Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:53

Saqqala görə şəxsiyyət vəsiqəsi ala bilmirlər


Allahyar Yusubov
Allahyar Yusubov
-
Zaqatala rayonunda bir qrup şəxs şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb də onların saqqallı olmasıdır. Rayonun Yuxarı Tala kəndindən olan Allahyar Yusubovun AzadlıqRadiosuna dediyinə görə, köhnə vəsiqələri əllərindən alınıb, yenisi də verilmir:

«Mən saqqal saxlayıram, həmişə saqqallı olmuşam. Deyirəm mənim şəxsiyyətim belədir, belə sənəd istəyirəm. Bunlar da deyir ki, vermirik, bizim rayonda olmaz. Biz demokratik Azərbaycan Respublikasının vətəndaşıyıq. Qanun da hamı üçün eynidir. Hər yerdə ayrı-ayrı qanunlar yoxdur ki? Biz bilirik ki, Bakıda və başqa rayonlarda saqqallı şəkillə şəxsiyyət vəsiqəsi verilir. Biz gedirik vəsiqə almağa, deyirlər Zaqatalada olmaz. Bunu qadağan edən qanun olmalıdır, həmin qanun əsasında da mənə deyilməlidir ki, belə olmaz. «Pasportstol»da qanundan bir söz demirlər, sadəcə deyirlər olmaz».

«İNDİYƏ QƏDƏR SƏNƏDLƏRDƏ SAQQALLI OLMUŞUQ»

Allahyar Yusuvov indiyə qədərki şəxsiyyət vəsiqəsində saqqallı olduğunu deyir:

«Bizim rayonda digər adamlar da olub, onların da şəxsiyyət vəsiqəsindəki fotoları saqqallı olub. Vətəndaş saqqal saxlayırsa, o, istənilən vaxt müraciət edib vəsiqə götürə bilər. Yəni, bunu qadağan edən bir qanun yoxdur».

Allahyar Yusubov deyir ki, ötən ildən başlayaraq onların saqqalları bir neçə dəfə məcburi qırxılıb. Təzyiqlər dayanmadığından onlar məhkəməyə müraciət ediblər. Amma nə rayon, nə də Şəki Apelyasiya Məhkəməsi onların iddiasını təmin edib.

DİN SÖZÇÜSÜ: İDDİALAR ƏSASSIZDIR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə həmin şəxslərin polisə qarşı iddialarını əsassız sayır:

«Bunu həmin adamların şikayəti əsasında rayon məhkəməsinin çıxardığı qətnamə də təsdiqləyir».

ƏLÖVSƏT ƏLİYEV: BU, VİCDAN AZADLIĞININ MƏHDUDLAŞDIRILMASIDIR
Əlövsət Əliyev
Əlövsət Əliyev

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə bu məsələdə dövlət qurumlarının iki qanun pozuntusuna yol verdiyini deyir. O, hesab edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsini polis deyil, yalnız məhkəmə və istintaq orqanı götürə bilər. Bundan başqa, şəxsiyyət vəsiqəsi haqqında qanunda da şəkildə saqqallı olub+olmamaqla bağlı heç bir məhdudiyyət yoxdur:

«Şəkil öndən çəkilməlidir və hər iki qulaq görünməlidir».

Mərkəz rəhbəri baş verənləri vicdan azadlığının məhdudlaşdırılması hesab edir. O, düşünür ki, yəqin hansısa icra hakimiyyətinin tapşırığı var.

Daxili İşlər Nazirliyinin internet səhifəsində şəxsiyyəti vəsiqəsi və ümumvətəndaşlıq pasportunun verilməsi üçün təlimatda 2 və 3 rəngli fotoşəkil tələb olunur. Həmin sənəddə fotoşəkildə saqqalla bağlı hər hansı məhdudiyyət qeyd olunmayıb.

«ÖLKƏ KONSTİTUSİYASI DİN AZADLIĞINA TƏMİNAT VERSƏ DƏ...»

ABŞ Dövlət Departamentinin dünyada din azadlığının vəziyyətindən bəhs edən son hesabatında qeyd olunur ki, ölkə Konstitusiyası din azadlığına təminat versə də, başqa qanunlar praktikada bu azadlığı məhdudlaşdırır.

Hesabatda deyilir ki, bəzi hallarda müsəlman və xristian qruplardan olan dindarlar saxlanır və hökumət dini qruplar üçün cansıxıcı məhdudiyyətlər tətbiq edir. Həm də son bir ildə qəbul edilmiş qanunvericilik aktları bu məhdudiyyətləri daha da artırıb.
XS
SM
MD
LG