Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:51

Səlim Babullaoğlu: "Xaricdə gördüklərimi ölkəmdə həyata keçirə bilmirəm"


Səlim Babullaoğlu və Cavid Zeynallı (sağda)
Səlim Babullaoğlu və Cavid Zeynallı (sağda)
Cavid Zeynallının "Şənbə qonağı" şair, tərcüməçi Səlim Babullaoğludur.


...Polşada istəyirsən yazar ol, istəyirsən otel işçisi, fərqi yoxdur, əmək haqqın imkan verir ki, sosial problemlərini həll edəsən, məsələn dövlətdən 15-20 illik kredit götürüb mənzil-məişət problemlərini həll edəsən...Ona görə orda yazıçı, şair fikirləşmir ki, dövlət mənə ev verəcək...


- Səlim bəy, Polşa səfərindən qayıtmısız. İstəyirəm, bu haqda danışaq. Səfər nə ilə bağlı idi, təəssüratlarınız necədir?

- Bu səfər ötən ilin iyun ayında baş tutmalı idi. Xəstələndiyimə görə gedə bilmədim. Sonra araya Polşa səfirliyinin keçirdiyi ədəbi müsabiqə düşdü. Müsabiqənin qalibi həmkarımız, istedadlı şair Əli Şirin Şükürlü oldu. Qaydaya görə birinci yerin qalibi Polşaya səfər edəcəkdi.

Biz Əli Şirin Şükürlü ilə Polşaya bir yerdə getdik və Varşava, Krakov şəhərlərində xeyli maraqlı görüşlər keçirdik. Səfəri Polşa Xarici İşlər Nazirliyi və Adam Miskyeviç adına İnstitut təşkil etmişdi. Polşa P.E.N mərkəzinin və Kitab İnstitunun rəhbərləri ilə görüşdük. Polşanın Avropa miqyaslı “Znak” nəşriyyatının rəhbəri Yeji İlxlə görüşümüz baş tutdu və hesab edirəm ki, bu, gələcək üçün faydalı əməkdaşlığın başlanğıcı ola bilər. Azərbaycan ədəbiyyatının Polşada təbliği və polyak ədəbiyyatının Azərbaycanda təbliği ilə bağlı məsələləri müzakirə etdik.

Bir neçə muzeyə o cümlədən, “Varşava Üsyanı”, bir vaxtlar Oskar Şindlerin fabriki olmuş muzeyə, A,Miskeviç adına Ədəbiyyat müzeyinə, Müasir Sənət Muzeyinə getdik. Yeri gəlmişkən, Müasir İncəsənət Muzeyində çox qürurverici və sevindirici bir hadisə oldu. Həmin muzeydə bizim rəssamların, Səbinə Şıxlinskayanın iki işini gördüm və bu məni çox sevindirdi. Çeslav Miloşun mənzil-muzeyini, məzarını ziyarət etdik. Ümumiyyətlə, Krakovda Miloşun izi ilə, həyatının müxtəlif dövrləri ilə bağlı olan və ədəbi mühitin formalaşdığı redaksiyaları və kafeləri gördük. Kafelərin birində onun ədəbi katibi Aqneşka Koşinska ilə Çeslav Miloşun vaxtilə oturduğu masada nahar elədik. Belə...

- Adətən, xarici səfərdən dönən ədəbiyyatçılara ənənəvi bir sual olur: bizim ədəbi mühitlə onların yaradıcı mühiti arasında hansı fərqlər var? Yaxud yazarların güzəranı necədir? Gəlin, elə bu sualı mən də sizdən soruşum...

- Əvvəla onu deyim ki, cəmiyyətdə insanların həyat və rifah vəziyyəti yaxşı olanda digər işlər öz yerini tapır. Polşada istəyirsən yazar ol, istəyirsən otel işçisi, fərqi yoxdur, əmək haqqın imkan verir ki, sosial problemlərini həll edəsən, məsələn dövlətdən 15-20 illik kredit götürüb mənzil-məişət problemlərini həll edəsən. Yəni bu işlər orda çoxdan formalaşıb. Ona görə orda yazıçı, şair fikirləşmir ki, dövlət mənə ev verəcək. Bizdə isə kredit məsələlərinə o qədər ağır şərtlər qoyublar, maaşlar elə aşağıdır ki, deməli, ömrü boyu ev ala bilməyəcəksən.

Polyaklar zəngin deyillər, amma onların həyatı saat mexanizmi kimi qurulub. Bizdən qat-qat çox kitab oxuyurlar. Nəşriyyat-poliqrafiya, yayım institutları dəqiq işləyir, yazıçı bilir ki, kitabı çap olunacaq, qonorar alacaq. Təsəvvür et ki, Polşada 5000-dən artıq kitab dükanı var. Bu rəqəm nə deməkdi, məlumdu da. Necə deyərlər, bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar! Qaldı ədəbi mühit məsələsinə... düşünürəm, onların ədəbi mühiti bizdən rəngarəng və maraqlıdır. Ona görə ki, ora Avropadır, onlar dünyaya çoxdan açıqdırlar.

