Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:49

Prezident İlham Əliyevə sui-qəsd olubmuş?


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi «Eurovision 2012» Mahnı Yarışması ərəfəsində keçirdiyi antiterror əməliyyatı haqda növbəti məlumatı yayıb. Məlumatda deyilir ki, transmilli cinayətkar silahlı birləşmə mahnı müsabiqəsi günlərində Bakıdakı hotellərdə və yarışmanın keçiriləcəyi zalda terror-təxribat aksiyaları törətməyi, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etməyi planlaşdırırmış.

Nazirliyin İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, həmin planları MTN-in bu yaxınlarda zərərsizləşdirdiyi Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə gerçəkləşdirməliymiş.

EKSPERT: «SİLAHLI QRUPLAŞMANIN ARXASINDA KİMLƏRİN DAYANDIĞI AYDIN DEYİL»

ÇAŞQINLIQ YARATMAMAQ ÜÇÜN MƏLUMAT GİZLİ SAXLANIB

«Ölkəmizdə belə bir nüfuzlu beynəlxalq tədbirin yüksək əhval-ruhiyyədə keçirilməsi, Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün bu təhlükəli transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verilməyib. Amma əməliyyat şəraiti ciddi nəzarətdə saxlanıb, zəruri və intensiv mühafizə-təhlükəsizlik tədbirləri görülüb».

Məlumatda deyilir ki, antiterror əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanıb.

Bu zaman mayın 16-da paytaxtın Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı silahlı birləşmənin üzvlərindən biri Timur Hüseynovun zərərsizləşdirilməsi də yada salınır.

«ƏMƏLİYYAT ZAMANI ARADAN ÇIXAN «ƏMİR»

«Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək «əmir» təyin edilmiş «Əbu Ubeydə» ləqəbli Saniyev Samir aradan çıxa bilib. Onun tutulması üçün kompleks əməliyyat-axtarış tədbirləri keçirilib, bütün əlaqədar orqanlar məlumatlandırılıb.

Arxiv foto
Arxiv foto
Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanıb. O, polis nəfərini yaralaya bilsə də, Samir Saniyev tərksilah edilib, ondan bir ədəd «Steçkin» markalı tapança, ona aid 40 patron və 2 daraq götürülüb».

«DAĞISTAN ƏMİRLƏR ŞURASI» AZƏRBAYCANDA CİHAD ELAN EDİB?»

Məlumatda deyilir ki, istintaq prosesində yeni faktlar da üzə çıxıb. «Müəyyən edilib ki, 2011-ci ilin fevralında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş «Dağıstan əmirlərinin şurası»nda Azərbaycanda silahlı «cihad»ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak edib.

Sonda «əmirlər şurası» Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul veriblər. «Dağıstan cəbhəsinin əmiri» «Saleh» ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə «Busra» ləqəbli Vüqar Padarovu «əmir» təyin edib və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb».

Rəsmi məlumata görə, Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev ötən ilin iyulunda silah-sursatla dövlət sərhədini Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Və həmin şəbəkənin Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi məqsədilə bu 3 nəfər daim təlimatlandırılıblar.

PREZİDENTƏ QARŞI TERROR AKTI PLANLAŞDIRILIRMIŞ

Baku Crystal Hall
Baku Crystal Hall
«Tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməliymiş. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.

Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri aparmalı, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi».

«CRYSTAL HALL»DA PARTLAYIŞ PLANLARI

Məlumatda bu da deyilir ki, Samir Saniyev silahlı qrupun üzvləri ilə birlikdə Bakıda əcnəbilərin daha çox olduqları və ya qaldıqları yerlərdə, o cümlədən «Hilton Baku» və «JW Marriot Hotel Absheron» və digər mehmanxanalarda partlayışlar törətməliymiş.

«Eləcə də hər vəchlə biletlər əldə etməklə «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətmək planlaşdırılıb».

DAĞISTANDAN ƏLAVƏ QÜVVƏ GƏLƏCƏKMİŞ?

MTN-nin yaydığı məlumata görə, bu aksiyalardan sonra silahlı birləşmənin üzvləri şimal rayonlarındakı dağ-meşə massivlərində əvvəlcədən hazırlanmış blindajlarda və qazmalarda gizlənməli və Dağıstandan gələcək əlavə terror qüvvələri ilə birlikdə hərəkət etməliymişlər.

Nazirliyin məlumatına görə, Samir Saniyev və başqaları avtomaşınlarında partlayıcı maddələr yerləşdirməli, bundan sonra «Hilton Baku» və «JW Marriot Hotel Absheron» və digər mehmanxanaların avtopark yerlərində saxlamalıymışlar.

BAYRAQ MEYDANI DA HƏDƏFDƏYMİŞ

Bayraq Meydanı
Bayraq Meydanı
«Timur Hüseynov isə «Baku Crystal Hall»a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislərin «şok bombası» kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulubmuş».

Amma MTN bildirir ki, qabaqlayıcı antiterror tədbirləri nəticəsində kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısı alınıb.

40 NƏFƏR SAXLANIB

İndiyədək silahlı birləşmənin 40 üzvünün yaxalandığı bildirilir.

Həmçinin onlardan 13 avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd daraq, 23 ədəd «RQD-5», 26 ədəd «F-1» və 3 ədəd «RQ-42» tipli əl qumbarası, xeyli sayda qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular, 2352,22 qram partlayıcı maddə olan plastid, 675 qram trotil şaşkası, 19 ədəd partlayıcı qurğunun elektrik partladıcısı, 19 ədəd detonator və sairə götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu rəsmi məlumatda deyilənlərdir. Adıçəkilən şəxslərin qeyd olunan ittihamlara münasibəti hələlik ictimaiyyətə açıqlanmayıb. Müdafiə tərəfinin mövqeyi də bəlli olan kimi AzadlıqRadiosunun oxucularına çatdırılacaq.
XS
SM
MD
LG