Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:34

İlqar Məmmədov və Tofiq Yaqublu həbsdə qaldı [Video]


Avropa Birliyi Azərbaycandakı həbslərdən narahatdır
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Avropa Birliyi

-
«BU İSTİNTAQA TƏZYİQDİR»
Xarici İşlər Nazirliyi (XİN) Avropa Birliyinin Tofiq Yaqublu və İlqar Məmmədovun işi üzrə prosesə müdaxiləsini yolverilməz adlandırıb.

APA-nın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Catherine Ashton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Štefan Fülenin Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının həmtəsisçisi İlqar Məmmədovun həbsi ilə əlaqədar verdikləri bəyanata münasibət bildirərkən belə deyib. O bildirib ki, bu bəyanat araşdırmalara təzyiq faktı kimi qiymətləndirilir:

«Özünü demokratiyanın beşiyi sayan Avropada anlamalıdırlar ki, araşdırma prosesinə müdaxilə etmək olmaz, bu, istintaqa təzyiqdir. Biz Azərbaycana bu cür yanaşmanı başa düşmürük»- deyən Elman Abdullayev Azərbaycanda jurnalistlərə qarşı heç bir təqib olmadığını da deyib.

AVROPA BİRLİYİNİN NARAHATLIĞI

Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Štefan Füle İsmayıllı hadisələri ilə əlaqədar REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun məhkum olunmasından narahatlıq bildirib.

Onun verdiyi bəyanatda deyilir ki,

«bu həbslər Azərbaycanda ədalətin necə tətbiq olunması haqda mənfi təəssürat oyadır. Biz Azərbaycanı qəbul etdiyi beynəlxalq öhdəliklərə uyğun olaraq həbs edilmiş bütün insanların hüquqlarının tam təmin olunmasına, prosesdə tam aşkarlığa çağırırıq».

Bəyanatda bildirilir ki, AB nümayəndəsi Bakıda məhkəmə dinləmələrini izləyir və hakimiyyətlə təmasdadır.

QƏRAR DƏYİŞDİRİLMƏDİ

Bakı Apelyasiya Məhkəməsi İlqar Məmmədov haqqında seçilmiş 2 aylıq həbs-qətimkan tədbiri ilə bağlı qərarı qüvvədə saxladı.

DİPLOMAT MƏHKƏMƏYƏ BURAXILMADI

İlqar Məmmədovun məhkəmə prosesini izləmək istəyən AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia-ya rədd cavabı verilib.

Məhkəmə sədri bunu onunla izah edib ki, iclas qapalı keçirilir, heç kim, o cümlədən diplomatlar belə içəri buraxıla bilməz

«BİZDƏ OLAN BİLGİLƏR BAŞQA ŞEY DEYİR»

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia AzadlıqRadiosu müxbirinin suallarına cavab verib. İlqar Məmmədovun həbsi ilə bağlı bunları deyib:

– Mən bura Avropa Birliyinin son həftələr baş verən həbslərlə bağlı dərin narahatlığını bildirməyə gəlmişəm. Biz həmçinin bu məsələdən çox üzgünük. Daha çox informasiya almaq üçün xeyli cəhdlər etmişik. Mən məhkəmənin işinə müdaxilə etmək istəmirəm, ancaq biz baş verənlərlə bağlı daha çox bilgi almaq istərdik. Çünki bizə onların təqsirli bilindiyi cinayətlərin doğrudan da baş verməsinə dair elə də aydın dəlil verilməyib. Biz bu iddiaların əsaslandırılmasını istəyirik.

Roland Kobia
Roland Kobia
Prezident seçkiləri ərəfəsində bu məsələlərin baş verməsini görmək narahatlıq yaradır. Məncə, yaxşı bir şey baş verməsə, Avropa Birliyi buna ictimai şəkildə reaksiya verməli olacaq.

– Bəs bu yaxınlarda aksiyalarda saxlanan digər etirazçılar barədə fikriniz nədir?

– Bir daha deyirəm ki, bizdə tam bilgi yoxdur. Mən İsmayıllıda şəxsən olmamışam, ona görə də mühakimə yürüdə bilmərəm, istintaqı polis, ədliyyə orqanı aparmalıdır. Mən məsələyə heç bir müdaxilə etmək istəmirəm, bu Azərbaycanın suveren məsələsidir. Biz sadəcə aydınlaşma istəyirik. Nə baş verdiyini bilmək istəyirik. Bizim öz bilgilərimiz var və bu bilgilər başqa şey deyir. Bilirik ki, orada azı xeyli adam zorakılığa çağırmayıb. Qoy məhkəmə öz işini görsün. Ancaq ümid edirik ki, məhkəmə ədalətli olacaq.

MƏHKƏMƏ T. YAQUBLU BARƏSİNDƏ QƏRARI QÜVVƏDƏ SAXLADI

Bakı Apellyasiya Məhkəməsi yanvarın 31-də Nəsimi rayon Məhkəməsinin Tofiq Yaqublu ilə bağlı seçdiyi 2 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Bu haqda AzadlıqRadiosuna Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyib.

Onun sözlərinə görə, vəkillər Tofiq Yaqublu barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin ləğvini istəyiblər, ancaq məhkəmə bunu rədd edib.

ROLAND KOBİA DA MƏHKƏMƏYƏ GƏLİB

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia Bakı Apellyasiya Məhkəməsinə gəlib. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Kobia jurnalistlərə açıqlama vermədən birbaşa məhkəmə zalına keçib.

TOFİQ YAQUBLUNUN ŞİKAYƏTİNƏ BAXILIR

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun şikayətinə baxılır. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, məhkəmə qapalı keçirilir.

İLQAR MƏMMƏDOVLA BAĞLI MƏHKƏMƏ İCLASI BAŞLAYIB

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı məhkəmə iclası başlayıb. Məhkəmə qapalı keçirilir. Kütləvi informasiya vasitələrinin işçiləri, eləcə də İlqar Məmmədovun ailə üzvləri, yaxınları da iclas otağına buraxılmayıblar.

Vəkili Fuad Ağayev İlqar Məmmədovun apellasiya məhkəməsi haqda danışır:



İlqar Məmmədovun vəkili Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, İlqar Məmmədovla bağlı məhkəmə prosesi saat 15-dək təxirə salınıb.

Vəkil Nemət Kərimli Tofiq Yaqublunun apellasiya məhkəməsi haqda danışır:



Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsi vəkillərin qeydlərini araşdırmadan işi Bakı Apelyasiya Məhkəməsinə göndərib. Vəkil işin yenidən Nəsimi rayon məhkəməsinə göndərilə biləcəyini istisna etməyib.
Bakı Apellyasiya Məhkəməsinin qarşısı
Bakı Apellyasiya Məhkəməsinin qarşısı
Fevralın 4-də İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Hüquq-mühafizə orqanları bildirir ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib.

Hər ikisi ittihamları rədd edir.

Günahları sübuta yetirilərsə onları 3 ildən 7 ilədək həbs gözləyir.
XS
SM
MD
LG