Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:30

MSK-ya görə 38 faiz artıq səs verib /saat 12:00-15:00/



SEÇKİ PROSESİNİ FOTOLARDA İZLƏYİN

Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, saat 3-ə qədər ölkə üzrə seçicilərin artıq 37,96 faizi səs verib. Bu 1,8 milyondan artıq seçici deməkdir.

Məlumata görə, ən fəal dairə - 14 saylı Xəzər 2-ci dairəsidir. Orada saat 3-ə qədər seçicilərin 61,3 faizinin səs verdiyi bildirilir.

MÜŞAHİDƏÇİLƏR GİLEYLƏNİR

17 saylı Yasamal 3-cü seçki dairəsinin 12 və 13 saylı məntəqələrində məntəqə sədrləri müşahidəçilərin secicilərin sənədinə baxmasına, seçkinin gedişini izləməsinə imkan vermirlər.

Bunu həmin məntəqələrdə olmuş AzadlıqRadiosunun müxbiri Kəbiram Dilavərli xəbər verir.

15 saylı Yasamal Seçki dairəsinin 20- və 21 saylı məntəqələrində də müşahidəçilər eyni problemlə üzləşiblər.

Müxbirimizin məlumatına görə burda vəziyət daha pisdir, seçkinin gedişini izləyən müşahidəçilər boylana-boylana qalıblar.


YAP AÇIQLAMA VERDİ

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti məlumat yayıb. Açıqlamada deyilir ki, 7 noyabr parlament seçkisinin gedişini yaxından izləyən Yeni Azərbaycan Partiyasının müşahidəçiləri ciddi qanun pozuntusuna rast gəlməyiblər.

YAP bildirir ki, səsvermə anından etibarən müxalifət partiyalarının səsvermə prosesində guya hansısa qanun pozuntularına yol verilməsi barədə yaydıqları məlumatların araşdırılması nəticəsində onların heç birinin həqiqətə uyğun olmadığı aşkarlanıb.

Partiyanın məlumatlında göstərilir ki, müxalifət partiyalarının, xüsusən də “AXCP-Müsavat” seçki blokunun müşahidəçilik missiyası ölkə üzrə bütün səsvermə məntəqələrinin çox az bir hissəsini əhatə edir. Xüsusilə paytaxtdan kənarda seçki dairələri üzrə səsvermə məntəqələrində müxalifət müşahidəçiləri çox zəif təmsil olunub, bir çox dairələr üzrə isə yox dərəcəsindədir.

YAP hesab edir ki, seçkilərdə iştirak edən müxalifət partiyalarının və namizədlərinin müşahidəçiləri və səlahiyyətli nümayəndələri fəaliyyətlərini seçki prosesini izləməkdən daha çox səsvermə prosesini pozmağa, “qanun pozuntuları”na yol verilməsi barədə fikir formalaşdırmağa yönəlmiş cəhdlər etməyə, beynəlxalq müşahidəçilərə yanlış məlumatlar verməyə yönəldiblər.

MSK-YA 50-DƏN ARTIQ MÜRACİƏT DAXİL OLUB

Bu saata qədər Mərkəzi Seçki Komissiyasının (MSK) “qaynar xəttinə” 50-dən artıq müraciət daxil olub. Bunlar əsasən texniki xarakterli sorğulardır.

Bu barədə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

MƏNTƏQƏDƏ SƏSVERMƏ 30 DƏQİQƏYƏ DAYANDIRILIB


17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 19 və 20 saylı məntəqələrində səsvermə dayandırılıb.

Bu barədə AzadlıqRadiosuna həmin dairədən namizəd Bəxtiyar Hacıyevin seçki qərargahı məlumat verib.

Qərargahdan bildirilib ki, səsvermə prosesində qanun pozuntularına etiraz etdiklərinə görə müşahidəçilərlə komissiya üzvləri arasında narazılıq yaranıb. Hazırda qərargah polis nəzarəti altındadır.

Həmin dairədən başqa namizəd Qənimət Zahid isə AzadlıqRadiosuna bildirib ki, müşahidəçilər məntəqədə «karusel» əməliyyatını protokollaşdırarkən onlarla seçki komissiyasının üzvləri arasında narazılıq yaranıb. Məntəqədə səsvermə dayandırılıb. Məntəqə sədri polis çağırıb.

Müşahidəçi Şəmsi Qəhrəmanov polis vasitəsilə seçki məntəqəsindən uzaqlaşdırılıb. Bundan sonra səsvermə bərpa olunub. Qənimət Zahidin deməsinə görə, bütün bunlar 30 dəqiqəyə yaxın davam edib.

