdırırdı.

QƏTLDƏ KADIROV GÜNAHLANDIRILIB, ÇEÇEN LİDERSƏ BUNU BÖHTAN HESAB EDİR

Estemirovanın qətlinin ildönümü Memorial qrupu ilə prezident Kadırov arasında gərginliyi yeniləyib. Memorialın direktoru Oleq Orlov Kadırovu Estemirovanın qətlində iştirakda günahlandırıb. Bu isə çeçen liderin onu böhtana görə məhkəməyə verməsi ilə nəticələnib.

Cinayət işinə xitam verilsə də, məhkəmə Orolov və Memorialın Kadırova vurduğu mənəvi ziyana görə 2 min 200 dollar təzminat ödəmək qərarı verib.

Kadırov bu yaxınlarda televiziya ilə çıxışında Memorialı «xalqın, qanunun və dövlətin düşməni» adlandırıb. Prezidentin sözçüsü bu bəyanatda hədə-qorxu olmadığını desə də, Memorial qrupu fəallarına qarşı zorakılıqların güclənəcəyini hesab edir.

Tərcümə etdi: /Sevinz Hüseynzadə/
XS
SM
MD
LG