Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:42

“Qorxuram yeni kitabıma görə məni Cordano Brunodan pis günə qoysunlar"


Əkrəm Əylisli: "Qorxuram məni pis günə qoysunlar"
Gözlə

No media source currently available

0:00 0:54:15 0:00
Direct-ə keçid

Əkrəm Əylisli: "Qorxuram məni pis günə qoysunlar"

Azərbaycan müəllimini qane etməyən adamlar Nobel istəyir. Zülm bundadır...

Bizim dövrdə mənəvi mutantların sayı çoxdur...

Günel Mövlud, olduqca maraqlıdır Sevinc Pərvanə, olduqca maraqlıdır Nərmin Kamal.


“Ətirşah Masan” mənim zəif romanımdır...


“Pen klub” verilişinin qonağı yazıçı Əkrəm Əylislidir. Proqramı dinlə!


“CƏMİYYƏTDƏ CİDDİ ÇAXNAŞMALAR OLANDA MƏNƏVİ MUTANTLAR YARANIR”

- Xoş gördük, Əkrəm bəy. Həftələrdir sizi studiyamıza dəvət edirik, amma...

- Nəsə alınmırdı. Danışmağa da gərək həvəs ola. Mən də bəzən həvəssiz oluram.

- Həvəsli olmaq üçün nə lazımdır?

- Fakt budur ki, artıq söz dəyərini itirib. Hansı həqiqətləri demirlər?! Hər gün bəlkə onlarla sözlər, sizin, mənim ürəyimizdən olan fikirlər deyilir. Hansı birinin hardasa təsiri görünür? Hamısı elə bil havaya gedir, boşluğa gedir...

- Yəni deyilən sözə reaksiya verilməməsi sizi məyus edir?

- Zaman çalxalanır. Bir ictimai formasiya dəyişib, yenisi özünü təsdiqləyənə kimi külli miqdarda təsadüfi hallar, hadisələr baş verir. Məsələn, təbiətdə tarazlıq pozulanda mutantlar yaranır. Quşdur, dimdiyi yoxdur. Qoyundur, üç ayaqlıdır. Cəmiyyətdə də belə ciddi çaxnaşmalar olanda mənəvi mutantlar yaranır. Bizim dövrdə mənəvi mutantların sayı çoxdur. Ayırd da edə bilmirik. Bu gün biz artıq mənəvi mutantlara alışmışıq, 3 ayaqlı qoyuna insan necə alışa bilirsə, biz də eləcə mənəviyyatı dəyişmiş, yaddaşından uzaqlaşmış, şeytani gücə çevrilmiş insanlara alışırıq. Biz bunları artıq müşahidə etmirik, gözlərimiz yumuludur. Əgər televizoru açıb hər gün eşidirəmsə ki, 50 nəfər Suriyada öldü, 30 nəfər İraqda öldü... Bu qırğınlar, bu ölümlər bizi ölümün sadə bir şey olduğuna öyrədir. Bu da bir siyasətdir, cəmiyyəti stressdə saxlamaq üçündür.

- Bundan nə qazanmaq olar ki?

- Cəmiyyəti stressdə saxlamaqla asanca idarə eləmək olur. İnsan nə qədər çox qorxursa, bir o qədər az düşünür. İnsanın düşünmək qabiliyyətini qorxu qədər heç nə alt-üst etmir. Qorxu cəmiyyəti idarə etməyin bir metodu kimi həmişə olub. İndiki “demokratik, azadlıqlar” dövründə bu azalmayıb, çoxalıb.

- Bütün bunları görüb dərk edəndən sonra yazmaq olurmu? Yoxsa yazıçının əli-qolu soyuyur?

- Bütün stresslərin, böhranların bir məqsədi var. Cəmiyyətdə bir ovqatdan başqasına, inkişafın bir mərhələsindən o birinə keçmək. Biz bəlkə də həmin prosesi yaşayırıq. Bu böhran da bizi başqa mərhələyə keçirməlidir. Bu böhrandan başqa bir mənəvi formasiyaya keçid etməliyik və özü də əvvəlkindən pis olmayan bir formasiyaya. Əgər biz bir az optimistiksə...

- Bu boyda pessimist söhbətin sonunda bir işıq göründü nəhayət. Əkrəm Əylisli ilə ayaqüstü hal-əhval tutma belə bir mənzərənin cızılmasına, səslənməsinə
Əkrəm Əylisli və Şahnaz Bəylərqızı
Əkrəm Əylisli və Şahnaz Bəylərqızı
səbəb oldu. Əslindəsə biz ondan danışacaqdıq ki, azərbaycanlı yazarlar niyə nüfuzlu beynəlxalq mükafatlar ala bilmirlər? Niyə Nobel mükafatı Azərbaycana gətirilmir? Bütün bunlardan sonra bu haqda danışaq, danışmayaq?

