Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:31

Ə.Həsənov deyir ki, Eurovision-dan sonra qisas barədə düşünmürlər


Arxiv foto: Əli Həsənov
Arxiv foto: Əli Həsənov
-



"Yeni Müsavat" qəzeti Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənovdan müsahibə götürüb. Həmin müsahibəni qısa ixtisrla təqdim edirik.



- Əli müəllim, ilin əvvəlində sizin rəhbərliyinizlə İran-Azərbaycan münasibətlərindəki problemlərin aradan qaldırılması üçün Tehrana xoşməramlı səfər həyata keçirilsə də, son vaxtlar münasibətlər daha gərgin müstəviyə adlayıb. Bunun səbəbi nədir?

- Əlbəttə, biz bunlara təəssüf edirik. Azərbaycan hökuməti keçən ildən bu yana müxtəlif səviyyələrdə, o cümlədən mənim səfərimdə səsləndirilən, müzakirələrdə ortaya qoyulan mövqelər də daxil olmaqla, on dəfələrlə İranla bağlı öz mövqeyini bildirib.

Mövqe də ondan ibarətdir ki, İran Azərbaycan xalqının, Azərbaycan da İran xalqının iradəsinə hörmətlə yanaşmalıdır. Azərbaycan dövlətinin konstitusiya sisteminə, dünyəvi xarakterik xüsusiyyətinə, dünyəvi quruluşuna İran, bu ölkənin də dini rejiminə biz hörmətlə yanaşmalıyıq. İran öz daxili-xarici siyasətində, qonşularla münasibətlərində Azərbaycanın, Azərbaycan da eyni məsələlərdə İranın maraqlarını nəzərə almalıdır. İranın ərazisində, İran dövlətinin imkanlarından və digər məsələlərdən Azərbaycana qarşı, Azərbaycandan da İrana qarşı istifadə olunmamalıdır. İran Azərbaycan daxilindəki məsələlərə müdaxilə etməməlidir. Hər dövlətin seçimi, onun xalqının iradəsi hörmətlə qarşılanmalıdır.

Təəssüflər olsun ki, o dövrdən keçən müddətdə bütün bu açıqlamalara baxmayaraq, İran ruhaniyyəti, İranda bəzi dini kəsimlər özlərinin anti-Azərbaycan təbliğatını bir gün də dayandırmayıb. Müəyyən mərhələdə sakitləşirlər, sonra yenidən başlayırlar.

“Səhər” kanalı vasitəsi ilə Azərbaycana qarşı təxribatçı verilişlər dayanmayıb. Bu verilişlərin əksəriyyətində Azərbaycanın daxili-xarici siyasətinə kobud müdaxilə cəhdləri var.

Son zamanlar da haradansa havadan götürülmüş, heç dəxli olmayan “gey-parad” məsələsini ortaya atıblar. Ayrı-ayrı şəhərlərdə xüsusi cəlb olunmuş insanalrı toplayaraq anti-Azərbaycan çıxışlarını davam etdirirlər.

- Qonşu ölkənin bu davranışlarının ardınca rəsmi Bakı Cənubi Azərbaycandakı soydaşlarımızın insan haqlarını, ana dilində təhsil almaq və digər məsələlərini beynəlxalq tribunalarda qaldıra bilərmi?

- Azərbaycan İranın daxili işlərinə müdaxilə etmək fikrində deyil və biz prinsipimizi belə qurmuşuq. Necə ki, biz İranın daxili işlərimizə, bizim dini kəsimin həyatına, vətəndaş cəmiyyəti proseslərinə, dövlətin səlahiyyətlərinə müdaxilə etməsini rəva görmürük, eynilə biz özümüzə rəva görmürük ki, İranın daxilində gedən proseslərə, hətta azərbaycanlılarla bağlı olsa belə, müdaxilə edək. O insanların öz seçimləri var. O insanlar özləri ilə bağlı məsələləri həll etmək qüdrətindədir, gücündədir, özləri həll edəcək.

- Əli müəllim, “Eurovision” ərəfəsində Azərbaycanda ən azı vicdan məhbusları ilə bağlı addımların atılacağı barədə ictimai-siyasi qüvvələrin, İctimai Palatanın gözləntiləri var idi. Qarşıdakı zaman kəsiyində bu gözləntilər çin ola, 28 May münasibəti ilə əfv imzalana bilərmi?

- Biz heç nəyi “Eurovision”la bağlamaq istəmirik, “Eurovision”u da siyasiləşdirməyin tərəfdarı deyilik.