17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin sədri Qədir Kərimov AzadlıqRadiosunun telefon zənglərinə cavab vermir.

“MÜŞAHİDƏÇİLƏR POLİS GÜCÜNƏ MƏNTƏQƏDƏN UZAQLAŞDIRILIB”


“Qarabağ” seçki blokunun 29 saylı Səbail seçki dairəsindən namizədi Sadiq Həsənovun məlumatına görə, 16 saylı məntəqədə saxtakarlığa etiraz edən müşahidəçilər polis gücünə oradan uzaqlaşdırılıb. Eləcə də “karusel” əməliyyatına başlanılıb və bu prosesə Azərbaycan Pedaqoji Universitetinin tələbələri cəlb olunub.

29 saylı Səbail seçki dairəsinin katibi Nazim Kətanov AzadlıqRadiosuna bildirib ki, deyilənlər əsassızdır:

“Bizdə olan məlumata görə, deputatlığa namizəd Həsən Kərimov özü “karusel” əməliyyatı aparır”.

“AXCP-Müsavat” seçki blokunun 29 saylı dairədən vahid namizədi Həsən Kərimovun deyilənlərə münasibəti belə oldu:

“Mən bu boyda şərəfsizlik və ləyaqətsizlik görməmişdim. Mənim adamım hardaydı ki, “karusel” keçirəydim. Bir də mənim “karusel”ə nə ehtiyacım var?...Əksinə AXCP sədrinin müavini Nurəddin Məmmədli özü görüb ki, üç məntəqədə, o cümlədən 16 saylı məntəqədə APİ-nin tələbələri və Neftçaladan gətirilən seçicilər “karusel”də iştirak edirlər”.

BİR NEÇƏ MÜŞAHİDƏÇİ MSK-YA ŞİKAYƏT EDƏCƏK


Azadlıq Radiosunun müxbiri 23 saylı Nəsimi-Səbayel seçki dairəsindən xəbər verir ki, dairənin 21 saylı məntəqəsində bir neçə müşahidəçi onlara səsvermə prosesini normal izləməyə icazə verilməməsindən şikayət edir.

İnsan Naminə Seçki Blokundan müşahidəçi olan İradə Əliyeva müxbirimizə bildirib ki, məntəqəyə onlara şübhəli görünən “bir topa adam” gəlib. “Amma bizə onları müşahidə etməyə, həqiqətən 21 saylı məntəqədə səs vermə hüquqlarının olub-olmadığını aydınlaşdırmağa imkan verilmədi”.

İradə Əliyeva deyib ki, “İnsan naminə” və AXCP-Müsavat Seçki bloklarının müşahidəçiləri, eləcə də bir nəfər bitərəf müşahidəçi faktla bağlı akt tərtib ediblər və şikayətlərini öz seçki qərargahlarına göndəriblər. “Oradan həmin şikayətlər Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.

21 saylı məntəqənin sədri Eldəniz Əhmədov deyilənləri təkzib edib. Onun sözlərinə görə, belə bir pozuntunun baş verməsi mümkün deyil, “çünki məntəqə seçki komissiyasının üzvləri arasında təkcə YAP-dan yox, digər partiyalardan da müşahidəçilər var. Onlar da prosesi izləyirlər”.

POZUNTU AŞKARLAYAN AZADLIQRADİOSUNUN MÜXBİRİNƏ TƏZYİQ EDİLDİ

Azadlıq Radiosunun müxbiri Nüşabə Fətullayeva 16 saylı Yasamal 2-ci seçki dairəsinin 14 saylı məntəqəsində Ordubadda qeydiyyatda olan şəxsin səs verməsinin şahidi olub və bunu videogörüntüyə alıb.

Məntəqə seçki komissiyası üzvlərindən bu halı izah etməsini istəyəndə, komissiya üzvləri müxbirə qarşı təzyiq göstərib, əvvəl onu böhtanda günahlandırıblar. Daha sonra məntəqədə gizli çəkiliş aparmasını əsas gətirərək kadrların silinməsini tələb ediblər, buna nail olmayanda isə polis çağırıblar.

Qeydiyyatda olmayan şəxsə niyə bülleten verildiyi barədə izaha cavab tapmayan məntəqə seçki komissiyasının üzvləri Nüşabə Fətullayevanı DSK sədri Sədaqət Seyidzadə gələnə qədər məntəqəni tərk etməyə qoymayıblar.

DSK sədri gəldikdən və radionun Bakı bürosunun rəhbərliyi ilə telefonla əlaqəsi saxladıqdan sonra Nüşabə Fətullayevanın hərəkət azadlığı təmin olunub. Komissiya üzvlərinin təkidlərinə baxmayaraq, AzadlıqRadiosunun müxbiri videogörüntülərin silinməsinə imkan verməyib.