“AC TOYUQ YATAR, YUXUDA DARI GÖRƏR”

- Əylisdə bir məsəl var, yəqin buralarda da işlənir: “Ac toyuq yatar, yuxusunda darı görər”. İndi bu da ona bənzəyir. Azərbaycanda hər gün bir roman yazılır. Romanın nə olduğunu bilməyən adamlar hər gün əsər yazırlar. Yəni belə şəraitdə Nobelə gedən hər hansı yol varmı? Yoxdur!

- Amma artıq Kamal Abdulla Nobel mükafatına namizədlər siyahısındadır.

- Mən o prosesin necə olduğunu bilmirəm. Həqiqətən. Mən əlbəttə arzu edərdim ki, Nobel mükafatını Azərbaycan ədəbiyyatı alsın. Kimin almağından asılı olmayaraq ədəbiyyat alsın. Ədəbiyyat beynəlmiləl sənətdir. Ədəbiyyat milli vəzifəsini nə qədər yaxşı yerinə yetirirsə, bir o qədər beynəlmiləl olur.

ƏKRƏM ƏSYLİSLİ QADIN YAZARLARI TƏRİFLƏDİ

- Belə bir ədəbiyyat varmı bu gün Azərbaycanda? Yaranırmı?

- Söhbət bundadır ki, sistem dəyişdi və mənim ümidim onaydı ki, gələn cavan nəsil hər şeyi yerinə qoyacaq. Məsələn, 1960-cı illərdə biz var idik, mən ümid edirdim ki, yeni nəsil 60-cı illərdə nə yaxşı olub, nə pis olub, onu aydın edəcək. Amma bunlar başladılar inkara, “yoxdur, olmayıb”. Bir sənət olaraq 1960-cı illərdə yaranan ədəbiyyat indi yoxdur, zəifləyib, irəli getmir.

- Əkrəm bəy, indikiləri oxuyursuzmu?

- Oxuyuram.

- Məsələn, ən son kimin əsərini oxumusuz?

- Mən ad çəkməyim, gəlin...

- Bu yayınmaq üçün gözəl bir priyomdur.

- Mən indi ən çox - oxumadığım kitabları oxuyuram. Böyük klassikləri. Məsələn, elə böyük yazıçılar var ki, onların varlığından təəssüf ki, xəbərsiz olmuşam. Məsələn, Henry Greene-i mən ötən yay oxudum, birinci dəfə onda tanıdım. Nə boyda nəhəng imiş o,
Markes-filan bunun tələbələri, şagirdləriymiş. Mən o ədəbiyyatı oxuyuram. Bu ədəbiyyatda... Mən sizə açıq deyim, ədəbi həyatımızı bir azca maraqlı edən qüvvələr var. Özü də çox qəribədir ki, qızlarımız, qadınlarımız çox fəallaşır. Azad təfəkkürlü Azərbaycan qadını mənim xoşuma gəlir. Başqa keyfiyyətlər mənlik deyil. Bunlar mühitdə canlanma əmələ gətirirlər. Misal istəyirsiz deyim, bəlkə də ən layiqlisinin adını deyə bilmədim. Məsələn, mənim üçün maraqlıdır Günel Mövlud, olduqca maraqlıdır Sevinc Pərvanə, olduqca maraqlıdır Nərmin Kamal. Mən bunları məmnuniyyətlə oxuyuram. Jurnalistikada Azərbaycan ədəbiyyatının gələcək potensialı var. Məsələn, Hacı Zamin nasir olmaq gücündə adamdır. Samir Sarı var, o gün “Nuşirəvan əhvalatı”nı oxuyub ölmüşəm gülməkdən. Şərif Ağayar maraqlıdır, dil materialı kifayət qədər məni qane edir. Yazı dil materialından yaranır. Dilin stixiyasına girməyən adam heç nə çıxara bilməz.

“ƏDƏBİYYATA GƏLMƏK ŞƏHİD OLMAQDIR”

- Əkrəm bəy, adlar sadaladız. Onların arasında gələcəkdə Azərbaycan ədəbiyyatını dünya miqyasına daşıyacaq gücdə qələm sahibləri varmı?

- İnanıram ki, sizi də, bizi dinləyənlər də məni düz başa düşəcəksiz. Bu, həyatı düz yaşamaqdan asılıdır. Bu adamlar ümid verir. Bunların həyatı ədəbiyyata həsr etməyə nə dərəcədə imkanları olacaq? Ədəbiyyata gəlmək bir az da adi həyatdan uzaqlaşmaqdır, şəhid olmaqdır. Bunlarda o güc olacaqmı?.. Məişət, çörək qazanmaq, ailə münaqişələri nə qədər gözəl istedadları məhv edib. Əgər bunlar həyatlarını ədəbiyyat üstündə dürüst yaşasalar böyük yazıçı ola bilərlər. Əgər populyarlığa getsələr... İndi populyarlıq dəhşətli azardır.

