Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:36

Nargində güllələnmiş Azərbaycan generalı - Feyzulla Mirzə Qacar Qovanlı


Feyzulla Mirzə Qacar (1872-1920)
Feyzulla Mirzə Qacar (1872-1920)

AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq.

-
GENERAL OĞLU GENERAL OLDU!

Feyzulla Mirzə Qacar general Şəfi xan Mirzənin oğludur. Onun əmisi Rzaqulu Bəhmən Mirzə də general olub. Şəmistan bəy bildirir ki, Feyzulla bəy 4 general əminin—Rzaqulu Mirzə, Əmir Kazım Mirzə, Əmənulla Xan Mirzə və Məhəmməd Mirzənin general rütbəsi alan yeganə qardaşoğlusudur…

HƏYATI

1872-ci ildə Şuşada doğulub. Şəhər real məktəbini bitirdikdən sonra Peterburqdakı Nikolayev Süvari Məktəbində oxuyub.

1904-05-ci illərdə Port-Arturun müdafiəsində iştirak edib.

General Hüseyn xan Naxçıvanskinin komandanlıq etdiyi İkinci Dağıstan Alayında podyesaul (kazak qoşunlarında kapitan) rütbəsində bir sıra döyüşlərə qatılıb.
1905-ci ildə döyüşlərin birində yaralanıb. Həmin döyüşdə göstərdiyi igidliyə görə «Niva» jurnalında fotosu da çıxıb.

1912-ci ildə 16-cı Tver-Draqun Alayında rotmistr rütbəsində xidmət edib. Birinci Dünya müharibəsində çeçen süvari alayının komandiri olub.

BAKIDA ÇIXAN «KASPİ» QƏZETİ ŞAHZADƏDƏN NƏ YAZIRDI?

1916-cı ildə çıxan «Kaspi» qəzeti yazırdı:

«Çeçen süvari alayının komandiri, dördüncü dərəcəli «Müqəddəs Georgi» ordenli şahzadə podpolkovnik Feyzulla Mirzə Qacar 1915-ci il fevralın 15-də şəxsi təşəbbüsü ilə sıralarında yalnız bir zabiti olan Ulan-kazak alayının dörd bölüyünə komandanlığı öz üzərinə götürmüşdür. Çoxlu tüfəng və pulemyot atəşindən məharətlə istifadə edən cəsur komandir Feyzulla Mirzə Qacar Brin kəndini düşməndən itkisiz geri almışdır. Belə mühüm əhəmiyyətli döyüş sahəsini düşməndən təmizlədiyinə görə igid komandir Feyzulla Mirzə Qacar üçüncü dərəcəli «Müqəddəs Vladimir» (qılıncla birgə) və ikinci dərəcəli «Müqəddəs Anna» (qılınc və bantla birgə) ordenlə təltif olunmuşdur. Şahzadəyə həm də polkovnik rütbəsi verilmişdir».

GENERAL-MAYOR RÜTBƏSİ

1917-ci il mayın 7-də əla komandirlik məharətinə və döyüş qabiliyyətinə görə Feyzulla Mirzə Qacara general-mayor rütbəsi verilir. Həmin il sentyabrın 30-da o, Qafqaz müsəlmanlarından təşkil olunan Birinci Qafqaz Süvari Diviziyasına komandir təyin olunur.

VƏTƏNƏ DÖNÜŞ...

Rusiyadakı inqilabi çevrilişdən sonra Feyzulla Mirzə Qacar Vətənə dönür. 1918-ci il dekabrın 23-də Baş Qərargah rəisinə raport yazır:

«Yenidən hərbi xidmətimi davam etdirmək arzusu ilə mənim Azərbaycan ordusu sıralarına qəbul olunmağım haqqında zəmanət vermənizi xahiş edirəm».

GƏNCƏ QARNİZONUNUN RƏİSİ

1919-cu il yanvarın 9-da Cümhuriyyətin Hərbiyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Həbib bəy Səlimovun əmri ilə Feyzulla Mirzə Qacar Gəncə qarnizonunun rəisi təyin olunur.

QARA APREL

1920-ci il Aprel çevrilişindən sonra tarixə Gəncə üsyanı adıyla düşən üsyanda Feyzulla Mirzə Qacar da iştirak edirdi. Bir həftə davam edən döyüşlərdə Qacarlar nəslindən olan 4 generaldan üçü—Əmir Kazım Mirzə, Məhəmməd Mirzə və Feyzulla Mirzə şəhid olub…

Bir versiyaya görə, Feyzulla bəy Gəncə üsyanında süvari dəstəsiylə mühasirəyə düşüb və Bakıya gətirilib.

ÇK onu müsavatçılarla birgə Nargində güllələyib…

AİLƏSİ

Ancaq bircə cümlə: Feyzulla Mirzə Хurşid xanım Naхçıvanski ilə ailə qurmuşdu...
XS
SM
MD
LG