VİDEO reportajları izləyin.

SUMQAYITDA «KARUSEL»

43 saylı Sumqayıt Seçki Dairəsinin 27, 28 və 29-cu məntəqələrində bir dəstə qadın səs verib çıxandan sonra yenidən içəri girib səs verir.

Bu məntəqədə olan AzadlıqRadiosunun müxbiri İlqar Rəsul bu «karusel» əməliyyatının bir neçə dəfə şahidi olub. Qadınlar və məntəqələrdəki seçki komissiyası isə karusel faktını inkar ediblər.

«DAİRƏNİN FƏRQİ YOXDUR, SƏS VERİN»


- Hansı seçicidən soruşsan ki, bülletenini göstər, baxırsan ki, həmin dairə deyil. Saat 10-dan müəllim məktəbin qabağında durub gözləyir. Axşam zəng vurdular ki, 4 nömrəli məktəbin qabağına gəlin, saat 10-da səs verin. Onlara bildirdim ki, o, mənim dairəm deyil, dedi fərqi yoxdur, bülleten veriləcək, səs verin atın qutuya.

- Səs verdiniz?


- Yox, mən getmədim, düzgün deyil. Hər müəllimə tapşırıblar ki, 10 nəfər valideyn gətirin.

Nuridə xanımın oğlu Gəncə şəhər 4 saylı məktəbdə təhsil alır. Deyir ki, axşam sinif müəlliməsi (müəllimin adını çəkmək istəmir) valideynlərə zəng edib deyib ki, məktəbdən göstəriş verilib ki, hər bir valideyn hansı dairədə qeydiyyatda olmasına baxmayaraq gəlib mütləq məktəbdə səs verməlidir.

Məktəbin qarşısında bir-biri ilə söhbətləşən valideynlər də adlarını deməyə çəkinsələr də müəllimin göstəriş verməsini təsdiqlədilər.

- Səsverməyə gəlmisiniz?

- Bəli

- Burda qeydiyyatdasınız?

- Elə hansı olsa, dedilər gəl burda səs ver.

- Uşağınız burda təhsil alır?

- Hə, 4 saylıda.

Valideyn Vüsalə ilə qısa söhbət etdik:

- Neçə saylı dairədə qeydiyyatdasınız?

- 37 saylıda.

- Bəs niyə burda səs verisiz?

- Oğlum burda oxuduğu üçün valideyn kimi burda səs verməyə çağırıblar. Neyləyək uşağımızın xatirinə məcburuq.

- Siz valideynsiz?

- Bəli.

- Burda səs verdiz? Qeydiyyatdasız?

- Bəli

- Valideynlər deyir müəllimlər göstəriş verib ki, burda səs verin. Müəllimə, bu düzgündür?

Danışdığım bu sonuncu valideynin yanındakı müəllimə danışır, ancaq ad-soyadını deməkdən imtina edir:

- Həm valideyndir, həm də seçici, elə şey ola bilməz. Özü səs verir. Şəxsi işidir.

Gəncə şəhər 38 saylı dairənin 4 saylı məktəbdə yerləşən 5 saylı məntəqəsinin sədri İntizar Məmmədova isə faktı təkzib edir.

- Saat 10-a 120 nəfər məlumat vermişik. 38 saylı dairənin 5 saylı məntəqəsi 4 saylı məktəbdə yerləşir.

- Bir neçə valideynlə danışmışam məktəbin həyətində bildirirlər ki, bizə göstəriş verilib ki fərqi yoxdur hansı dairədə qeydiyyatdasınız, gəlin səs verin.

- Xeyr, elə bir şey yoxdur, qətiyyən elə göstəriş ola bilməz.

SAAT 12-YƏ OLAN MƏLUMAT: SEÇİCİLƏRİN İŞTİRAK FAİZİ 24.06%

Saat 12.00-a olan məlumata görə parlament seçkilərində seçicilərin 24.06 %-i iştirak edib.

Respublika üzrə səsvermədə 1.190 033 seçici iştirak edib.

Lider yenə də 1 saylı Şərur-Sədərək seçki dairəsidir. (41.29 %)

Seçicilərin ən zəif iştirakı 22 saylı Nəsimi İkinci Seçki Dairəsindədir - 7.79 faiz. (3212 nəfər)

BÜLLETENLƏR KOMİSSİYA SƏDRİNİN ƏLİNƏ YAPIŞIB

İki seçici bir kabinədə

Deputatlığa namizəd Cəmil Həsənlinin seçki qərargahı məlumat verir ki, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin bir neçə məntəqəsində qanun pozuntularına yol verilib.

