Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:00

Putinin qarşısındakı 4 yol


Hərbiçilərin paradı
Hərbiçilərin paradı
Vladimir Putin Kremlə 2012-ci ildə 6 illiyə qayıdacaq. Bəs Putinin yenidən zühur etməyi nə cür siyasətin davam edəcəyindən xəbər verir?

Bizə onun prezidentliyinin ilk illərini xatırladan islahatlara cəhd edəcəkmi? O zamanlar Putin vergidə və torpaq siyasətində islahatlar aparmşdı... Yoxsa o, 2004-2008-ci illərdəki «Yüksək Putinizm» siyasətini avtoritar mərkəzləşdirmə siyasətini yenidən bərpa edəcək?

Bugünkü Rusiya 10 il, yaxud 5 il əvvəlki Rusiya deyil ki, öz azadlıqlarını və demokratik dəyərlərini sosial həyat səviyyəsinin qalxması vədlərilə mübadilə etsin.

Yaxşı, bəs biz nə gözləyə bilərik? Aşağıda Putinin Kremlə rəhbərliyi dövründə 4 mümkün ssenari var.

STOLIPİN SSENARİSİ

Putin 2012-ci ilin mayın 7-də Kremlə prezident kimi qayıdanda Rusiya 4 il əvvəl - hakimiyyətin formal olaraq Medvedyevə ötürüldüyü vaxtdan dramatik şəkildə fərqli olacaq. Öz enerji gücündən istifadə edib Qərb üzərində üstünlüyü ilə lovğalanacaq. Rusiya elitasında çoxları başa düşür ki, bəzi islahatlar zəruridir, xüsusilə iqtisadiyyat sahəsində.

Ölkədə təkcə bu il 50 milyard kapital qoyuluşu itirilib, rublun dəyəri son iki ildə düşüb, fond bazarı pis vəziyyətdədir, neftin bareli 116 dollardan aşağıdır.

«Sərt sistem yellənir və onun əsas komponentləri dağılmaqdadır», «Foreign Policy»-də Julia Ioffe yazır.

Putin də hansısa dəyişiklik etməyin labüd olduğunu «Vahid Rusiya» Partiyası üzvlərinə etiraf edib:

«Cavabdeh qurumlar nəinki təkcə ürək döyüntülərinə həmişə qulaq asmalıdırlar, əgər onlar görür və başa düşürlərsə, onda hansısa problem olduğu təqdirdə dərman da yazmalıdırlar. Hakimiyyət insanlara hər şeyi aydın və başadüşülən formada izah etməlidi, dəyənək və gözyaşardıcı qaz ilə yox. Əksinə, müzakirə və dialoqla».

Buna baxmayaraq, heç kəs ikinci Yenidənqurmanın gəlişini nəfəsin kəsərək gözləmir. Onun aparacağı hər hansı islahat bugünkü elitanın hakimiyyətinin möhkəmləndirilməsinə zəmanət verə bilməlidir.

Çar dövründə baş nazir funksiyası həyata keçirmiş Pyotr Stolıpin
Çar dövründə baş nazir funksiyası həyata keçirmiş Pyotr Stolıpin
İyul ayında Putin belə bir işarə vermişdi ki, Çar dövründə baş nazir funksiyası həyata keçirmiş Pyotr Stolıpin onun diqqətini cəlb edir. 2012-ci ildə Stolıpinin doğulmasından 150 il keçir və bu münasibətlə ona abidə qoyulması üçün hazırlıq gedir. Putin onu «əsl vətənpərvər və ağıllı siyasətçi» adlandırıb:

«O öz ölkəsinə Rusiya tarixinin ən çətin və həqiqətən də, dramatik zamanında xidmət edib». Putin həm də Stolıpinin «dəmir iradə» və «cəsarətli şəxsiyyət»ə malik biri kimi qiymətləndirib.

Stolypin həqiqətən yuxarıdan aşağı islahat dalğası baxımından Putin üçün mükəmməl modelidir. Rus-Yapon müharibəsinin ən qızğın dövründə o, baş nazir olaraq tarixi torpaq islahatı, trans-Sibir dəmir yolunu genişləndirilməsi təşəbbüslərini irəli sürüb və Sibirin inkişafına yardım edib. O, çar 2-ci Nikolayın hakimiyyətinə qarşı çıxan inqilabçıların qarşısını amansızlıqla alıb. 1911-ci ilin sentyabrında Kiyev Opera Evində o, sui-qəsd nəticəsən ölüb. Ölümündən sonra Rusiyanı vətəndaş müharibəsi və inqilablar ağuşuna alıb.

AVTORİTAR MODERNLƏŞDİRMƏ: ANDROPOV SSENARİSİ

Stolıpin Rusiya tarixindən Putinin bəyəndiyi yeganə siyasətçi deyil. 1999-cu ildə Putin Sovet lideri Yuri Andropovun 85-ci yubiley ilini qeyd etmək üçün qəbri üzərinə çiçək çələngi qoyub. Az sonra – 2000-ci ildə Putin prezident oldu və Andropovun Moskvada yaşadığı binanın qarşısında xatirə lövhəsi qoydurdu. 2004-cü ildə Putin onun 90 illik yubileyi münasibətilə Peterburqda 10 metrlik heykəli qoyulmasını təşkil etdi. 2009-cu ildə isə Andropovun doğumunun 95-ci ilində Rusiyanın Birinci Kanalı tərif dolu nostalgiya filmi yayımladı: «Yri Andropov: Ümidin 15 ayı».

Sovet lideri Yuri Andropov
Sovet lideri Yuri Andropov
Sovet «KQB» nümayəndəsi Andropova öz heyranlığını qətiyyən gizli saxlamır. Andropovun idarəetmə modeli bir az Stolıpinin «yuxarıdan aşağı» iqtisadi islahat formasını xatırladır, amma onun üçün iqtisadiyyatı dövlətin nəzarətində saxlamaq əhəmiyyətli idi. O, Leonid Brejnevin ölümündən sonra Sovet lideri olduğu zaman Sovet iqtisadiyyatını Qərb ilə rəqabətli etmək üçün məhdud bazar mexanizmlərinin təqdim etmək istədi. Amma onun avtoritar modernləşdirmə planlarında demokratiya və plüralizm üçün çox cüzi yer vardı.

YAŞAMAQ VƏ ƏTALƏT: BREJNEV SSENARİSİ


Əgər Putin 2024-cü ilə qədər prezident qalarsa, 20 illik prezidenti və Rusiyanın faktiki olaraq hökmdarı kimi o, Brejnevdən 2 il qabaqda olacaq, 24 il Kremlə rəhbərlik etmiş Stalindən geri qaldığı üçün utanacaq.

Buna görə də Putinin Brejnevlə müqayisəsi Rusiyada geniş müzakirə olunur.

«Zarafatlardakı Brejnev yox, real Brejnev necə biri idi? Onun xarizması yox idi, zarafat etməyi, güllə atmağı, maşını sürətlə sürməyi, insanlarla söhbət etməyi sevirdi», siyasi analitik Sergey Şelin ötən il qazeta.ru saytında belə yazmışdı:

«Brejnevin ilk illərində yürütdüyü siyasətə stabillik, həssas idarəetmə, insanların rifahı kimi yaxşı şeylər aid idi. İnsanların bunu bəyənməyini bu gün rədd etmək axmaq hərəkət olardı. Əgər o vaxtlar ictimai rəy sorğusu elmi mövcud olsaydı, reytinqin necə olduğunu görə bilərdiniz».

Tanış gəlir? Eyni şeyi Putinin Kremlə rəhbər gəldiyi ilk illər barədə də yazmaq olar.

Görəsən, Putin Brejnevlə oxşarlıqlarından xəbərdardır? Yəqin ki, hə. Moskvada gəzən şayiələrə görə, Putin əslində prezidentliyə qayıtmaq istəmirmiş, onun Rusiyanın milli lideri kimi sistemə nəzarət etməyə üstünlük verdiyi deyilir.

Putin və Brejnevin karikaturası
Putin və Brejnevin karikaturası
Bəs niyə geri qayıtdı? Kremldəki bəzi mənbələrə görə, onun başqa çıxış yolu yox idi.

«Putin idarə edilən münaqişə sistemi yaratdı», Moskva Karnegi Mərkəzinin siyasi analitiki Nikolay Petrov belə deyir:

«O, bir-biri ilə münaqişədə olan müxtəlif klanlar və qruplar yaratdı. Bu, onun sistem üzərindəki nəzarətini saxlamağa xidmət edir. O, münaqişə tərəfləri arasında balansı saxlayan hakim və münsifdir. Onun siyasi səhnəni tərk etməsi qeyri-mümkündür. Bugünkü sistemi onsuz təsəvvür etmək mümkün deyil, çünki bütün razılaşmalara yalnız o zəmanət verir. Onsuz bu klanlar bir-biri ilə didişməyə başlayacaq. Necə ki Stalinin ölümündən sonra bu cür hadisələr başladı».

BÖHRAN VƏ ÜSYAN: QIRMIZI İNQİLAB SSENARİSİ

Gürcüstan və Ukraynadakı qızılgül və narıncı inqilablardan sonra Rusiya hakimiyyəti də xalq üsyanlarından ehtiyat etməyə başladı. Bu narahatlıqlar ərəb baharından sonra da özünü göstərdi.

Moskvada ultra millətçilərin etiraz aksiyası
Moskvada ultra millətçilərin etiraz aksiyası
Müxalif siyasətçi Boris Nemtsov düşünür ki, xalqın Rusiyada ayağa qalxması real ola bilər:

«Putin Lukaşenkoya çevrilir, o, Hüsnü Mübarəkə və ya Qəddafiyə də çevrilə bilər».

Rusiya millətçiləri son illərdə yaxşı təşkilatlanıblar və iddialı olublar. Dərin iqtisadi böhran cəmiyyətdəki ksenofobiya elementlərinin daha da qızışmasına səbəb ola bilər. Belə halda isə əgər Rusiyada rəngli inqilab baş verəcəksə, o, nə qırmızı, nə narıncı, nə də zanbaq inqilabı olacaq, bu inqilabda dominantlığı «qəhvəyi köynəklilər» – faşistlər edəcəklər.

Sayta hazırladı: Durna Səfərli
XS
SM
MD
LG