- Heç gənc olanda istəməmisiz ki, sizi də tanısınlar, oxusunlar, hamı desin ki, o gələn Əkrəm Əylislidir...

“ƏSƏRİ ADİCƏ AZƏRBAYCAN MÜƏLLİMİNİ QANE ETMƏYƏNLƏR NOBEL İSTƏYİRLƏR, ZÜLM BUNDADIR”

- Olub. Amma özündən demək kimi çıxmasın, mən dünyada gur-gur guruldayanda, hər il Avropanın bir ölkəsində bir kitabım çap olunanda özümdən bir az da şübhələnirdim, düşünürdüm ki, bir az da irəli getməliyəm. “Mənim kitabım Çexoslovakiyada çıxıbsa, niyə Fransada çıxmasın?” deyirdim. Mən bu həvəslə yaşayırdım. İndi əsəri adicə Azərbaycan müəllimini qane etməyən adamlar Nobel istəyir. Zülm bundadır.

“QORXURAM BU KİTAB SONUNCU OLAR”

- Əkrəm bəy, siz özünüz nə yazırsız? Hamının yazdıqlarına qiymət verdik. İndi gələk sizin yaradıcılığınıza...

- Elə gün olmaz ki, yazmasam da, bir yazı haqda düşünməyim. Özünü çox reklam etmirsənsə, özünü ora-bura dürtmürsənsə elə bilirlər ki, bu adam qurtarıb, daha yazmır.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Yeni kitabım var, yeni yazılarım var. Orda Azərbaycan oxucusunun heç vaxt mənim əsərimdə görmədiyi yeni bir yazıçı var. Mən o əsəri yaxın gələcəkdə yəqin ki, çap etdirəcəm.

- Yəni bir ilə, beş ilə?

- Ha deyirəm tez eləyim. Amma hər dəfə oxuyanda bir şey tapıram. Bəlkə də məndə bir qorxu var ki, bu kitab sonuncu olar.

“İstəyirəm ömrümün son əsərini ömrümə layiq şəkildə bitirim”

- Ona görə də yubadırsız?

- Ola bilsin istəyirəm məndən elə bir kitab qalsın ki, bir sözünə də irad tutulmasın. İstəyirəm ömrümün son əsərini ömrümə layiq şəkildə bitirim.

- “Ətirşah Masan”dan sonra yeni bir dəst-xətt gəlir yəni?..

- “Ətirşah Masan” mənim zəif romanımdır.

- Bunu tənqidçilər də deyirdilər.

- O, keçid romanıdır. Dünyanı, o qocaları, qarıları gözəlliklər içində göstərən, göylərə qaldırıb ruh verən, ilahi rəng verən yazıların dalınca bir adamın etirazıdır. Bu gözəllik, alicənablıq Allahın gözümə qoyduğu linzalara görə görünürmüş, həyatda yoxmuş.

- Yeni roman necə olacaq? Ondan danışın.

- Gəlin bunu sirr saxlayaq. Bəzən bir şeyi gizlədirsən və istəyirsən ki, onu heç kim görməsin, xəbər tutmasın. Yazıçılıqda da belə bir şey var, o təkcə sənə aiddir, istəmirsən ikinci adamın bundan xəbəri olsun. Romanı danışmaq istəməzdim. Əvvəlkilərdən fərqli olaraq, bir ömrü yaşayıb sonuna yaxınlaşan... 75 yaşın içindəyəm. Hər gün arzulayıram ki, mən heç bir qurumda olmayım, heç bir ictimai məsuliyyət daşımayım, ancaq 75 yaşımın həyatını yaşayım, öz yazılarımı yazım. Yaşın elə dövrüdür ki, Şahnaz xanım, burda gərək ürəyi tam açıq saxlayasan, ürəyin sızıltıları,
səsi tam əksini tapsın, ağ vərəqdə mənəvi kardioqramı yazılsın. Bacardığım kimi ləyaqətli yazıçı ömrü yaşamışam və istəyirəm onu ləyaqətlə başa vurum.

“Qorxuram Brunodan pis günə qoysunlar”

- Əkrəm bəy, siz ədəbiyyatı siyasətə qarışdırmamısız. İndiki romanda necə?..
- Onda sirrimi açım. Bu çox ictimai, müasir, çox aktual və bir az da bəlkə artıq dərəcədə cəsarətli yazıdır. Ona görə də gözləyirəm. məndə belə təəssürat var ki, o, zamanı çox qabaqlayır. Zamanı qabaqlayanda fəlakətlər başlayır. Cordano Bruno dedi ki, Yer kürəsi fırlanır. Amma bir kəsi inandıra bilmədi. Məndə belə hissiyyatı yaşayıram, qorxuram ki, ordakı həqiqətlərə heç kəsi inandıra bilməyim. Və zamanı qabaqladığım üçün məni Cordano Brunodan pis günə qoysunlar.

- Dinləyici yazır ki, dövlət özü ədəbiyyatın inkişafında maraqlı olmalıdır. Halbuki lazımsız serial çəkməyə 500 min manat ayırırlar.

- Tamam doğrudur. İndi hər kəs öz hayındadır. Dövlət ideologiyası bir sifətdə, vahid platformada özünü göstərə bilmir. Cəmiyyət bu günkü Azərbaycan dövlətinin qayğılarını hiss edə bilmir. Amma cəmiyyət hökmən bilməlidir ki, bu dövlətin, bu quruluşun ideologiyası nədir. Ən pisi odur ki, hər sahədə olduğu kimi ideologiyada da siyasi sədaqət motivləri başda gedir. Bir dairəyə sədaqətə görə insanları qabağa çəkə, geri itələyə bilərlər.

- Əkrəm bəy, vaxtilə siz də bu hakimiyyətin irəli çəkdiyi sənətkarlardanıydız. Deputat seçilirdiz, təltif edilirdiz...

- Burda səhviniz var. Köhnə dostlarım Seymur Baycangillə səsləşir fikirləriniz. Bir var mələyə-mələyə alırsan, bir var mələdə-mələdə. Mən heç kəsdən mələyə-mələyə heç nə almamışam. Mənə ehtiyacları olub. Məni Moskva saxlayıb.

- Son 20 ildə bəs?

- Yazıçı o adamlara minnətdar olmalıdır ki, onun yaradıçılığına qiymət veriblər, diqqət göstəriblər. Mən bu qayğını görmüşəm. Mən heç vaxt... Mən bir məqalə yazmışdım: “Azərbaycanda xaos diktaturası kimə lazımdır?” Səhər saat 12-də zəng etdilər ki, prezident səninlə söhbət edəcək. Götürdüm dəstəyi və dedi ki, sən nə gözəl yazı yazmısan. Xoşuna gəlmişdi. Bir kəlmə məddahlıq yox idi. Məqalə o dövrün mənzərəsiydi.

- Bəs bu gün niyə elə yazmırsız ki, prezidenti sizə zəng vurmağa vadar edəsiz?

- Bu bir az ağır sualdır. Hərtərəfli cavab verə bilməyəcəm. Qısaca deyim ki, mən elə əsəri yazmaq istərdim.

- “Xaosun diktaturası” publisistik məqaləydi və ondan sonra çox şey dəyişdi sizin baxışlarınızda və həyatınızda. Bu gün niyə yazmırsız?

- Çox yazdım, artıq yorulmuşam. Həyatımın bir dövrü bədii axtarışlar dövrü olub. Bir
dövrü başqa cür olub. Mən indi ədəbiyyatdakı həyatımın axırıncı günlərinimi, illərinimi yaşayıram və o məzmunsuz deyil. O daha güclü məzmuna malik olacaq.

“İSTƏYİRƏM BU CAVAN ADAMI ORDA SINDIRMASINLAR”

- Gənclərdən danışdız. Bir gənc var, o roman yazmır, amma onun haqqında bir neçə dəfə danışmısız. Harvard Universitetinin məzunu, bu günlərdə 30 yaşı tamam olan Bəxtiyar Hacıyevi deyirəm.

- Təbrik edirəm onu. Hətta fikirləşdim ki, onu necə təbrik edə bilərəm. Amma tərki-dünya adam olduğum üçün bir yolunu tapa bilmədim. İstərdim ki, 30 yaşında bu cavan adam orda sınmasın. Baxıram yazılarına, müsahibələrinə sınmaq söhbəti inşallah olmayacaq. Amma ora qəliz yerdir, sınmaq da mümkündür. Bir ili qalıb. Onun ordan çıxdığı gün mənim xoş günüm olacaq. Həmin gün onunla görüşməyi də arzu edərdim. Güman edirəm ki, bir ili çəkməmiş çıxacaq.

“TƏƏSSÜFLƏNİRƏM Kİ...”

- 75 yaşda nəyə təəssüflənirsiz?

- Ən çox təəssüflənirəm ki, cavanlığımda bir əsəri yazırdım, onun eşqinə kef edirdim, ora get-bura get, bir az da içki-filan. İndi deyirəm ki, o günləri verəydilər, bir az ayrı cür yaşayardım. Buna təəssüf edirəm. Təəssüf edilməli şeylər axtarsan çoxdur, təəssüf edilməməli şeylər də Allaha şükr, az-çox var.
XS
SM
MD
LG