Polşa hətta sovet dövründə belə Qərbi Avropa ilə Sovet İttifaqının arasında bufer rolunu oynayıb. Baxmayaraq ki, onlar da sosialist düşərgəyə aid olublar, amma eyni zamanda Polşa sovet adamının
Qərbə pəncərəsi idi. Avropada ən güclü poeziya İrlandiya və Polşadadır. Bu o demək deyil, o birilər pisdir, amma mən deyirəm, ən yaxşıları irland və polyak poeziyasıdır. Əlbəttə, fransızların da, ingilislərin də, ispanların da böyük şairləri və gözəl poeziyası var, çoxdur, amma adını çəkdiyim iki xalqın poeziyası XX əsrdə Avropa kontekstində ən maraqlısıdır. Ədəbiyyat jurnalları və qəzetləri 6-7 min tirajla çıxır və satılır.

Şeir kitablarının tirajı 1-2-3 min arasında dəyişir. Nadir hallarda 7 min ola bilər. Belə deyək, Polşada ədəbiyyat adamları yazar kimi yox, insan kimi bizdən daha yaxşı yaşayırlar. Yazar öz yazısı, yaradıcılığı ilə öz minimumlarını artıqlaması ilə ödəyir və on beş yerə parçalanmır. Ola bilər üç nəşriyyatla əməkdaşlıq etsin, amma qrafik o qədər dəqiqdir, insan diskomfort keçirmir.

• - Təəssüratlarınız zəngindir. Amma sosial şəbəkədə başqa şeylər yazmışdınız: “Deyəsən doğrudan qocalıram. Əməlli başlı! Daha səfərlər zövq vermir. Bir yerdə bitib qalmaq, birrəngli oturaq həyat və iş istəyirəm! Sakitcə... Kitablar, yazılar...” Nədənsə, mən bunu daxili təbəddülat kimi anladım... Yoxsa səhv edirəm?

- Yox, bu, daxili təbəddülat deyil. Bu, bilirsiniz nə ilə bağlıdır? Bir var insanın turist təəssüratları, məsələn, şəhər, arxitektura, tamam fərqli mədəniyyət, təmiz küçələr, muzey və s. Mənim artıq turist təəssüratından vəcdə gələn vaxtım deyil. Zövq ala bilməməyimin başqa səbəbləri var. Mənim öz ölkəmdə görmək istədiyim və arzuladığım şeylər var ki, onları həyata keçirə bilmirəm. Bütün bunlar məni incidir, təəssüfləndirir. Hər işgüzar səfər, əslində mənim başqa səfərim olmayıb, yeni ideyalar verir, amma düşünəndə ki, hansı çətinliklərdən keçəcəklər, əngəllərlə qarşılaşacaqlar çox pəjmürdə oluram.

- Bildiyimə görə ədəbiyyatın təbliği ilə bağlı yeni layihəniz təsdiqlənmək üzrədir. İstəyirəm, bu haqda bir az ətraflı danışaq...

- Bu haqda geniş danışmaq istəmirəm. Bəli, iki illik bir proqram var, böyük ehtimalla gerçəkləşəcək. Hər halda, ümid edirəm. Detalları haqda danışmayacağam. Ona görə ki, birdən olmadı?! İşin tempi və start vəziyyətindən bir addım irəli getməməyi onu sübut edir ki, olmaya da bilər. Çünki elə səbəblər var ki, məndən asılı deyil. Mənim iki-üç layihəm var ki, bu dəqiqə start vəziyyətindədirlər və məndən asılı olan hər bir işi görmüşəm.

- Səlim bəy, müsahibələrinizdən birində demisiniz, mən Azərbaycan ədəbiyyatında metrikanı dəyişmişəm. Bu metrikanı dəyişmək nədən ibarətdir?

- Zaman gələcək həm bunu, həm də nəsildaşlarımın nələri elədikləri haqda sual verməyəcəklər.

- Vaxtilə sizi plagiatlıqda günahlandırmışdılar...

- Onlar bilmir, ərəb inqilablarını da mən eləmişəm...Biz 20 dəqiqədir burda oturmuşuq. Burdan çıxanda soruşsalar ki.otaqda Cavidi gördün və mən desəm görmədim, onda nə qədər səmimi olaram? Nə qədər dürüst ağıl yiyəsi kimi görünərəm?! Əlbəttə, biz söhbət etmişik, əlbəttə, Cavidin hansısa replikası, sualı mənim yadımda qaldı. Qalmamağı düz olmazdı, adama deyərlər sən korsan? Ədəbiyyat da belədir. Biz oxuduğumuz, öyəndiyimiz kitablardan nəyi isə götürüb özümüzdə saxlayırıq.... Qaldı ki, plagiat məsələsinə, o vaxt bir yazı olmuşdu və mən də o yazıya cavab vermişdim. Həmin qəzetin rəhbərliyi tərəfindən iki təkzib də verilmişdi.

- Uzun illərdir tərcümə işi məşğulsunuz. Pasternakın, Brodskinin, Çeslav Miloşun şeirlərini dilimizə çevirmisiniz. Reaksiyalar necə oldu və ümumiyyətlə bu işi davam etdirirsinizmi?

