Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:40

5 günlük körpə nədən ölüb?


Foto: Arxiv
Foto: Arxiv
«DEDİLƏR Kİ, UŞAĞIN ÜRƏYİ DAYANIB»

«Uşaq normal doğulmuşdu. Aparatda da yoxlatdırdıq, heç bir şey yox idi, bir az sinəsində xışıltı var idi. Həkimlər sistemin altında öldürdülər».

Sentyabrın 2-də Bakıxanovdakı 2 saylı doğum evində dünyaya gələn körpə 5 gündən sonra Qarayev adına Uşaq Xəstəxanasında ölüb. Anası Gülşən Hüseynova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, körpəsini ağxalatlıların məsuliyyətsizliyi üzünsən itirib:

«Həkim tapşırmışdı ki, uşağa yemək və dərman sistemdən 3 saat sonra verilsin. Uşaq sistem altında olanda tibb bacısı dedi ki, get yeməyini, dərmanını gətir, verək. Dedim axı həkimin tapşırığı var. Üstümə acıqlandı, mən də məcbur olub gətirib yeməyi, dərmanı tibb bacısına verdim. Əvvəl uşağa yemək verdi, sonra da dərmanını. Bir azdan gördüm ki, elə sistemin altındaca şprislə uşağın sinəsindən sarı su çəkir. Soruşdum bu nədir? Dedi, şirədir. Tibb bacısı gedəndən sonra gördüm uşağın burnundan sarımtıl maye gəlir. Tibb bacısını çağırdım, uşağı götürüb başqa otağa apardı, dedi qaç həkimi çağır. Həkimi çağıranda o da üstümə çığırdı ki, deməmişəm məni narahat etməyin? Dedim axı uşağın vəziyyəti ağırdır. Gəldi, girdi həmin otağa, məni içəri buraxmadılar. Bir azdan çağırdılar, dedilər ki, uşağın ürəyi dayanıb».

Gülşən Hüseynova deyir ki, körpəsinin ölüm səbəblərini aydınlaşdırmağa çalışsa da, xəstəxana rəhbərliyi onunla görüşməkdən imtina edib.

«XƏSTƏXANA RƏHBƏRLİYİ ÖLÜMƏ AYDINLIQ GƏTİRMƏDİ»

Gülşən Hüseynovanın yaxın qohumu Pərvanə Hüseynova deyir ki, hələ doğum evində olarkən həkimlər körpənin sinəsində xışıltı olduğunu bildiriblər. Deyiblər ki, soyuqdəymədən ola bilər. Ətraflı müayinə üçün körpəni Qarayev adına Uşaq Xəstəxanasına göndəriblər.

Foto: Arxiv
Foto: Arxiv
Pərvanə Hüseynova: «Həkimlər körpəyə çox məsuliyyətsiz yanaşırdılar. Bir tərəfdən, sistem altında körpəyə süni qida verdilər, bir tərəfdən də, su dərmanı içirtdilər. Təsəvvür edin ki, o dərman körpəyə sistemdən 3 saat sonra, həm də qram-qram verilməli idi. Bunlar isə elə sistemin altındaca dərmanın hamısını uşağın boğazına tökdülər. Sonra da adını qoydular ki, körpədə ürək qüsuru olub. Hansı ki, körpənin ürəyi müayinədən sağlam çıxmışdı. Xəstəxana rəhbərliyinin bizimlə görüşmək istəməməsi isə bizə lap pis təsir etdi. Nə qədər tələb etsək də, nə Eldar həkim, nə də baş həkim qarşımıza çıxdı».

«HƏKİMLƏR CƏZALANDIRILIBLAR»

Pərvanə Hüseynova deyir ki, körpə üçün yazılan reseptlərdə ürək qüsuru ilə əlaqəli heç bir dərman yazılmayıbmış:

«Reseptlər əlimizdədir, dərmanların hamısı soyuqdəymə ilə əlaqəli idi. Körpənin ürəyində problem olsaydı, dərmanlardan biri bunun üçün olardı. Biz hesab edirik ki, uşaq məsuliyyətsizlikdən öldü».

Qarayev adına Uşaq Xəstəxanasının baş həkiminin müavini Eldar Rəhimov isə «Qaynar xətt»ə körpənin ölümü ilə əlaqədar bəzi həkimlərin cəzalandırıldığını dedi:

«O valideynlər Səhiyyə Nazirliyinə də şikayət etmişdilər. Məsələ araşdırıldı və həkimlər cəzalandırıldı».

Xalid Bağırov
Xalid Bağırov
Ancaq baş həkimin müavini körpənin ölümünün əsl səbəbindən danışmadı. Heç həkimlərə verilən cəzanın nədən ibarət olduğunu da demədi.

«VALİDEYNLƏR PROKURORLUĞA ŞİKAYƏT ETMƏLİDİRLƏR»

Gülşən Hüseynova isə deyir ki, həkimlərin cəzalandırılması ilə bağlı ona rəsmi sənəd verilmir.

Hüquqşünas Xalid Bağırov «Qaynar xətt»ə bildirib ki, valideynlər körpənin ölümündə həkimlərdən şikayətçidirlərsə, prokurorluq orqanına müraciət etməlidirlər:

«Baş həkimin müavini həkimlərin cəzalandırıldığını etiraf edirsə, deməli, bu həkimlərin günahı olub ki, onları cəzalandırıblar. Valideynlər prokurorluğa şikayət edəndən sonra prokurorluq özü həkimlərə verilmiş cəza ilə bağlı sənədi Səhiyyə Nazirliyindən tələb edəcək. Körpə həkimlərin səhlənkarlığı üzündən ölübsə, burada artıq cinayət tərkibi var - vəzifəli şəxsin səhlənkarlığı. Bu əməllərin pasiyentin ölümü ilə nəticələnməsi isə ağırlaşdırıcı haldır».

Gülşən Hüseynova körpəsinin ölümü ilə əlaqədar Baş Prokurorluğa müraciət edəcəyini deyir.
XS
SM
MD
LG