Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:41

YAP-la birgə imzalanan bəyanat İctimai Palatada istefalara səbəb oldu...


Arxiv foto: İctimai Palatanın iclası
Arxiv foto: İctimai Palatanın iclası
İctimai Palatanın (İP) Koordinasiya Şurasının bir neçə üzvü istefa verib.

İstefalara Ramil Səfərovla bağlı Avropa Parlamentinin qətnaməsinə İP-da təmsil olunan partiyaların YAP-la birgə imzaladıqları etiraz müraciətində bəzi məqamlar səbəb kimi göstərilir.

İstefa verənlərdən biri, politoloq Zəfər Quliyev AzadlıqRadiosuna deyib ki, o, Ramil Səfərovla bağlı birgə müraciətin əleyhinə olmayıb. Sadəcə onun fikrincə, bəyanatda elə ifadələr olub ki, həmin ifadələr müxalifətin indiyə qədər apardığı mübarizəyə tam ziddir:

«BU FORMADA İLHAM ƏLİYEVƏ DƏSTƏK VERMƏKDİR»

«Axı qətnamədə Ramil Səfərovdan başqa demokratiya, insan haqları, Azərbaycanın öhdəlikləri ilə bağlı məsələlər də var idi. Bu formada Avropa Parlamentini ikili standartlarda ittiham etmək, onun qətnaməsinə qarşı YAP-la müxalifətin mövqeyi üst-üstə düşə bilməz. Bu formada İlham Əliyevə dəstək verməkdir. Biz hesab edir ki, bu da düzgün deyil. Biz İctimai Palata olaraq müstəqil mövqeyimizi ifadə etməli idik».

Zəfər Quliyev
Zəfər Quliyev
Zəfər Quliyev deyir ki, onun Koordinasiya Şurasından istefa verməsinə təkan verən digər bir səbəb bu kimi məsələlərin ilk dəfə olaraq səsvermə ilə qəbul edilməsi olub:

«PƏNAH HÜSEYN, MƏN VƏ KÖÇƏRİ NAĞIBƏYLİ İSTEFAMIZI BƏYAN ELƏDİK»

«Həmişə konsensusla qərarlar qəbul edilirdi, qəbul edilməyəndə də Koordinasiya Şurasının iclası təxirə salınırdı. Bu məsələdə konsensusa nail olunmadı, amma buna baxmayaraq səsvermə ilə qərar qəbul edildi. Hesab edirəm bununla təhlükəli bir presedentin əsası qoyuldu. Həm belə bir presedentə, həm də Avropa Parlamentinin qətnaməsinə edilən etirazın mahiyyətinə etiraz olaraq iclasa sədrlik edən Pənah Hüseyn, mən və Köçəri Nağıbəyli istefamızı bəyan elədik».

Zəfər Quliyev deyir ki, o, İctimai Palatanın üzvlüyündən də istefa vermək haqqında düşünür.

PƏNAH HÜSEYN İSƏ AÇIQLAMA VERƏCƏM DEYİR

Amma İctimai Palatanın Koordinasiya Şurasının sentyabrın 19-da keçirilən iclasına sədrlik edən Pənah Hüseyn bu məsələ ilə bağlı yaxın saatlarda açıqlama verəcəyini deyir.

Köçəri Nağıbəylinin isə mövqeyini hələ ki öyrənmək mümkün olmayıb.

«BİZ AP-NİN YALNIZ RAMİL SƏFƏROVLA BAĞLI ETİRAZINA ETİRAZ ETMİŞİK»

Gülağa Aslanlı
Gülağa Aslanlı
Müsavat başqanının müavini, İP Koordinasiya Şurasının katibi Gülağa Aslanlı isə istefaları normal qarşılayır. Gülağa Aslanlı bildirir ki, Avropa Parlamentinə ünvanlanan müraciətdə bu qurumun Ramil Səfərovun əfv olunmasına verdiyi etiraza münasibət bildirilib:

«Yekun mətndə də aydın görünür ki, etiraz ancaq Ramil Səfərovun ekstradisiya və əfvinə Avropa Parlamentinin etirazına bildirilir. Yəni, qətnamənin başqa bəndlərinə etiraz yoxdur. İstefalara gəldikdə hesab edirəm ki, həmin adamlar indiyə qədər bir yerdə olmağı düşünürdülər, indi isə yox. Buyursunlar, ixtiyar sahibi onlardır».

Avropa Parlamenti Macarıstanda ömürlük həbsə məhkum edilən Ramil Səfərovun Azərbaycana ekstradisiya olunandan sonra əfv edilməsini pisləyən qətnamə qəbul edib.

Bir gün sonra isə hakim Yeni Azərbaycan Partiyasının qərargahında müxalifət və iqtidar partiyalarının məsələ ilə bağlı birgə toplantısı olub.

Toplantıda Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq müraciət hazırlanıb. Müraciəti AXCP və Müsavatla birgə 11 partiya imzalayıb.
XS
SM
MD
LG