Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:22

Fazil Mustafa: «Vətəndaşı düşünürüksə bətndə olan körpədən başlamalıyıq»


Fazil Mustafa / Foto: IRFS
Fazil Mustafa / Foto: IRFS
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında yeni doğulan körpələrə verilən müavinətlər haqda danışarkən deputat Fazil Mustafa deyib. Deputat bildirir ki, Milli Məclisdə büdcə müzakirələrinə az vaxt ayrıldığına görə belə məsələləri qaldırmağa imkan olmur:

«Büdcə məsələlərinin müzakirəsi parlamentdə formal həyata keçirilir və faktiki olaraq çıxış etmək, problemləri qaldırmaq imkanı yoxdur. Son vaxtlar parlament təcrübəsində xoş qarşılanmayan bir prosedura da tətbiq olunur ki, birgünlük müzakirədən sonra hamıya təklif olunur ki, hər kəs 5 dəqiqə danışsın. Əslində biz buna da etirazımızı bildirmişik ki, siyasi partiya təmsilçilərinə də imkan vermək lazımdır ki, 10 dəqiqə öz partiya statusundan istifadə edib fikirlərini bildirsinlər. Bu həm də o deməkdir ki, büdcənin formalaşmasında Milli Məclisin rolu cüzidir».

İLK NÖVBƏDƏ İNSANLAR DÜŞÜNÜLMƏLİDİR

Deputat bildirir ki, Avropa ölkələri bir yana, hətta Rusiyada valideyn hamiləlik dövründən başlayaraq müavinət ayrılır. Həmin müavinətlər kredit formasında verilir və ana hamiləlik dövründən başlayaraq müalicəsini, müayinəsini tam həyata keçirə bilir. Fazil Mustafa deyir ki, bu isə o deməkdir ki, uşağın doğulana qədər olan problemlərinin bir çoxu -sağlamlıq, qida problemləri həll olunur:

«Bizdə isə uşaq anadan olandan sonra 82,5 manat birdəfəlik verilir və burda da bir çox əskikliklər var. Bəziləri heç bunu ala da bilmirlər».

Deputat deyir ki, bizdə də uşaqların sağlam dünyaya gəlməsi üçün onlara kifayət qədər vəsait ayrılmalıdır:

«Əsas odur ki, Azərbaycan insanı neft-qaz ölkəsində, gəlirlərimizin bu qədər artdığı bir vaxtda biz birinci körpə uşaqlardan başlamalıyıq. Onların doğuşdan qidalanması yetərli olmalıdır. Müalicə, müayinə onsuz da bahalıdır. Həkimlərin maaşları da az olduğundan məcburdurlar ki, onlara müraciət edən valideynlərdən qeyri-rəsmi vəsait alırlar. Bir çox problemlər hamısı bir yerdə toplaşaraq sağlam uşaqların böyüməsinə öz təsirini göstərir».

Fazil Mustafa qeyd edir ki, hökumət infrastruktura bu qədər pul ayırmaqdansa ilk növbədə insanlarını düşünməlidir:

«Hərbi xidmətə çağırılan gənclərin əksər hissəsində məhz uşaqlıqdan yaranan və yetərincə müalicə olunmamaqdan irəli gələn ciddi fiziki fəsadlar var. Bu fəsadların olmaması üçün millətin gələcəyini sağlam böyütmək üçün bu addımların atılması vacibdir. Dövlət yollara, körpülərə mənasız o qədər pul xərcləyir ki, amma əsas amil insandır. Ana bətnindən insana dəyər verilməlidir. Əgər bu verilmirsə gələcəyimizin sağlamlığı ciddi təhlükə altındadır».

Fazil Mustafa bildirib ki, uşaqlara vəsait ayırmaq üçün kifayət qədər resurslar var. Onun fikrincə 1000 manat çox böyük rəqəm deyil. Deputatın qənaətincə hökumət bunu gələcəyə kapital olaraq düşünüb etməlidir. Fazil Mustafa deyib ki, Azərbaycanda demoqrafik problemlə yanaşı həm də uşaq ölümünün faizi yüksəkdir: «Hökumət vətəndaşı düşünürsə bətndə olan körpədən başlamalıdır».

DEMOQRAFİK SİTUASİYANI NECƏ STİMULLAŞDIRMAQ OLAR?

Nazim Məmmədov
Nazim Məmmədov
«Bu gün Azərbaycan ailələrində 2 uşaqdan artıq uşaq dünyaya gətirilmir. Sabah müharibə aparacaq bir ölkədə kim əsgər verəcək. Hamı məsələ qaldırır ki, tək uşaqlılar əsgər getməsin. Bizdə onun tərəfdarıyıq. Çünki tək uşaq gedəndə valideyn baxımsız qalır. Amma ordunu da komplektləşdirmək lazımdır axı. Əhalinin sayının artması həm də işçi qüvvəsinin sayının artması deməkdir axı. Əhali sayının çox olması bizim kimi dövlətlərdə stimullaşdırılmalıdır».

İqtisadçı- ekspert Nazim Məmmədov isə deyib ki, bu məsələ hökumətin qarşısında qoyulmalıdır.

«Statistikaya görə ildə təxminən 152 min nəfər doğulur. Təxminən il ərzində Azərbaycana 152 milyon lazımdır ki, bu da az vəsait deyil. Bir yaşına qədər aylıq müavinətləri və işləyənlər üçün 3 illik müavinətləri də nəzərə alsaq bu dövlət büdcəsinə əhəmiyyətli yük olar. Bu fikirlər səsləndikdən sonra aidiyyatı qurumlar, hökumət bunun büdcədə yükünü araşdırmalıdır. Gələn ilin büdcəsi müzakirə olunan zaman bunu hökumətin qarşısında məsələ kimi qoymalıdırlar».

Ekspert deyib ki, bu məsələnin yaxın illərdə həyata keçməsinə inanmır. Onun sözlərinə görə belə məsələlər demoqrafik problem olan ölkələrdə daha tez həllini tapır:

«Azərbaycan hökuməti bu gün hesab etmir ki, demoqrafik situasiyanı stimullaşdırmaq üçün ailələrə vəsaitlər versin. İldə təxminən 100 min artım olur. On ildə bizim əhalinin sayı 1 milyon artır».

Ancaq Nazim Məmmədov onu da deyir ki, Azərbaycanda aztəminatlı ailələrin sayı çox olduğundan hökumət bu məsələni öz üzərinə götürməlidir:

«Dövlət siyasəti olmalıdır. Sağlamlıq baxımından bu mənim diqqətimi daha çox çəkir, nəinki demoqrafik stimullaşdırmaya görə».

İqtisadçı-ekspert uşaqların dünyaya gəlməsi üçün ilkin xərcləri də açıqlayıb:

«Normal doğuşda təqribən 600 manat verilir. Bunun 400 manatı həkimindir. 200 manat xəstəxana xərcləridir. Beşiyin qiyməti 50 manatdan 500 manata qədərdir. 200 manat «kolyaska» pulu, 40-80 manat arası bələk pulu, 50 manat ilkin doğulanda tibbi ləvazimatlar, ümumilikdə gəlin elə 1000 manat çıxır. Bu xərclər yeni doğulmuş körpənin evə qədər gəlmə xərcləridir».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG