Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Eynulla Fətullayev aclıq aksiyasına başlayır


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Eynulla Fətullayev oktyabrın 19-dan azad olunana qədər müddətsiz aclıq aksiyasına başlayır. O, jurnalistləri bu kampaniyada ona dəstək olmağa çağırıb»

Bunu AzadlıqRadiosuna müsahibəsində həbsdəki jurnalist Eynulla Fətullayevin vəkili Elçin Sadıqov deyib.

Avropa İnsan Haqları Məhkəməsi «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev barəsində yekun qərarını açıqlayıb. Məhkəmə bu il aprelin 22-də verdiyi əvvəlki qərarı qüvvədə saxlayıb. Yəni, Eynulla Fətullayev dərhal azad edilməli və ona 28 min avro təzminat ödənilməlidir. Azərbaycan əvvəlki qərarla razılaşmayaraq Məhkəmənin Yuxarı Palatasına şikayət vermişdi.

Elçin Sadıqov deyir ki, Avropa Məhkəməsinin qərarı onlar üçün gözlənilən idi:

«Ancaq biz gözləyirdik ki, bu qərar daha tez qəbul oluna. Ancaq 3 ay ərzində qəbul olunması da bizi sevindirir».

- Elçin bəy, indi nə gözləmək lazımdır, növbəti mərhələ nədir?

- Azərbaycanın şikayət verməsinin əsas və yeganə məqsədi qərarın icrasını yubatmaqdır. Qərar qüvvəyə minəndən sonra dərhal icra olunmalıdır. Gözləyirik ki, dövlət bu qərarı dərhal icra etsin.

- Bu qərardan şikayət vermək olarmı?

- Bu qərar tamamilə qətidir və ondan şikayət verilə bilməz... Qərarın icra olunması ilə bağlı 3 aylıq limiti Azərbaycan dövləti tükədib, 3 ayın yekununda şikayət verib. Bu 3 aylıq müddət yekunlaşdığından qərar Azərbaycan dövləti tərəfindən dərhal yerinə yetirilməlidir.
Elçin Sadıqov
Prosedura ondan ibarətdir ki, Ali Məhkəmə plenumu işə baxmalı və əvvəlki məhkəmə aktlarını ləğv etməlidir.

- Hazırda yerli məhkəmədə Eynulla Fətullayevin narkotik maddə saxlama ittihamı ilə daha bir işi davam edir. Belə olan təqdirdə Avropa İnsan Haqları Məhkəməsinin qərarı icra oluna bilərmi?

- Ümumiyyətlə, hökm yalnız qanuni qüvvəyə minəndən sonra icra olunmalıdır. Şəxs barəsində həbs-qətimkan tədbiri yoxdursa, hökm qanuni qüvvəyə minməyibsə, o, həbsə alına və həbsdə saxlana bilməz. Ali Məhkəmə qərar qəbul etsə, Eynulla Fətullayev dərhal azad olunmalıdır. Çünki onun barəsində nə qanuni qüvvəyə minmiş hökm, nə də həbs-qətimkan tədbiri mövcuddur.

- Bu məsələ ilə bağlı hansı yeniliklər var?


- Narkotik ittihamı üzrə iş Qaradağ rayon Məhkəməsinə qaytarılıb. Biz protokollarla tanış olmaq üçün Apelyasiya Məhkəməsində vəsatət qaldırmışdıq. Apelyasiya Məhkəməsi vəsatəti təmin etdi və protokollara verdiyimiz qeydlərə Qaradağ rayon Məhkəməsində baxılmalıdır. Prosesi oktyabrın 14-nə təyin etmişdilər, bizə isə heç bir məlumat verməmişdilər... Belə bir məlumat verilmədiyi üçün biz orda iştirak edə bilmədik. Gözləyirik ki, məhkəmə bizə bildiriş göndərsin və biz proseslərə iştirak edək.

- Lap Eynulla Fətullayev azad olunsa belə, narkotik işi üzrə onun barəsində təzədən həbs-qətimkan tədbiri seçilə bilərmi?

- Bunun üçün hüquqi proseduralar yoxdur. Həbs-qətimkan tədbiri bir istintaq altında, bir də məhkəmə hökmü ilə seçilə bilər. Ancaq hökm artıq verilib, Qaradağ rayon Məhkəməsinin isə həbs-qətimkan tədbirinin seçilməsi barədə heç bir qərarı yoxdur...
XS
SM
MD
LG