Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:00

Obamanın əleyhinə yazılmış kitablar bestsellerə çevrildi


-

Kitab satışı Amerika seçicilərinin ümumi əhval-ruhiyyəsini əks etdirirmi?

Əgər belədirsə, onda indiki prezident Barak Obamaya qarşı yazılmış 3 kitabın ABŞ-da bestsellerə çevrilməsi noyabrdakı seçki ərəfəsində onun üçün heç də xoş xəbər sayıla bilməz.

"New York Times" qəzetinin ölkə boyu satış rəqəmlərinə əsasən tərtib etdiyi bestseller siyahısında 2-ci yeri mühafizəkar siyasi şərhçi Dinesh D"Souza-nın yazdığı "Obama"s America" (Obamanın Amerikası) kitabı tutur.

Kitab ikinci müddətə seçilmək istəyən indiki prezidenti belə xarakterizə edir:

"Bizim tanıdığımız varlı, güclü, iddialı Amerika Obamaya lazım deyil. Onun istədiyi daha kiçik, daha kasıb, öz iradəsini diqtə etməyən bir Amerikadır, elə bir Amerika ki, çoxlu sayda başqa güclü dövlətlərdən yalnız biri olsun. O istəyir ki, Amerika zəifləsin ki, başqa dövlətlər güclənsin. Bunu da "qlobal ədalət" naminə edir..."

D"Souzanın kitabı əsasında çəkilmiş və bu yaxınlarda ekranlara çıxmış "2016: Obamanın Amerikası" filmi də ABŞ-da populyardır və indiyəcən 9 milyon dollardan çox pul toplayıb.

Jurnalist Edward Klein-in "Amateur" (Həvəskar) kitabı da Obamanın əleyhinə yazılıb və "New York Times"ın bestseller siyahısında 3-cüdür.

Əvvəllər prezident Kennedy haqqında da kitab yazmış Kein "Həvəskar"da hazırkı prezident administrasiyasının iş üslubu və Obama cütlüyünün şəxsi həyatını incələyir.

O öz kitabında hazırkı prezident komandasını "ölkə tarixinin ən gizlin fəaliyyət göstərən Ağ evlərindən biri" adlandırır. Onun yazdığına görə, Obama liderlik haqqında həvəskar təsəvvürlərə malik olan təcrübəsiz və yekəxana bir prezidentdir, o, solçu ideyalarla silahlanaraq ölkənin əsrlərlə formalaşan dəyərlərinə qarşı çıxır.

Aaron KleinBrenda J. Elliott-un birgə yazdıqları "Fool Me Twice" (Məni iki dəfə aldat) adlı kitabda da Obama Marksın əsərlərindən ilham alaraq Amerikada sosialist siyasət yürütməkdə suçlanır. Müəlliflərə görə, hazırkı dövlət başçısının, ikinci müddətə seçilərsə, həyata keçirmək istədiyi məxfi planları var. Məsələn, ölkənin qapılarını miqarantların üzünə açmaq, sonradan onlara kütləvi şəkildə Amerika vətəndaşlığı almaq imkanı yaratmaq. Çünki belə insanlar bir qayda olaraq Demokrat Partiyasına səs verirlər. Bundan başqa, kitaba görə, Obama səhiyyə sistemində dövlətin rolunu artırmaq kimi sosialist ideyasını da həyata keçirməyə çalışır...

"Amazon" on-line kitab satışı saytında qeyd edilir ki, kitab haqda müsbət rəy bildirənlərdən biri də əfsanəvi aktyor Chuck Norris-dir. O, hamını, xüsusən də noyabrdakı seçkilərdə Obamanın rəqibi olacaq Mitt Romney-ə sözügedən kitabı oxumağı tövsiyə edir.

"New York Times"ın bestseller siyahısında Obamanın yürütdüyü siyasəti təqdir edən bircə kitab var. Michael Grunwald-ın "The new new deal" kitabı siyahıda 15-cidir. Kitabda bildirilir ki, Obamanın iqtisadiyyata yardım paketi ölkənin dərin böhrana yuvarlanmasına imkan verməyən mühüm bir addım idi...
XS
SM
MD
LG