- Reaksiyalar müxtəlif olub. Mən deyə bilmərəm ki, birmənalı təqdir olub. yaxud tənqid ediblər. Cavab verməyi lazım bildiyim tənqidlər olub. Ümumiyyətlə, əsaslı görünmək istəyən əsassız şeyləri cavabsız buraxmıram. Tərcümə işini davam edirəm. Brodskinin iri həcmli bir kitabını çap etdirmək istəyirəm. Bir tərcümə romanı da
var... Mən heç vaxt sifarişlə tərcümə etməmişəm. Bu yalnız mənim daxili sifarişim ola bilər. Orxan Vəli də belə olub, Pasternak da, Brodski də, Zbiqnev Herbert də və s.

- Sizcə, dünya şeirinin dilimizə tərcüməsində uğurlu nümunələrə kimlər imza atıblar?

- Iyerarxiya qurmaq istəməzdim.Mənim oxuduğum ən uğurlu şeir tərcümələrini Ramiz Rövşən edib. Bu siyahını xatırlamaq üçün bir az düşünmək lazımdır... Məsələn, son illər Əsəd Cahangir Artur Rembonun bir neçə şeirini tərcümə edib və bu mənim xoşuma gəlmişdi. Hərçənd, Əsəd Cahangir peşəkar tərcüməçi deyil və peşəkar tərcümə ilə məşğul olmur. Vaqif Bayatlı Odərin Axmatovadan etdiyi tərcümələr maraqlıdır.

Anar müəllim Pasternakın dörd şeirini tərcümə etmişdi və hesab edirəm ki, yaxşı tərcümələrdir. Eyvaz Borçalının klassik rus poeziyasından tərcümələri maraqlıdır. Rəbiqə Nazimqızının çox gözəl tərcümə potensialı var., həm nəsrdə, həm də şeirdə. Zahir Əzəmət və Günel Mövlud Yesenindən tərcümələr etmişdilər, mənim xoşuma gəlmişdi. Nəsr əsərlərinin tərcümələrində də çox uğurlu nümunələr var. Vilayət Quliyevin ingilis, Vilayət Hacıyevin alman, Əkrəm Əylislinin rus dilindən etdiyi tərcümələr yüksək və örnək göstərilə biləcək tərcümələrdir. İlqar Fəhmi yaxşı proza tərcüməçisidir.

Bizdə bir problem var. Avropada tərcüməçilər konkret müəlliflər üzrə ixtisaslaşırlar. Bizdə bu yoxdur. Məsələn, polyak ədəbiyyatından tərcümə etmək istəyən insan Polşada, ingilis dilindən tərcümə edən İngiltərədə ixtisaslaşmalıdır. Bu bir neçə aylıq kurs şəklində ola bilər. Və deyim ki, bu, çətin iş deyil. Müxtəlif xarici fondların bu istiqamətdə konkret layihələri olur. Sadəcə, maraqlanmaq lazımdır. Biz bunu etmirik.

- Pedaqoji fəaliyyətlə məşğul olmağı düşünürsünüzmü?

- İstəyərdim, hər hansı bir universitetdə bildiyim şeyləri tədris edim. XX əsrin poeziyasından oxuduğum və öyrəndiyim şeylər az deyil. Amma bunun müqabilində mənə elə maaş versinlər ki, əlavə işlə məşğul olmayım.

- Bizim Universitetlərdən təkliflər gəlməyib?

- Təkliflər var. Amma sonradan qarşıma qoyulan şərtləri biləndə imtina etmişəm. Vaxtilə Türkiyədən iki təklif gəlmişdi, amma dedilər, İstanbulda təklif olunan maaşla ailə saxlamaq çətindir, ona
görə getmədim. Amma geci-tezi var...

- Gənclərdən kimləri oxuyursunuz?

- Hamını. Məsələn səni... Alpay, Qismət, Alik, Qan Turalı, Fərid, Elvin Bakiroğlu, Zərdüşt Şəfi, Cəlil Cavanşir, Anar Amin, Qilman, Ayxan, Rəbiqə Nazimqızı, Jalə, Elnaz Eyvazlı, Cavidan, Nərmin, Yeganə, Sahilə, Günel... e maşallah o qədər çoxdular ki... Hamını sadalasam uzun siyahı olar. Əlbəttə, adını çəkdiyim gənclərin bütün mətnləri birmənalı yaxşı deyil. Kimdəsə yaxşı fikrə rast gəlirəm, kimdəsə üslubunu, fikir dərinliyini qiymətləndirirəm. Bəziləri haqda yazmışam.

- Elçin Hüseynbəyli “Oxuzali.az”a müsahibəsində demişdi, gənclər əvvəlcə ev, iş, ailə problemlərini həll edib sonra ədəbiyyat haqqında düşünməlidirlər, onunla əyləncə kimi məşğul olmalıdırlar.

- Ədəbiyyat çox ciddi işdir ...

- Bizim ədəbi jurnal və qəzetlər necə çıxır?

- Bir cümlə ilə ifadə eləsəydim, deyərdim ki, hər şey var heç nə yoxdur.

Cavid ZEYNALLI
XS
SM
MD
LG