Əvvəla 14 məntəqədə komissiya sədrləri bülletenləri saymağa icazə verməyib.

Bundan başqa, 29 və 31 saylı qapalı səsvermə məntəqələrində məhkumlara və hərbçilərə göstəriş verilib ki, seçki bülletenindəki altıncı namizədə səs versinlər.

Daxili Qoşunda xidmət edənlərin səs verdiyi 30 saylı məntəqənin qarşısında da əsgərlərə eyni göstəriş verildiyi deyilir.

3 saylı seçki məntəqəsində komissiya sədri Qurban Həsənov burda qeydiyyatda olmayan seçicilərin səs verməsinə imkan yaradıb.

11-ci məntəqə seçki komissiyasının sədri Şölə İbrahimova isə bir seçiciyə üç bülleten verərkən müşahidəçilər tərəfindən saxlanılıb. O, bunu bülletenlərin əlinə yapışması ilə izah edib.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin sədri Qabil Kərimov AzadlıqRadiosuna bu məlumatların böhtan olduğunu bildirib:

«Heç bir qanun pozuntusu yoxdur. Əksinə, 29 saylı qapalı məntəqədə Cəmil Həsənlinin müşahidəçilərindən biri məhkum seçicini təxribata çəkməyə cəhd göstərib».

MSK KATİBİ: “BÜTÜN ŞƏRAİT YARADILIB”

“Seçicilərin öz iradələrini azad ifadə etməsi üçün yaradılan şərait öz bəhrəsini verib. Hesab edirik ki, indiyə qədər görülən işlər bu məqsədlə həyata keçirilib”.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov AzadlıqRadiosunun seçkilərin gedişatı ilə bağlı sualını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, məntəqələrdə demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb:

“İnsanların öz iradələrini ifadə etməsi üçün onlara həm məntəqələrdən kənarda, həm də daxildə yaradılan şərait öz bəhrəsini verib və indiyə qədər seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə əsas verən nəticələr əldə olunub”.

Natiq Məmmədov seçki prosesi zamanı kiçik pozuntuların ola biləcəyini istisna etməsə də, bu vaxta qədər MSK-ya şikayətin daxil olmadığını deyib:

“Hər hansı bir şəxs nədənsə narazıdırsa və narazılığın aradan qaldırılmasını istəyirsə, hansısa şəxs nədənsə şübhələnirsə, onu şikayət kimi qəbul etmək bir o qədər əsaslı deyil. Amma indiyə qədər sevindirici məqam odur ki, prosesin rəvan, rahat keçdiyi bildirilir”.

POLİSLƏR MÜŞAHİDƏÇİLƏRİ MƏNTƏQƏDƏN UZAQLAŞDIRMAĞA CƏHD EDİR

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 5, 6 və 7-ci məntəqələrində polis müşahidəçiləri uzaqlaşdırmağa cəhd göstərir.

Bu barədə AzadlıqRadiosuna müstəqil müşahidəçi Rüfət Hacıbəyli məlumat verib. Həmin üç məntəqə Yasamal rayonundakı 52 saylı orta məktəbdə yerləşir.

Müşahidəçi deyir ki, Əlibayramlı, Ağdaş, Zaqatalada rayonlarında qeydiyyatda olan seçicilər kütləvi şəkildə məntəqəyə gətirilib və seçki komissiyasının üzvləri onlara bülletenlər veriblər. Başqa rayonlardan gətirilən seçicilər bülletenləri seçki qutularına atandan sonra müşahidəçilər onların şəxsiyyət vəsiqələrinin foto və videolarını çəkiblər. Bu da məntəqə sədrinin və seçki komissiyası üzvlərini narahat edib. Ona görə də məntəqə sədri - 52 saylı məktəbin direktoru məntəqəyə polis çağırıb. Polislər «AXCP-Müsavat» blokunun müşahidəçilərini məntəqədən çıxarıblar.

Həmin dairədən namizədliyini irəli sürmüş İsa Qəmbərin vəkili Osman Kazımov hazırda məntəqədədir və o, müşahidəçilərin məntəqəyə qaytarılmasına çalışır.

15 saylı Yasamal birinci Seçki Dairəsinin sədri Sərdar Süleymanov AzadlıqRadiosuna bildirib ki, məntəqədə deyil və hadisədən yeni xəbər tutub. Məntəqəyə gedib baş verənlərlə tanış olandan sonra müvafiq tədbirlər görəcək.

XƏZƏR RAYONUNDA “KARUSEL”

Bakının Xəzər rayonunda yerləşən 14 saylı 2-ci seçki dairəsinin 10 və 11 saylı məntəqələrində “karusel” əməliyyatından istifadə olunub. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, 10-MP-291 nömrəli “Mercedes” markalı mikroavtobus 10 nəfərədək kişi və qadını bu məntəqələrə gətirib, onların azı 2 məntəqədə təkrar səsverməsini müxbirimiz kamerayla çəkib.

11 saylı məntəqənin sədri Baləli Hüseynovun AzadlıqRadiosuna bildirdiyinə görə, bəzən qeydiyyatsız seçicilərdən kimsə onlara yaxınlaşıb səsverməyə şərait yaradılmasını xahiş edirlər, məntəqə də bu cür seçiciləri əlavə seçici siyahısına salır.

“Karusel” əməliyyatından əvvəl müxbirimiz seçici siyahısında əlavə 20-dək seçicinin adının olduğunu müşahidə edib.

14 saylı 2-ci seçki dairəsinin 149 saylı məktəbdə yerləşən 17 saylı məntəqəsində isə bir seçicinin şəxsiyyət vəsiqəsini yoxlamadan səsverməyə buraxıblar.

NAMİZƏDDƏN MƏNTƏQƏ ÜZVLƏRİNƏ QONAQLIQ

25 saylı Nizami ikinci seçki dairəsinin 23, 24, 25 və 26 saylı məntəqələrində Dövlət Neft Şirkətinin nümayəndələri, MİS sədrləri, məktəb direktorları seçiciləri YAP-ın bu dairədən vahid namizədi Vəliyeva Sədaqətə səs verməyə təşviq edir. Seçkilərə daha çox yaşlı insanlar və dövlət müəssisələrində çalışanlar gəlir.

AzadlıqRadiosunun bu məntəqələrdə olan müxbirinin dediklərinə görə, məntəqələrdə işləyənlərə Sədaqət Vəliyevanın adından səhər yeməyi verilib. Saat 3-ün yarısında isə kabab qonaqlığı olacaq.

Məntəqələrdə yaşlı insanlarla kabinələrə ikinci şəxslər daxil olur.

BİR SEÇİCİ İKİ YERDƏ SƏS VERİB

Müxbirimiz Abbas Atilay məlumat verir ki, 29 saylı Səbail seçki dairəsində bir seçicinin iki yerdə səs verdiyini görüb.

Həmin seçici dairənin həm 17, həm də 18 saylı məntəqə seçki komissiyalarında səs verib.

ABŞ SEÇKİLƏRİ MARAQLA İZLƏYİR

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq noyabrın 7-i mətbuat üçün brifinq keçirib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq
O bildirib ki, səfirliyin 31 əməkdaşı Bakıda və bölgələrdə seçkini müşahidə edir, 45 amerikalı ATƏT-in Müşahidə Missiyasında iştirak edir. Adam Sterlinqin sözlərinə görə, ABŞ dövləti seçkiləri maraqla izləyir.

O bildirir ki, ABŞ-Azərbaycan arasında münasibətlərin dərinləşməsinə ölkədə aparılan demokratik və iqtisadi islahatlar ən yaxşı zəmanət verəcək.

Adam Sterlinq hələlik müşahidə apardıqlarını və yekun bəyanatlarını noyabrın 8-də açıqlayacaqlarını söylədi.

«BUNU DEYƏNLƏR MƏNƏ BÖHTAN ATIR»


AzadlıqRadiosunun müxbiri xəbər verir ki, səsvermənin ilk saatlarında 73 və 76 saylı Lənkəran şəhər və kənd seçki dairələrində qanun pozuntuları olub. 76 saylı seçki dairəsində namizədliyi qeydə alınmış Rahib Haşimovun dediklərinə görə, bu dairənin 5 saylı seçki məntəqəsinin sədri Nizami Məmmədov seçki bülletenlərini topa halda qutuya salır. Məntəqə seçki komissiyasının sədri isə bunu inkar edir. O deyir ki, bu saxtakarlığa ehtiyac yoxdur:

«Bunu deyənlər mənə böhtan atırlar».

KAXCP Lənkəran rayon təşkilatının sədri Azad Şəfiyev isə 73 saylı Lənkəran seçki dairəsinin 29 saylı məntəqəsində karusel əməliyyatından istifadə edildiyini bildirir. Həmin məntəqənin sədri isə deyir ki, karuselin nə olduğunu bilmir:

«Məntəqədə səsvermə qanun daxilində gedir».

SEÇKİ POZUNTULARI HAQDA XƏBƏRLƏR GƏLİR /08:00-12:00/

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG