Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Müxalifətçilər bu dəfə məhkəməyə üz tutur


 Sərbəst toplaşmaq və azad seçki tələbi ilə müxalifətin iyulun 31-də keçirdiyi aksiyada 10 nəfər inzibati qaydada həbs olunmuşdu
Sərbəst toplaşmaq və azad seçki tələbi ilə müxalifətin iyulun 31-də keçirdiyi aksiyada 10 nəfər inzibati qaydada həbs olunmuşdu
Müxalifətin iyulun 31-də keçirdiyi etiraz aksiyasında iştirak elədiklərinə görə 7 gündən 10 günə qədər həbslə cəzalandırılan müxalifətçilərdən yarısı cəzasını çəkib azadlığa çıxıb. Ancaq əvvəlki mitinqlərdə saxlananlardan fərqli olaraq bu dəfə müxalifətçilər məhkəməyə müraciət edəcəklər.

«ÜSTÜNDƏ NAMAZ QILDIĞIM QƏZETLƏRİ TƏPİKLƏDİLƏR»

Onlardan biri cəbhəçi Məhəmməd Məcidli deyir ki, məhkəməyə üz tutmalarının səbəbi saxlandıqları Binəqədi təcridxanasında təhqir olunmaları olub:

«Avqustun 2-də səhər-səhər indiyə qədər adını və vəzifəsini bilmədiyimiz mülki geyimli şəxs təcridxana rəisinin müavini ilə içəri girdi. Yanında 2 polis də vardı. Birinci mənim saxlandığım yerə daxil oldu. Mən yerə qəzet salıb namaz qılırdım. Gözləmədiyim halda qəzetləri təpiklədi. Müxalifətin ünvanına dil ilə deyiləsi mümkün olmayan təhqiramiz ifadələr söylədi. Bunlar belədirlər, bunlar güllələnməlidirlər, bunlar bizdən yaxşı yaşayırlar və s. Həmin şəxs rəis müavinini də tənqid edirdi ki, siz bunlara xoş münasibət göstərirsiniz. 10 dəqiqəlik havaya çıxanda qərara gədik ki, etiraz olaraq aclıq aksiyası keçirək».

«MÜLKİ GEYİMLİLƏR BİZİ DƏ, TƏCRİDXANA RƏHBƏRLİYİNİ DƏ TƏHQİR ETDİ»


8 sutkalıq cəzasını Binəqədi saxlanma təcridxanasında çəkən AXCP Neftçala rayon təşkilatının sədri Əflatun Bəhramzadə təcridxanadan dünən gecə çıxıb. O deyir ki, təcridxananın əməkdaşları onlarla yaxşı rəftar edirmiş. Ancaq sözügedən naməlum şəxs gəlib onları təhqir edəndən sonra məhkəməyə müraciət etmək qərarına
Ehsan Zahidov
gəliblər:

«Təcridxana əməkdaşları mədəni idilər. Bizimlə də yaxşı rəftar edirdilər. Bu mülki geyimli gəlib bizi söyüb təhqir elədi. O deyirdi ki, niyə bizi yaxşı şəraitdə saxlayırlar. Bizi də, oranın rəhbərliyini də təhqir elədi. Deyirdilər, həmin adam guya Bakı şəhər Baş Polis İdarəsindən gəlib, ancaq kim olduğunu bilmədik».

Müxalifətçilər aclıq aksiyası keçirəndən sonra İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da təcridxanada olub. Onların şikayəti ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Elçin Behbudov deyir ki, hələ müraciətinə cavab verilməyib:

RƏİS TƏCRİDXANA RƏHBƏRİNİ DANLAYIRMIŞ?


«Nazirə göndərmişəm. Hələ bir xəbər yoxdur. Bu məsələni mən özüm də araşdırıram. Həmin adam kim ola bilər ki? Təcridxanaya yoldan keçən adam girmir ki. Adi adam da ora girə bilməz. Ola bilər, nazirliyin təcridxanaya baxan rəhbər işçilərindən biri olub. Mən rəisə, Nazim müəllimə deyəndə, rəis dedi ki, o onları yox, məni təhqir edir. Mənim rəisimdir, məni danlayır. Müxalifətçilər isə deyirdi ki, kameraya girib bizi təhqir eləyirdi».

MÜXALİFƏTÇİLƏRİN UYDURMASI...

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənləri müxalifətçilərin uydurması adlandırır:

«Onları nəyə görə təhqir eləməlidirlər ki. Məhkəmənin hökmü ilə cəzalandırılıblar. Özlərindən uydurublar, yalandır».

31 iyul aksiyasında saxlananlar
O ki qaldı Elçin Behbudovun daxili işlər nazirinə müraciətinə, Ehsan Zahidov bundan məlumatı olmadığını bildirdi.

ŞİKAYƏT ŞİKAYƏT DALINCA OLACAQ

Vəkil Əsədəli Mustafayev isə deyir ki, bu məsələ ilə bağlı müxalifətçilərin hamısı cəzasını çəkib çıxandan sonra məhkəməyə müraciət edəcək. Ayrıca toplaşma azadlığının pozulması ilə bağlı apelyasiya şikayəti verəcəklər:

«Toplaşma, müdafiə, şəxsi toxunulmazlıq hüquqlarının pozulması praktik olaraq sübut olunur. Apelyasiya instansiyasından sonra bu haqda Avropa Məhkəməsinə müraciət edəcəyik. Bu adamlar dinc nümayişdə iştirak edib, əvvəlcədən də bu nümayiş haqqında dövlət orqanları xəbərdar edilib. Heç bir qanun pozuntusuna yol verməyən şəxsin tutulması Konvensiyanın 5-ci maddəsinin pozuntusudur. Bu şəxslər nədən ötrü tutulduqlarını da bilmirlər. Bu da şəxsi toxunulmazlıq, azadlıq hüququnun təsbit olunduğu maddənin pozuntusu deməkdir. Paralel olaraq da 11-ci maddənin - sərbəst toplaşmaq hüququnun pozuntusudur».

Sərbəst toplaşmaq və azad seçki tələbi ilə müxalifətin iyulun 31-də keçirdiyi aksiyada 10 nəfər inzibati qaydada həbs olunmuşdu. Onlardan 7 nəfəri 10, 1 nəfəri 8, 2 nəfəri 7 sutka həbslə cəzalandırılmışdı. Həbs olunmuş müxalifətçilərin yarısı təcridxanadan çıxıb, qalanları isə avqustun 11-də çıxacaq.
XS
SM
MD
LG