Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Yeni Novruzluya köçənlər də narazıdır, köçməyənlər də


Noyabrın 1-də Saatli rayonunda prezidentin iştirakı ilə açılan Yeni Novruzlu qəsəbəsinə televizorda baxanlar yeni evlərin içindəki əşyaları görüb sevinmişdi. Sevinənlər Kür çayının daşmasından zərər görən kəndlilər idi. Çünki əksəriyyətinin evinə, əşyalarına böyük ziyan dəymişdi. Prezident də bildirmişdi ki, daşqın qurbanları üçün keyfiyyətli materiallardan geniş, rahat, yeni daş evlər tikilib:

«Bu gün bu gözəl evlərdə yaşamaq üçün bütün şərait vardır. Mən əminəm ki, burada insanlar xoşbəxt yaşayacaqlar».

QƏSƏBƏDƏ EVLƏR HƏLƏ DƏ BOŞDUR


İlham Əliyevin açılışında iştirak etdiyi qəsəbədə 178 ev inşa edilib və əsasən Novruzlu kəndliləri, həmçinin Dəllər, Nərimankənd və Musalı kəndlərinin sakinləri üçün nəzərdə tutulub. İndiyə qədər qəsəbənin 60-70 faizi məskunlaşıb. Evlərin bütün şəraitlə təmin olunduğu deyilsə də, rəsmilər istilik sisteminin olmaması və soyuq hava şəraitinə görə, evlərin bir hissəsinin hələ də boş qaldığını deyir.

Bəs kəndlilər yeni salınan qəsəbədəki evlərdən razıdırlarmı? Doğrudan da evlərin iddia olunduğu kimi şəraiti varmı?

«Bu dəqiqə evlər damır. Yaşamaq mümkün deyil. Dövlət də pul vermir ki. Su sayğacladır, işıq kart sistemi ilədir. Bizim gücümüz çatmır ki, onu ödəyib yaşayaq. Yağış yağanda bir də görürsən otağın küncləri islandı, damır. 5 manat pul yükləyirik ki, ancaq bir lampa yandıraq».

PREZİDENT GEDƏNDƏN SONRA BÜTÜN MEBELLƏRİ VƏ AVADANLIQLARI APARDILAR


35-40 yaşlarında olan Ağaverdinin Novruzlu kəndində evi yararsız hala düşdüyündən o da digərləri kimi ehtiyacdan ailəsi ilə birlikdə 3 km aralıdakı qəsəbəyə köçənlərdəndir. Ancaq deyir ki, imkanı olsa burada qalmaz. Çünki bir tərəfdən kənd adamına mal-qara saxlamaq üçün yer, lazımi şərait yoxdur, digər tərəfdən evləri damır, istilik sistemi olmadığından 5 nəfər bir otağa yığışmalı olub.

Soruşuruq ki, axı televiziyada göstərilən, prezidentin iştirakı ilə açılan evlərdə hər cür mebel, stol-stul vardı. Onlar necə olub? Ağaverdi gülümsəyir:

«Quru «pol» və divardan başqa evdə heç bir şey yox idi. Hər şey vardı prezident gələn ərəfədə, o da prezidentin gəlişi ilə əlaqədar idi. Bir gün sonra yığışdırdılar ki, sizə lazım deyil» .

Prezident Əliyevin baş çəkdiyi evi tapırıq. Görüb-eşitdiklərimiz isə bunlar olur:

«Hamısını apardılar nə var idisə. Bir «oboy» qaldı. Bir də karnizlər. İki evi bəzəmişdilər onu da apardılar. Bütün şəraiti vardı, mebeli və s. Hamısını boşaltdılar».

Saatlının Novruzlu kəndinin icra nümayəndəsi Oqtay Zülfüqarov isə deyir ki:

MEBEL OLMASA DA MƏTBƏXDƏ SU KRANI VAR


«Ev necə olmalıdır, evi tikib veriblər də. Başqa nə verməlidirlər ki? Mətbəx üçün müəyyən şey qoyublar, kran qoyublar su gəlir. Mebel yoxdur».

