Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Çeçenlər Suriyada


“The Guardian” qəzetinin saytından görüntülər.
“The Guardian” qəzetinin saytından görüntülər.
-

““Əsgərlər, əsgərlər!” – deyə pıçıltı ilə danışan birisi xəbərdarlıq edərək ötüb keçdi. Onun arxasınca snayperin güllələri küçənin tozunu göyə qaldırırdı. Bu, Abu Omar al-Chechen üçün kafi bir xəbərdarlıq idi. Onun “mühacirun qardaşları” kimi tanınan və al-əlvan geyinmiş dəstəsi Hələbin Universitet məhəlləsində yanıb külə dönmüş binanın qapısına sığınmışdılar. Qardaşlardan biri – milliyyətcə türk olan döyüşçü küçənin ortasında yıxılıb qalmışdı, onun yanında uzanmış başqa bir qardaş hələ sağ idi, lakin ağır yaralanmışdı. Qardaşlar onu snayper atəşlərinə görə xilas edə bilmirdilər”.

Bu, Londonda çıxan “The Guardian” qəzetinin müxbiri Ghaith Abdul-Ahad-in Hələbdən göndərdiyi reportajdan alınmış kiçik bir parçadır və bu parçada maraq kəsb edən budur ki, adı çəkilən Abu Omar al-Chechen doğrudan da çeçendir.

Bir vaxtlar Çeçenistanın dağlarında Rusiya ilə ərəblər vuruşurdular, indi isə Suriya dağlarında vuruşmaq növbəsi çeçenlərə çatıb.

Əslində Suriya və Rusiya sözlərindəki hərflər kimi, beynəlxalq cihad dəstəsinin tərkibində elə bir fərq yoxdur.

“Abu Omarın ərəbcə verdiyi əmrlər bir andaca çeçen, tacik, türk, fransız və urdu dillərinə tərcümə olunur. Suriyalı bələdçinin əlində çeçen və ərəb dillərində bağıran iki radio var” - yazır müəllif.

Onun qeyd etdiyinə görə bu günlər yüzlərlə beynəlmiləl döyüşçü Bashar al-Assad-a (Bəşər Əsəd) qarşı vuruşmaq üçün Suriyaya axışır. Bəzilərini bura inqilabın romantizmi, bəzilərini isə Assad ailəsinə qarşı nifrət gətirib.

“The Guardian” yazır ki, Suriya müharibəsinə ən yaxın yol Türkiyədən keçir.
Bir səudiyyəli qəzetə Suriyaya Türkiyədən piyada gəldiyini deyib. Onun sözlərinə görə gələnləri Suriya cihad düşərgələrinin adamları qarşılayırlar. Hər dəstəyə bir ərəb tərcüməçi verilir və 10 gün müddətində təlim keçilir.

Bundan sonra könüllüləri müxtəlif cihad təşkilatları arasında bölüşdürürlər.

SURİYA DAĞLARINDA ÇEÇENLƏRİN XÜSUSİ HÖRMƏTİ VAR

Lakin Abu Omarın çeçenləri kimi döyüşçülərə istisna olaraq yalnız özlərindən ibarət dəstələr yaratmaq icazəsi verilir.

“The Guardian” qəzetinin müxbiri yazır ki, milliyyətindən asılı olmayaraq sadə suriyalılar bu döyüşçüləri ümumilikdə “türk qardaşlar” adlandırırlar.

Müxbir Abdul-Ahad yazır ki, könüllülərin döyüş qabiliyyətini ilk baxışdan təyin etmək çətin deyil:

“Çeçenlər daha yaşlı, daha ucaboy, daha güclü görünürlər, ayaqlarında möhkəm yürüş çəkmələri var. Onlar silahlarını daha inamla daşıyır, başqalarına qaynayıb-qarışmır, yalnız öz dəstələrində olurlar”.

Məqalənin başqa bir personajı İraqlı Abu Salam al-Faluji-dir. O lovğalanır ki, cavanlığında Fəllucada amerikalılarla döyüşüb.

“The Guardian” qəzetinin müxbiri onu bir suriyalı ilə mübahisə edərkən görüb. Suriyalı tövşüyə-tövşüyə tanka RPG silahından üç dəfə atəş açsa da ona tanka heç nə olmadığını deyirmiş. Abu Salam isə suriyalını qınayır: “Daha denən ki, ata bilməmisən. Biz bu silahlarla amerikalılara atəş açıb onların Abrahams tanklarını məhv etmişik. T-72 Abrahamsın yanında nədir ki?”

“The Guardian” yazır ki, ən qəribəsi vaxtilə Abrahams tanklarını vurduğunu deyən Abu Salamın indi faktiki olaraq amerikalılarla eyni cəbhədə olmasıdır.

ÇEÇENLƏR SURİYA QİYAMÇILARINA ULTİMATUM VERİRLƏR

Bu arada çeçen komandir Abu Omar öz döyüşçülərinə Elmlər Universiteti ətrafında itirilmiş mövqeləri geri almağı əmr edir.

Suriya hökumət ordusu ordan tankları geri çəkib, lakin snayperləri mövqelərində saxlayıb. Az keçməmiş Çeçenlər artıq həmin meydandadırlar, lakin snayper atəşləri onları uçuq divarın arxasına sıxıb.

Yerli suriyalılarla ləhcə ilə, lakin klassik ərəb dilində danışan çeçen Abu Omar Əmr edir ki, onlar binaların damlarındakı snayperləri vursunlar. Abu Omar çox acıqlıdır. Onun 40 nəfərlik dəstəsindən artıq 30 nəfər qalıb.

O elə həmin gecə Suriyanın qiyamçı komandirlərinə ultimatum verir: “Əgər onlar dəstək üçün kifayət qədər adam gətirməsələr, mühacirun qardaşları əşyalarını yığıb gedəcəklər”.

SURİYALILARDAN DAHA VƏTƏNPƏRVƏR OLMAQ İSTƏYƏN GƏLMƏLƏR

“The Guardian” qəzetinin müxbiri yazır ki, Suriya inqilabına kömək üçün gəlmiş xarici könüllülərlə, yerli qiyamçılar arasında təhlükəli bir ziddiyyət var.
O yazır ki, hökumət qoşunlarının məğlubiyyətində əsas rol oynamış xarici cihad dəstələrindən biri Türkiyə ilə sərhəddə Əl-Qaedanın qara bayrağını qaldıranda Farouq briqadası türkləri əsəbiləşdirməmək üçün bu bayrağı endirməyi tələb edib.

Suriya qiyamçıları onlara buradan çıxıb getmək barədə ultimatum verəndə isə, sələfilər ətrafdakı təpələri tutaraq Farouq briqadasını hədələməyə başlayıblar.
Farouq briqadasının cənubi Daraa əyalətindən olan gənc leytenantı Abdullah Abu Zaid “The Guardian” qəzetinin müxbirinə bildirib ki, Suriyada təkrifiliyin yayılmasına imkan verməyəcək. Müxbir izah edir ki, burada təkrifilik deyəndə, gəlmə könüllülərin yerli müsəlmanların əsil müsəlman olmadıqlarının iddia etmələri başa düşülür.

Abu Zaid deyir ki, gəlmə cihadçılar yerliləri, yerli biznesi talan edir, reketlə məşğul olurlar.

Abdullah Abu Zaid özünü suriyalılardan daha vətənpərvər suriyalı sayan gəlmə cihadçılar barədə deyir: “Rejim illərində bizim islamımız saxtalaşdırılmış islam idi. İndi isə onlar bizə öz saxtalaşdırılmış islamlarını gətirirlər. Bizə lazım olan təkrifi islam yox, vətəndaş islamıdır”.
XS
SM
MD
LG