Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:40

«6 yaşlı uşaq nə başa düşür ki, baş bağlamaq nədir»


Zəminə Əliqızı
Zəminə Əliqızı
«Bizim hicaba qadağa deyə bir mövqeyimiz yoxdur». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, bütün bunlar «Təhsil haqqında» Qanunla tənzimlənir:

BİZ HİCABIN ƏLEYHİNƏ ÇIXIŞ ETMİRİK

«Təhsil haqqında» Qanunun 14.10-cu maddəsində «hər bir təhsil müəssisəsinin məktəbli geyimi müəssisənin nizamnaməsinə uyğun tənzimlənir» deyə bir cümlə var. Təhsil Nazirliyinin də bütün şagirdlərdən bir tələbi var. Müəssisəyə, təhsil aldıqları ocağa məktəbli formasında gəlsinlər. Yəni, bizim hicaba qadağa deyə bir mövqeyimiz yoxdur. Biz hicabın əleyhinə çıxış etmirik».

Zəminə Əliqızı deyir ki, tələbələrin ali təhsil müəssisələrinə hicabla gəlib-getməsinə maneə yoxdur. Orta məktəb yaşlı qızlar isə hələ baş bağlamağın mahiyyətini dərk etmirlər:

«Hesab edirik ki, 6 yaşından 16 yaşına qədər, yəni, məktəb yaşlı qızlar başın bağlanması fəlsəfəsinin mahiyyətini dərk etmirlər. Onlara bunu dərk edənə qədər şərait yaratmaq lazımdır. Onların təhsil alması üçün maksimum şərait yaratmaq lazımdır».

BU NƏ DİNİN TƏLƏBİDİR, NƏ DƏ...

Zəminə Əliqızı deyir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdlərin hüquqlarını müdafiə edir. O ki qaldı onların məktəbə buraxılmamasına, sözçü deyir ki, bunun arxasında maraqlı qüvvələr durur:

Bunun arxasında dayanan maraqlı qüvvələr var
«Bakının təhsil müəssisələrində təhsil alan başıbağlı şagirdlərin böyük əksəriyyəti ibtidai sinif şagirdləridir. Yəni, 9 yaşı tamam olmayan uşaqlar. Bu nə dinin tələbidir, nə də burda hüquqdan söhbət gedə bilər. 6 yaşlı uşaq nə başa düşür ki, baş bağlamaq nədir. O nə dərəcədə naməhrəmdir ki, kənardan baxanlar da naməhrəm gözü ilə ona baxsınlar. Bunun arxasında dayanan maraqlı qüvvələr var. Biz o qüvvələri təhsil ocaqlarına buraxmırıq. 6 yaşlı uşağın təhsil almaq hüququ var, bu hüququ kimsə poza bilməz. Bu hüququ dövlət təmin edir. Əgər onun valideyni bunu məcbur edirsə, biz dövlət olaraq o uşağın hüququnun müdafiəsinə qalxırıq ki, bu uşaq təhsil almalıdır. Başıbağlı məktəbə gəlməli deyil».

ƏKS HALDA GƏLƏCƏYİMİZ SAVADSIZ OLACAQ

Zəminə Əliqızı deyir ki, qızları dərsə buraxmayanlarla mübarizə aparmaq lazımdır. Əks halda gələcəyimiz savadsız olacaq:

«Bu millətin gələcəyi olan, gələcək anaları olan qızları mütləq təhsil almalıdırlar. Ən azı icbari təhsil almalıdırlar. İcbari təhsil məcburidir bu ölkədə. Amma hətta Bakının Xəzər və Sabunçu rayonlarının bəzi qəsəbələrində orta siniflərdə qızları dərsə buraxmırlar. Bunlara qarşı mübarizə aparmaq lazımdır».

XS
SM
MD
LG