Dəfələrlə bəyan etmişik ki, biz “Eurovision”a görə heç nəyi etməyəcəyik. Biz “Eurovision”a görə öz görüntümüzü, öz siyasətimizi, vətəndaş münasibətlərimizi, insanların bizimlə bağlı irəli sürdüyü iradəni dəyişməyəcəyik.

“Eurovision” bizim üçün tolerantlığımızı, milli dəyərlərimizi, mədəniyyətimizi dünyaya nümayiş etdirmək üçün məqsəd deyil, sadəcə bir vasitədir. Ona görə də biz heç nəyin “Eurovision”la bağlanmasının tərəfdarı deyilik və bağlamaq fikrində də deyilik.

O ki qaldı Azərbaycan müxalifətinin, həmin adını çəkdiyiniz İctimai Palatanın fəaliyyətinə, çox təəssüf edirəm ki, bunlar “Eurovision”la bağlı Azərbaycana yönələn beynəlxalq diqqətdən istifadə edərək Azərbaycan xalqına, dövlətinə bəlkə də bir əsrdə heç kimin vura bilmədiyi zərbəni vurdular. Onun imici ilə bağlı mənfi fəaliyyətlərini nümayiş etdirdilər və Azərbaycanı dünyada biabır etməyə cəhd göstərdilər.

Bu, əlbəttə, onlara bəlli yerlərdə nəsib oldu, bəlli yerlərdə nəsib olmayacaq. Ağ divara quru palçıq yapışmaz. Azərbaycan dövlətinin nəyi varsa, budur. Ona atılan böhtanlar-filanlar zaman-zaman öz inkarını tapacaq: heç kim də “Eurovision”dan istifadə edərək Azərbaycana təzyiq etmək fikrinə düşməsin, bu, heç bir nəticə verməyəcək.

O ki qaldı adını çəkdiyimiz insanların əfv olunması məsələsinə, onların azadlığa çıxmasının hansısa günlə bağlanmasına, bu haqda, əlbəttə, mən heç bir şey deyə bilmərəm. Azərbaycanda olan Əfv Komissiyası mütəmadi işləyir, təkliflər hazırlayır. Ölkə başçısının da humanist siyasəti indiyə qədər necə olubsa, elə də davam edir. Amma bununla bağlı konkret qərar olacaq, olmayacaq, bir söz deyə bilmərəm.

- İstiqlalçı deputatların bir qrupu, o cümlədən keçmiş siyasi məhbsular Arif Hacılı və digər siyasi məhbusların azadlığa buraxılması xahişi ilə prezidentə, hakimiyyət orqanlarına müraciət ediblər. Bu müraciətə baxılıbmı?

- Müraciət olunubsa, mütləq baxılacaq.

- Azərbaycan ziyalılarının bir qrupu da köklü islahatlara gedilməsi ilə bağlı davamlı müraciətlər edirlər və ötən həftə İctimai Palata rəhbərliyi ilə Ziyalılar Forumu arasında keçirilən görüşdə ölkədəki vəziyyətlə bağlı müzakirələrə hazır olduqlarını deyirlər. Bəlkə bu narazı ziyalılarla bir görüş keçiriləydi və onların fikirləri dinləniləydi...

- Mən imkan olan kimi Azərbaycanın ictimaiyyət nümayəndələri, o cümlədən Azərbaycanda bəlli kəsim insanları ətrafında aparan QHT təmsilçiləri ilə, ziyalılarla görüş keçirəcəyəm. Biz belə görüşdən heç vaxt imtina etməmişik. Sadəcə olaraq, indi bizim bu işlərlə bağlı başımız həddən artıq qarışıqdır. Belə görüş də keçirəcəyik, onların bütün fikirlərini də müvafiq olaraq müzakirə edəcəyik. Yəqin ki, biz bunu Azərbaycanın Respublika Günü ərəfəsində eləyəcəyik.

- Bu görüşdə Ziyalılar Forumunun üzvləri də olacaq?

- O cümlədən bəli, o insanlar da ora dəvət olunacaqlar. Amma söhbət ondan gedir ki, mən ziyalı deyəndə ilk növbədə Azərbaycan dövlətinin, millətinin maraqlarını özünün bütün fəaliyyətindən, ideyalarından önə keçirən insanları düşünürəm.

Həmin o ziyalılar bu gün Azərbaycan dövlətinin imicinə sifarişlə zərbə vuran, kombinasiyalar quran, məqalələr sifariş verən erməni lobbisinin dəyirmanına su tökən insanlar qismində görünürlər. Əgər belə deyilsə, qoy onlar Azərbaycan əleyhinə çalışan instansiyalara, mətbuat orqanlarına, media nümayəndələrinə qarşı da öz səslərini ucaltsınlar. O zaman sözün həqiqi mənasında onların amalının, ideyasının Azərbaycan xalqının amalı ilə üst-üstə düşdüyü fikrinə gələrəm.

Azərbaycanda yüzlərlə, minlərlə xarici jurnalistlərin olmasından istifadə edərək Dağlıq Qarabağ problemini, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qabartmaq daha məqbul olmazdımı? Hansı ziyalı, QHT, ictimai forum, yaxud müxalifət partiyası bu məsələdə bir səsini qaldırdı və xarici jurnalistlərin diqqətini bu fakta yönəltdi?

- Ötən müsahibəmizdə müxalifətlə görüşə hazır olduğunuzu demişdiniz, xeyli müzakirə olundu. Amma...

- Mən müxalifətlə də görüşəcəyəm. Görüşməmək üçün də heç bir əsas görmürəm. Sadəcə, bu dəqiqə işlərin çox mürəkkəb vaxtıdır.

Azərbaycan dövlətinin bütün vətəndaş cəmiyyətləri, siyasi partiyalarla, o cümlədən mətbuat orqanları ilə əlaqələri mövcuddur, davam edir və bundan sonra da davam edəcək. Biz onların heç birinə düşmən kimi baxmırıq. Lakin onların fəaliyyəti bu gün bizə, eyni zamanda Azərbaycan dövlətinə, millətinə xidmət nümunəsi də yaratmır.

- Müxalifətlə görüşü nə vaxta planlaşdırırsınız?

- Sağlıq olsun, baxarıq. “Evrovizion”u keçirək, yəqin ki, iyun ayında mən onlarla da bir görüş keçirəcəyəm.

- İctimai Palatanın da daxil olduğu görüş?

- O cümlədən onlarla.

- Müxalifət deyir ki, bir ildən çoxdur əqidə yoldaşlarımız qanunsuz olaraq həbsdə saxlanılır, bizə aksiya da keçirmək imkanı yaradılmır. Arqument budur ki, əgər hakimiyyət aksiyaların olmasını istəmirsə, həbsdəkiləri sərbəst buraxsın.

- Onlar aksiyaları keçirsinlər. Amma bu aksiyaları təxribat törətmək, xaricilərin diqqətini çəkmək məqsədilə keçirməsinlər. Burada söhbət ondan gedir ki, heç kim xalqın iradəsini hansısa aksiyadan istifadə edərək zorlamağa qalxmasın.

“Eurovision” başqa bu kimi vasitələr müxalifətin indiyə qədər çəkmək istədiyi haqq-hesabı çəkmək üçün ən yaxşı vasitə deyil. Müxalifət də qoy özünü göstərsin ki, biz belə gözəl müxalifətik, fəalıq, bizi də burda istəyənlər var. Qoy onları da tanısınlar, biz onun əleyhinə deyilik. Amma özlərini tanıtmaq üçün Azərbaycan dövlətini, millətini, onun maraqlarını aşağılamasınlar.

- Amma əgər anası ağır xəstə olan istiqlalçı deputat Arif Hacılı bu gün həbsdədirsə...

- İnanın, bəlkə də mən hamıdan çox təəssüflənirəm ki, həbsdədir. Amma neyləmək olar ki, Arif Hacılı Azərbaycan qanunlarını pozub, bilə-bilə ölkədə iğtişaş yaradılması prosesində iştirak edib və ona görə də bu gün həbsdədir.

- Onsuz da altı aya-bir ilə bu insanlar azadlıqda olacaq. Daha yaxşı olmazmı ki, elə indiki dövrdə, Avropanın diqqətinin ölkəmizə yönəldiyi bu məqamda, milli maraqlar naminə onlar onlar azadlığa buraxılsın?

- Siyasi, humanitar nöqteyi-nəzərdən siz dediyinizlə mən razıyam. Amma hüquq-mühafizə sisteminin , hüquq normalarının öz qayda-qanunu və öz yanaşması var.

- “Eurovision”dan sonra hakimiyyətin öz daxilində müəyyən şəxslərə, yaxud müxalifətə, azad mətbuata qarşı repressiyalar başladacağı xəbərləri barədə nə deyə bilərsiniz?

- Biz onların “Eurovision”dan istifadə edib reallaşdırmaq istədiyi tələbləri həyata keçirmədiyimiz kimi, “Eurovision”dan sonra da heç kimlə haqq-hesab çəkməyə qalxmayacağıq.
XS
SM
MD
LG