Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

Daşqından bir il sonra


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
Kür – Araz daşqınından bir il keçməsinə baxmayaraq, Azərbaycanın su basmış bölgələrində hələ də problemlər qalmaqdadır. Zərərçəkənlərdən kimi heç kompensasiya ala bilməyib, kimi hələ də evinin tikilməyini gözləyir.

EVDƏN XƏBƏR YOXDUR

İmişli rayon sakini Gülmirə Rüstəmova «su qaçqınları»ndandır. Deyir çoxsaylı şikayətlərindən sonra 2011-ci ilin martında evinə baxış keçirilib, ancaq hələ də ev tikintisindən bir xəbər yoxdu:

«2010-cu ildə adımızı qeydiyyata saldılar. 2011-ci ildə evə baxış keçirəndə məlum olur ki, qeydiyyat yoxdur. İcra nümayəndəsi deyir ki, əcəb edib adınızı siyahıdan çıxarmışam».

Problemindən ürəkdolusu danışan təkcə G. Rüstəmova deyil. Kür Vətəndaş Cəmiyyəti Qərargahının mayın 24-də təşkil etdiyi Ümumrespublika Kür Forumunda
FHN-nin nümayəndəsi də iştirak etdiyindən, vətəndaşlar dil-boğaza qoymadan suallarını verirdilər.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Lazım Umudov diqqəti hazırda istifadəyə verilən evlərə
İstifadəyə verilən evlər, fevral 2011

çəkdi:

«İstifadəyə verilən evlər damır. Kim nəzarət edir, Elxan müəllim? Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin cəlb etdiyi tikinti şirkətləri qeyri-peşəkarlardan formalaşır. Sizi inandırım, o qədər işsiz var ki, rayonlarda. Bizim əvvəl Kəmaləddin müəllimlə razılaşmamız olmuşdu ki, yerli insanları cəlb edək ora».

EVLƏRDƏ YENİDƏN BAXIŞ OLACAQ

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Agentliyinin rəis müavini Elxan Əsədov isə bildirdi ki, komissiyalar 20-25 gün ərzində bərpa-gücləndirilmə işləri nəzərdə tutulan evlərdə yenidən baxış keçirəcəklər:

«Bu günə qədər FHN-nin xətti ilə xərclənən vəsait 152 milyon 900 min manatdır. Bu da FHN-yə ayrılmış vəsaitin 70 faizinə bərabərdir. Buna görə də narahatçılığa ehtiyac yoxdur, pullar hələ xərclənib qurtarmayıb, xərclənməkdə davam edir. Nəzərdə tutulmuş 1714 evin tikintisi artıq başa çatıb. Hazırda 133 yeni evin tikintisi başlayıb və yaxın bir həftə ərzində daha 40-a yaxın evin tikintisinə başlanılacaq».

Rövşən Ağayev

HESABATLILIQ PROBLEMİ

İqtisadçı-ekspert Rövşən Ağayev bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumatda görülən işlərin həcmi sadalansa da, yalnız əhaliyə ödənilən 15.7 milyon manat vəsait barədə informasiya verilib:

«İctimaiyyətin məlumatlandırılması, ümumiyyətlə, xərcləmələrlə bağlı hesabatlılıq və şəffaflıqla bağlı çox ciddi problemlər var. Bu problemlər nədən ibarətdir? Əvvəla hökumət xərcləmələrə vətəndaş nəzarətinin təşkilinə maraq duymayıb. Hakimiyyət orqanları ilə birlikdə monitorinq aparan vətəndaş cəmiyyəti nümayəndələrinə maneələr yaradılıb. İtkilərin hesablanması və dəyən zərərin ödənməsi ilə bağlı yaradılmış komissiyanın işində ümumiyyətlə, vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakına ehtiyac duyulmayıb».

FHN-nin nümayəndəsi E. Əsədov da informasiya qıtlığının, məlumatların vətəndaşlara çatdırılması işində çatışmazlıqların olması ilə razılaşdığını bildirdi.

YENİ DAŞQIN TƏHLÜKƏSİ VARMI?

Bu il təhlükə gözlənilmir

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı bildirir ki, daşqından bir il sonra qalan problemlər təkcə evlərin bərpası və ya tikilməsi ilə bağlı deyil, növbəti daşqınların təkrarlanmaması üçün bir sıra işlər görülməyib.

«Meliorasiya və su təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdulrəhim Hacıyev isə deyir ki, keçən ilki vəziyyət təkrarlanmasın deyə, mövcud bəndlərdə təxirə salınmaz tədbirlər həyata keçiriləcək:

«1400 km uzunluğunda bəndlərdə kompleks tədbirlər görülməsi üçün layihə hazırlanıb. Hazırda bu layihə FHN-də ekspertizadan keçirilir. Kür çayının 128 təhlükəli yerində sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulub. Lazımı vəsait də ayrılıb. Müvafiq qərarlar qəbul edilir ki, Kür çayında sular tənzimlənsin. Hazırda Şurra məntəqəsində 860 kubmetr həcmində su var. Keçən il bu vaxt 1900 kub metr idi. Yəni, keçən ilkindən 1000 kubmetr azdır, təhlükə bu il gözlənilmir».

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Agentliyinin rəis müavini E. Əsədov isə deyir ki, Hollandiyanın Azərbaycanda çalışan iki şirkəti və nazirliklərin nümayəndələri ilə birlikdə «Ölkədə suların idarə olunması üzrə Azərbaycan Respublikasının milli proqramı» hazırlanır.
XS
SM
MD
LG