Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:40

“Poçt qutu”sunda qalan məktublar...


Xuraman Hüseynzadə


“POÇT QUTU”SUNDA QALAN MƏKTUBLAR...

Yazarların ağır maddi böhran, sıxıntı içərisində yaşaması təəccüblü deyil. Narkotikaya, spirtli içkiyə meyl yaradıcılıq stimulu kimi deyil, ağır maddi böhran, ehtiyac içində yaşamağın təzahürü kimi dəyərləndirilməlidi.

Bir misal: yaşadığı məşəqqətli həyat yolu Edqar Allan Ponun psixikasına o dərəcədə ağır təsir göstərmişdi ki, o, əsəb xəstəliyinə tutulmuş və əzablardan xilas olmaq üçün spirtli içki və narkotikdən istifadə etməyə başlamışdı. Beləcə... 40 yaşında dünyadan köçmüşdü...

Azərbaycanda yazar statusu daşımağın çətinliklərindən biri də bu cür həyat tərzindən sığortalanmamaqdır.

Etiraf edək ki, zəngin yaşayış üçün hər şeyə sahiblənən yazarlar - hər şeyə sahiblənib də yazar olanlardır. O üzdən daşıdıqları status daim dırnaq işarəsi içərisinə alınır. Bu adamlar heç vaxt bir ziyalı kimi çoxluğun - zənginliyi yuxusunda belə görməyən çoxluğun yanında ola bilmədikləri üçün çoxluq tərəfindən qəbul olunmurlar...

Belədə riyakarcasına maddi qarantiya üstündən aldıqları fəxri adların kölgəsində yaşamaq və bu adları, titulları onlara verənləri tamada tərifi ilə “sığallamaqla” məşğul olurlar.

Görünən budur ki, bu cür həyat tərzi yazıçı, şair kimi sevilmək, oxunmaq şansı tanımır: qələm, klavye adamlarını özündən asılı vəziyyətə salır...

O zaman Çernışevski demiş: “Nə etməli?” Ağır maddi dolanışığa, yoxsulluğa boyun əyib də davammı etməli, ya ziyalı adına arxa çevirib siyasi hakimiyyətəmi üz tutmalı? Hər ikisi olmamaq üçün neyləməli? Mədəniyyət və turizm nazirinə müraciət etmək necə?

Hələlik, gəlin bir fakta nəzər yetirək: Mixail Bulqakovun əsərləri senzura ilə üz-üzə qalır. “Veçernyaya Moskva” jurnalında onun haqqında belə yazılır: “Teatrlar Bulqakovun pyeslərindən təmizlənir.“ Təzyiq və təqiblərə məruz qalan, ağır maddi böhran içərisində yaşayan Bulqakov, Sovet hökumətinə çılğıncasına bir məktub yazır: “Bundan sonra SSRİ-nin sərhədləri daxilində əsərlərimin çapı və səhnələşdirilməsi mümkün olmadığı üçün... xahiş edirəm... məni ölkədən sürgün edəsiniz...” Stalin məktuba biganə qala bilmir... Və onun telefon zəngi Bulqakova Bədii Teatrın rejissoru kimi fəaliyyətini davam etdirməyə imkan verir.

Dövr-o dövr deyil. Heç hakimiyyət də o hakimiyyət deyil... Bu mənada o hakimiyyət bizim bugünkü hakimiyyətdən daha tolerant olub. Bağırovun repressiya topunun ziyalılara tuşlanmasında ZİYALILIQ amilinin əhəmiyyəti böyük rol oynayıb. Bugünkü hakimiyyət yazıçılara, şairlərə ona görə o cür divan tutmur ki, onlar üçün yazıçı, şair adı 37-ci illərdə olduğu kimi böyük əhəmiyyət kəsb etmir. Bu gün Xalq şairi, Xalq yazıçısı adı almaq üçün hökmən satılmalısan...

Nəticə: yazarların mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə hər necəsə müraciət etməsi bumeranq effekti verəcək. Çünki cənab nazirin adının önündə-statusunda MƏDƏNİYYƏT sözü vardır ki, bu da hələlikdə yalnız “şou” anlamını ehtiva edir. Bu gün ədəbiyyatla mədəniyyəti, necə deyərlər, bir qazanda qaynatsan belə, qaynamazlar...

Müasir ədəbiyyatın yaradıcılarını muğam müsabiqəsinin iştirakçıları qədər tanımayan, bəlkə də heç tanımayan bir nazirə kömək üçün müraciət etmək absurddur. O üzdən zəhmət çəkib də dəyərli vaxtı belə bir adama məktub yazmağa həsr etməyə gərək yoxdu.

Bu məktublar ən yaxşı halda böyük Mirzə Cəlilin “Poçt qutusu”nda ilişib qalacaq...
XS
SM
MD
LG