Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

«Naxçıvanda kim kimi seçir, necə seçirlər...»


Naxçıvanda 18 mart referendumu
Naxçıvanda 18 mart referendumu
Müxalifət partiyaları noyabrda keçiriləcək parlament seçkilərində Naxçıvanda yerləşən 7 dairənin hamısından öz namizədlərini irəli sürməyə çətinlik çəkirlər. Onlar bunu muxtar respublikadakı ictimai-siyasi vəziyyətlə izah edirlər.

Seçkiyə vahid blokda qatılan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyası birlikdə Naxçıvanın 7 dairəsindən 4-də vahid namizəd irəli sürüb. Ümid və Azərbaycan Demokrat Partiyalarının təmsil olunduğu Qarabağ bloku da eyni sayda namizədlə seçkiyə qatılır. İki müxalif blokun namizədləri üç dairədə bir-birinə rəqib olacaq.

Naxçıvandakı 3 saylı Babək-Kəngərli və 7 saylı Ordubad-Culfa dairələrində isə müxalifətin kimin namizədliyini irəli sürəcəyi məlum deyil. AXCP-Müsavat blokunun 3, 5 və 7 saylı dairələrdə namizədi yoxdur. Qarabağ bloku isə 5 saylı Şahbuz-Babək dairəsindən namizədini irəli sürüb.

Hakim Yeni Azərbaycan Partiyası namizəd siyahısını hələ açıqlamayıb. Amma müxalifət partiyaları indidən, rəqib namizədlərin adı bəlli olmasa da, Naxçıvanda mübarizənin digər bölgələrə nisbətən daha gərgin keçəcəyini deyir.

«NAXÇIVANDA ORTA ASİYADAKI REJİMLƏRDƏN BİRİ YARANIB»

Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Naxçıvanda siyasi durumu ağır adlandırır:

«Naxçıvanda təqribən Orta Asiyadakı rejimlərdən biri yaranıb. Vasif Talıbovun rəhbərliyi ilə orada xüsusi rejim yaranıb və orada mübarizə aparmaq həddindən artıq çətindir. Amma hətta bu şərtlər daxilində də bizim 4 dairədə namizədlərimiz mübarizə aparacaq».

Müsavat Partiyası seçki qərargahının sədri Gülağa Aslanlı isə deyir ki, Naxçıvanda seçicilər başqa bölgədəkilərdən passivdir.

«Namizədlər və seçicilər o ərazidə çox passivdirlər. Bunu bütün seçkilərin nəticələri göstərir ki, orada seçicilər seçkidə iştirak eləmir. Naxçıvan əhalisinin verdiyi məlumata görə, onlarla kənd var ki, həmin kəndin əhalisi ya Türkiyədə, ya İrandadır. Çörək dalınca gedib, işləmək məcburiyyətindədir. Seçki günü həmin kəndlərdə on-on beş adam olmasına baxmayaraq, seçki bülletenlərində həmin siyahıda olanların 90 faizinin səs verməsi göstərilir. Bu saxtakarlığı görən insanların seçkiyə heç bir inamı qalmır».

Ümid Partiyasının sədri İqbal Ağazadə də deyir ki, Naxçıvanda ictimai-siyasi vəziyyət dəyişməsə, seçkilərə maraq artmayacaq:

«Naxçıvandakı mövcud ictimai-siyasi vəziyyət və siyasi partiyaların durumu mahiyyət etibarilə seçki marafonunu maraqsız və rəqabətsiz hala gətirib.
İqbal Ağazadə
Hakimiyyətin orada yaratdığı şərait, hakimiyyətin münasibəti buradakından ağırdır. Burada da vəziyyət o qədər yaxşı deyil, orada daha ağırdır».

Naxçıvandan parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar da seçki ilə bağlı planları açıqlamırlar. Naxçıvan şəhər 4 saylı dairədən deputat seçilmiş Eldar İbrahimov namizədliklə bağlı münasibət bildirmək istəmədi.

QƏLƏMƏ GÖRƏ RƏĞBƏT


Ordubad-Culfa seçki dairəsindən deputat seçilən xalq yazıçısı Əkrəm Əylisli isə qarşıdan gələn seçkilərdə nə edəcəyini bilir:

«Bu seçkilərdə namizədliyimi irəli sürməyəcəyəm. Naxçıvanda necə seçirlər, kim kimi seçir, gözəl bilirsiz. Mənə şəxsən heç kim mane olmasa məni camaat seçər. Hər halda qələmə görə rəğbət bizim camaatda mümkündür. Arxayınam ki, ötən çağırış Naxçıvandan seçilən deputatların hamısı bu seçkidə də deputat olaraq qalacaqlar. Bircə məndən savayı».

Deputat hazırkı parlamentin işi barədə də fikirlərini bölüşdü:

Əkrəm Əylisli
«Mən hiss elədim ki, o parlamentdə lazım deyiləm. Nəyə görə lazım deyiləm. Doğru söz demək istəyirəm ona görə lazım deyiləm, oradakı ruhi-mənəvi vəziyyət məni qane etmədi, ona görə lazım deyiləm. Mən həqiqəti deyə bilərəm ki, oranı bir az olduğundan yüksək bilirdim. Mən təsəvvür eləmədiyim gözlənilməzliklər oldu. Elə gözlənilməz şeylər oldu ki, mən onları parlamentin qapısından girməmiş heç təsəvvür də edə bilməzdim. İnsanlar orada çox maskalanmış vəziyyətdə yaşayırlar. Mən də maska arxasındakı insanın sifətini görürəm axı. Bunu görürəm, mənə əziyyət verir».

Hazırda Naxçıvan Muxtar Respublikasını Milli Məclisdə bu şəxslər təmsil edir: Vasif Talıbov, İsa Həbibbəyli, Səttar Mehbalıyev, Eldar İbrahimov, Siyavuş Novruzov, İsmayıl Hacıyev, Əkrəm Əylisli.

MSK-nın məlumatına görə, 2008-ci il prezident seçkisində səsverməyə qatılanların 100 faizə yaxını hazırkı prezident İlham Əliyevə səs verib.
XS
SM
MD
LG