Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:20

Sevinc el Sevər. Yeni şeirlər


Sevinc El Sevər
Sevinc El Sevər
-

Sevinc el Sevər


YENİ ŞEİRLƏR


bilmədiyim çox şey

bacarmadığım o qədər şey var ki,
mənim balam...
Allahın bir cüt təkərli konkisini
ala bilmədim bu yay
sən də özünü göstərəsən yoldaşlarına, məsələn...
bacarmadığım işlər çoxdu, çox...

mən hələ doğru-dürüst ağlamağı bilmirəm
utanmadan oynamağı
sərhəd qoyuram iki gülüşümün arasına
bir-birinə qarışmasın deyə
biri artıq biri kəm olmasın deyə hesab aparıram...
xahiş eləməyi
kimdənsə bir şey istəməyi
bilmirəm
utana-utana sənə izn alıram müəllimindən...
mən hələ çox şeyi bilmirəm...

üzməyi bilmirəm
sudan qorxumu gizlətməyi bilmirəm
bu üzdəndi filmlərdə uşaqlarını
boğulmaqdan qurtaran ata-analar görəndə
qorxuyla sənə sarılmağım...
yalan deyəndə qızarmamaq əlimdən gəlmir...
gözlərimi eynəyin arxasında belə
gizlətmək dünyanın ən zor işi mənimçün...

müəllimini tərifləyə bilmirəm
sinif yoldaşlarının ata- anaları kimi...
bu üzdən sıxıntın var həmişə
gizlədə bilmirəm içimi ağrıdan şeyləri
üzünə deyirəm dostlarının, müəllimlərinin
mən olmayanda acığımı səndən çıxırlar...

mən hələ çox şeyi bilmirəm, balam...

mən bilmirəm durduğu yerdə
adama necə hədiyyə alırlar
başına iş gəlməyibsə
cibinə necə pul basırlar...

hələ sənin xətrinə
dişimi –dişimə tutub öyrəndiyim
bir para şeylər var...
müəllimlərinin səhvlərinə göz yummağım
sənin xətrinədir həmişə...
onlar sənə yalan deyəndə
yalanlarını çıxarmamağım...
çünki o yalanlar hamının həqiqət bildiyi yalanlardır
mənim balam...
sən o yalanlara inandıqca rahat yaşayacaqsan
gecələr yuxun
gündüzlər dincliyin qaçmayacaq...

mən çox şeyləri bilmirəm, mənim balam
hər şeyi bildiyimə inandırma özünü
qəlbin inciməsin
sarsıldıqca inamın...
səhvlər buraxdıqca mən
düşməyim gözündən
hər kəsin bilmədiyi şeylər var dünyada
başqalarının da bacarmadığı çox şey var ki
mən bacarıram
səni barmaqlarımın ucunda
qaldıra bilirəm tavana qədər, məsələn
müəlliminin tapşırdığı
vətən, millət mövzularında
yaxşı inşalar yazıram...

sən indi nə gözünün müzüyünü tökürsən
bir məsələni həll edə bilmirsən deyə...
çox böyük iş olub, pah!
öyrənərsən...
gördünmü bilmədiyim
öyrənməli olduğum nə qədər iş saydım sənə?!


Barış

Sən mənə bir dəfə aldandın cəmi
Mən isə... mən isə... hər addımbaşı
Götür qoy alnımın tən ortasına
Şeytanın evinə atdığın daşı

Daha Adəm olma, insan ol, insan
Mən Həvva deyiləm, qadınam çoxdan
Daha cənnətin yox itirməyə də
Səni Allah atdı, mənisə şeytan.

Mən səni itircək ağlaya bildim
Mən sənlə sevinmək,gülmək öyrəndim
Hər addımda səni təkrar elədim
Yaşamaq öyrəndim, ölmək öyrəndim.

“Şeytanım” deyərək, əzizləyirsən
Gah da “Şeytan!” deyib qovursan məni
Bilmədim sevirsən, nifrət edirsən
Nə götürürsən, nə qoyursan məni...

Yol da cəza kimi uzandı getdi
Ulduz tək işarmır heç mənzilbaşı
Tanrı məni sənə əmanət etdi
Al məni çiyninə, cənnətə daşı.


Dram teatrının qarşısında düşünən adam

cənab rejissor,
gəlmişəm baş rol verəsən mənə
Allahın yazısında baş roldayam çünki...
əla gəlirəm rolumun öhdəsindən
nə qədər ağlatsalar
ağlaya bilirəm
güldürsələr gülməyi bacarıram
göz yaşlarının arasından

sevməyi də bilirəm
tərk edilməyi də
məşqlərə də hacət yox
bir sürü tərk edilmə səhnəsi yaşadım
bir sürü xəyanətkar gördüm
yola verə bilərəm tərəf müqabillərimi
zalımını da
məzlumunu da yaxşı tanıyıram həyatın...

anasının tez-tez cəzalandırdığı uşaq
evə gələn qəfil qonağa
mehr salar ha
əvvəl çəkinər
sonra addım-addım yaxınlaşar
birdən qonağın qucağına düşər
stolun üstündəki qənddandan
noğul alıb ağzına basar qonaq
anasının qorxusundan qənddana
əl uzatmayan uşağın
bax elə düşdüm həyatın da
sevginin də qucağına
qəfil ayağa qalxıb
“xoşca qalın!” dedi və getdi...
mən o qonağın dalınca çox ağladım, çox...
anam döyüb kiridənədək.

cənab rejissor,
növbəti tamaşanda baş rol ver mənə
mən onlara göstərim
adamlar necə yaşayırlar
necə ölürlər
necə ağrıyırlar
dramatik olsun tamaşa
elanda yazın ki,
bir yox
üç-dörd cib yaylığıyla gəlsin qadınlar
kişilərin cibində valedol olsun
ehtiyat üçün
mən onlara göstərəcəm həyatın əsl üzünü...
onlar buna hələ hazır deyillər!

cənab rejissor,
mən sevgisizəm
amma sevgidə naşı deyiləm
qorxma öldürücü zərbə vurmaram
tamaşaçılarına
bir sonrakı tamaşalarına da
bilet alıb gələcəklər
narahat olma!
səhnədə gerçək ölümü göstərəcəm onlara
premyeradan gələn gəliri
uşaqlarıma verərsən
uzun zamandı işsizəm...
qoy arvadım da gəlsin
onun da payı var ağrılarımda
bədəlini alsın da getsin!
cənab rejissor,
çəkilib bir kənara
siçovul kimi gizlincə ölmək istəmirəm
Romeo, Maqbet kimi
ölməyimi qoy hamı görsün
sonda alqışlasınlar
alqışlasınlar ki,
bu zalım həyatın öhdəsindən kişi kimi gəldim!

ağzıma soxulmayın,
cənab rejissor
içməmişəm
sərxoş da deyiləm!


Ay ana, gəl!

mənə kimsə dua etmir nə vaxtdı
üstüm açılanda üstümü örtmür
eybim görünsə eybimi örtmür!

yastıq düzmür divarlarla arama
divarlar toxunmasın soyuq əlləriylə...

başımı buz kimi pəncərələrdə
unuduram tez-tez
səsləmir kimsə
kədərin içindən çəkib almır...

yalan danışmırlar mənə nə vaxtdı
vədlər vermirlər
arzularımın çin olacağına dair

daha ağladığımı gizləyirəm utancla
üzümü ətəyinə siləsi kimsəm yox...
bundan möhkəm ağlayardım
səsim duyulsun deyə
artıq içimə axıdıram yaşları...

qaraçuxa kimi addımbaaddım
izləyənim yox
tökdüyümü yığan
yıxdığımı qaldıran yox!

bezərdim bir zamanlar
gah əlində boşqab
gah canlıq
bir cüt corab
dalımca gəzməyindən
indi səndən ötrü darıxıram, ay ana!
kürəyimi soyuq divarlar
alnımı buz pəncərələr
ürəyimi zalım adamlar apardı
qoyma, gəl!


Kədərdən bəhs edən son şeirim olsun!

kədərli şeirlər çox yazıldı
şən şeirlər azdı
necə ki, bədbəxt adamlar
çoxdu xoşbəxtlərdən
ölülər çoxdu dirilərdən...

yol boyu rastıma çıxan
bütün qəbirstanlıqlarda
başdaşlarının dim-dik dayanıb
ölümə qarşı
etiraz aksiyası keçirdiyini gördüm
sinələrində adları
doğum və ölüm tarixləri yazılı
hamısı yaşama müddətindən narazı
şəkilləri də var
baxışlarında
“ölmək istəmirdim!” şüarı...

kim deyir ki, xoşbəxtdi daşlar, qayalar
dağlar
burunları kədərdən ovulub, görmürsənmi?
gülürsə, insana istehzayla gülür
təbiət də
Allah da!

bütün kədərlərdən daddım
hamısının dadı, rəngi bir
əli duzsuz aşpazın əlindən çıxmış hamısı

hara baxıramsa
bir cüt gözlə qaş görürəm
daşların üzündə
ayın simasında
adamların alnının ortasında
qaşlar çatılı
gözlər acıqlı

mən uşaq olanda da
yatmaqla cəzalandırılanda
o gözlərin qorxusundan yumardım gözlərimi
bir də baxardım, yatmışam.

bir insan yoxdur kədərə yoluxmamış

şeirlər yazdım
qəfildən
kədərlə qələbəliyin içində toqquşduğum gündən
üzr istəmişdim
çiynini ovuşdurmuşdum körpə əllərimlə
kinli gözləriylə baxıb getmiş
bağışlamamışdı
əlindən bir şüşə düşmüş
içindən par-par yanan maye axmışdı
kədər sevinc tapmışdı
içib sevincə dönəcəkdi həmişəlik
hər zaman tapılır mənim kimi biri
qələbəliyin içində
sevincə tələsə-tələsə kədərlə toqquşur...

mən başqa nağıl uydura bilmirəm, qızım
kədərlə bağlı
həyat niyə kədərli sorduğun qəbahət
dünyanın ən kədərli adamına...
XS
SM
MD
LG