Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

«Bağışla, gələ bilmədim...İmza: Azərbaycan»


«28 May Cümhuriyyət yürüşü»
«28 May Cümhuriyyət yürüşü»
«Bağışla, gələ bilmədim...İmza: Azərbaycan». Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Ankaradan – «28 May Cümhuriyyət yürüşü»ndən qayıdan Vətəndaş Koalisiyasının təmsilçisi Zaur Əkbər söylədi.

ÜRƏYİNİZ BİZİMLƏ İDİ...

Onun sözlərinə görə, ötən ay gerçəkləşdirdikləri yürüşə belə bir şüar seçiblər: «Siz orada olmasaydınız da, bilirdik ki, ürəyiniz bizimlədir. Biz sizin fikirlərinizin daşıyıcısı idik. Düzdür, bir az kədərliydi, amma dostlarımızla bu şüarı yazıb özümüzlə aparmışdıq. İstəyirdik ki, orada hamının hisləri əksini tapsın».

28 MAYISA - 28 MÜBARİZLƏ 28 SAATLIQ YOL!

Zaur Əkbər ilk dəfədir bu yürüşə müxtəlif yaş qruplarının qatıldığını vurğuladı: «Bu dəfə 28 nəfərlik heyətdə daha çox yaşlı nəslin təmsilçiləri vardı. Gənclər təşkilatları də öz yerində. Amma daha çox siyasi partiyalardan – «Müsavat» partiyasından, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasından, Qarabağ qazilərindən təmsilçilər vardı. Bundan başqa media mənsubları və ziyalılar da bizə qoşulmuşdular. Müxtəlif fikir daşıyıcısı olan insanları bir araya gətirib avtobusla 28 saat yol getmək böyük məsuliyyət idi. Ancaq sağ-salamat gedib çatdıq».

ANKARADAKI AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ DƏ BİZƏ QOŞULDU

Zaur Əkbər İstanbuldan, Ankaradan, İzmirdən nümayəndə heyətlərinin onlara qoşulduğunu söylədi: «Hətta Ankaradakı Azərbaycan Kültür Dərnəyi də bizə dəstək oldu. Dərnəyin başqanı dəyərli ziyalımız Cəmil Ünal da bizə qoşuldu. Böyük öndərin məzarı başında çıxış da etdi. Ankaranın mərkəzindən «Dikimevi» metro stansiyasından 2 km-lik məsafəyə - Əsri məzarlığına doğru yürüş etdik. Saat 3-də başladıq. 45 dəqiqəyə məzarlığa çatdıq. Yeri gəlmişkən, Azərbaycanlı Tələbə və Məzunlar Birliyi də, Ankarada yaşayan güneyli dostlar da bizə dəstək oldu. GAMOH-un (red: Güney Azərbayacan Milli Oyanış Hərərkatı) oradakı nümayəndəsi Ağrı Qaradağlıya təşəkkür edirəm. Onların sayəsində tədbiri mütəşəkkil keçirə bildik».

MÜXTƏLİF FİKİR DAŞIYICILARI RƏSULZADƏNİN MƏZARI ÖNÜNDƏ BİRLƏŞDİ

Zaur Əkbər Əsri məzarlığında—Əmin bəyin məzarı başında müxtəlif fikir daşıyıcıları olan insanların birləşdiyini dedi: «Hər kəs bir nöqtəyə vururdu. Hər kəs sözünü eyni hədəfə deyirdi: Rəsulzadə böyük şəxsiyyətdir! Rəsulzadə unudulmazdır! Rəsulzadə bu məmləkətin qurucusudur! Və Rəsulzadə hər zaman qəlbimizdə yaşayacaq!»

«NƏDƏN ŞURADA UYUYOR?»

Zaur Əkbər əmniyyətdən icazə olduğu üçün türk polisinin onların təhlükəsizliyini təmin etdiyini söylədi: «Türk polisinə təşəkkür edirəm. Yürüşdə bizimlə bir yerdə oldular. Düzdür, Rəsulzadənin kimliyini bilmirdilər. Biz anlatdıq. Məzarlığa Azərbaycan himninin sədaları altında girdik. 300 nəfərə yaxın idik. Sanki Əsri məzarlığına girəndə adama əlavə güc gəlir. İnsan özünü daha mübariz hiss edir. Mən ikinci dəfə Rəsulzadənin məzarının ziyarətinə getdiyim üçün bunu daha aydın hiss etdim. Hamı məmnun idi. Çoxları məzar önündə həyəcanlandı. Danışa bilmirdilər...Göz yaşlarını gizlətməyənlər vardı. Hamını bir sual düşündürürdü: Nədən Cümhuriyyətimizin banisinin məzarı Ankaradadır? Hətta bir türk əmniyyətçi də soruşdu: Nədən şurada uyuyor? Amma fikrimcə, indiki halda qardaş Türkiyə Rəsulzadənin məzarı üçün ən optimal yerdir. Nə vaxt ki, Azərbaycanda normal hakimiyyət—demokratik sistem qurarıq, o vaxt Rəsulzadəni Azərbaycana gətirib adına layiq şəkildə dəfn edərik. Nəinki Rəsulzadəni, elə silahdaşlarını da - Əlimərdan bəy Topçubaşovu, Xəlil bəy Xasməmmədovu, Düdənginskini və s. Onlara anıt qəbirləri ucaltmalıyıq!».

RƏSULZADƏNİN RUHUNU NƏ ŞAD EDƏ BİLƏR?

Qonağımız mayın 28-də səhər tezdən ilk olaraq Azərbaycan Kültür Dərnəyinə getdiklərini söylədi: «Cəmil Ünal artıq Rəsulzadənin məzarını ziyarət edib qayıtmışdı. Sonra bizim xahişimizlə təkrar getdi. Dərnəkdə Cəmil bəylə söhbətləşdik. Ölkədəki ictimai vəziyyəti müzakirə etdik. Cəmil Ünal jurnalistlərin suallarını cavablandırdı. Ölkədə vicdan məhbuslarının, siyasi məhbusların olmasını qınadı. O bəyan etdi ki, belə bir halın mövcudluğu Rəsulzadənin ruhunu şad edə bilməz! Çünki Rəsulzadə böyük bir demokrat olub. Alicənab insan olub. Cəmil Ünal Azərbaycan hakimiyyətinə mesaj verdi ki, ölkədə demokratiyanın bərqərar olması, Rəsulzadə irsinin yayılması və xalqın firavanlığı uğrunda mübarizə aparan insanların tutulub həbsə salınması heç də hakimiyyətə müsbət imic gətirmir».

- Cəmil Ünal Azərbaycan təmsilçilərinə hansı tövsiyələr verdi?
- Cəmil bəy Rəsulzadədən nələr danışdı?
- Zaur Əkbər niyə «Rəsulzadənin məzarı onun ruhuna uyğundur»-dedi?
- Yürüş hansı əhval-ruhiyyədə keçdi?
- Ankarada Atatürkün Anıt qəbrini ziyarət edən yürüşçülər nəyə təəccübləndilər?


Verilişi elə buradan dinləyə bilərsiniz.

XS
SM
MD
LG