Yeni Novruzlu qəsəbəsində salınan evlərdən nəinki orda yaşayanlar, eləcə də bu evlərdən kənarda qalanlar şikayətlənir. Kəndlilərin dediyinə görə, evlər üçün onlardan rüşvət alınır:

-Prezidentimiz fərman verib ki, evləri uçanlar üçün ev tikilsin. Yoxsa pulla evləri satırlar. Hökumət pulla evləri satır.

- Vətəndaşın birinə dövlət 200 min manat xərcləyir, birinə 20 qəpik də xərcləmir. Deyir sən necə ölürsən öl.
- Hər birindən min manat pul alıb, ev verirlər. Bizə 3 ev verilməlidir, 2 ev veriblər. Elə adam var bir evi var, 2 ev verdilər. Rüşvət sayəsində alıb.
- Sizdən də pul istəyiblər?
- Bizim nəyimiz var ki...

Kənd rəhbərliyi isə rüşvətlə bağlı iddiaları təkzib edir, «böhtan» adlandırır.

«KƏNDİMİZDƏ BİR EV DƏ UÇMAYIB»


Novruzlu kənd sakini Əsədağa Həsənov isə 600 ildən çoxdur dədə-babasının yaşadığı Novruzlu kəndindən köçmək istəməyənlərdəndir. Dediyinə görə, kəndlərinin bilərəkdən boşaldılması kimlərinsə marağındadır. Çünki onun sözlərinə görə, Kür daşqını zamanı kəndlərində bir dənə də ev uçmayıb:

- Prezidentimizə yalan ifadələr veriblər ki, guya bizim kəndimizdə evlərin 70 faizi çiy kərpicdəndir. Bizim Novruzlu kəndində bir dənə də olsun çiy kərpicdən ev yoxdur. Biz yenə də yüksək vəzifəli şəxslərdən xahiş edirik ki, gəlsinlər, dövlət komissiyası təyin olunsun, baxış keçirilsin. Əgər yaşayış yeri mümkün olmadığı halda və yaxud dövlət əhəmiyyətli nə isə olacaqsa biz özümüz öz razılığımızla köçəcəyik.

Əsədağa kişi kimi söhbətləşdiyim bir çox kənd sakini bu fikri bölüşür və onlar da daşdan tikilən kənd evlərini şəhər tipli qəsəbəyə dəyişmək istəmirlər:

-Gəlin yoxlayın, o boyda kəndə baxış keçirilməyib. Gəlib yoxlamayıblar, məcbur gəlib mənim təsərrüfatım, əkinimi dağıdır.
- Yağış yağanda hamısının üstündən damır. Bütün tikdikləri evin üstündən damır.

KƏNDLİLƏRİN MƏCBURƏN KÖÇÜRÜLMƏSİ HƏQİQƏT DEYİL


Saatlının Novruzlu kəndinin icra nümayəndəsi Oqtay Zülfüqarovun dediyinə görə, kəndlilərin məcburən köçürülməsi həqiqətə uyğun deyil və yaşamaq istəyənlər kənddə də yaşaya bilər. Ancaq bir «əmması» var:

«Evlər müasir evlərdir, dədəmiz-babamız görməyən evlərdir. Heç kimə təzyiq yoxdur. Təsərrüfatımız da qalır köhnə kəndimizdə, torpağımız, heyvanlarımız. Sabahkı gündə su gəlsə, qrunt suları gəlsə, əziyyət çəkməyək».

Ancaq Novruzlu sakinləri deyirlər ki, onlar üçün 3 km aralıda yeni qəsəbə salmaqdansa, elə kənddəcə yardım edilməsi daha məqsədli olardı. Su daşqınlarına gəlincə isə suyun Kürdən deyil, Sarısu gölünün bilərəkdən kəndlərinə axıdıldığını iddia edirlər.

Ötən ilin mayından Kür çayı daşaraq ətraf rayonları basıb. Minlərlə evə ziyan dəyib. Prezident daşqının nəyicələrini aradan qaldırmaq üçün 300 milyon manat ayrılması barədə göstəriş verib.
XS
SM
MD
LG