Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:28

Yenicə çapdan çıxan Rəsulzadə ensiklopediyasında nələr var?


Nəsiman Yaqublu
Nəsiman Yaqublu
-
Azərbaycan Demokratik Respublikasının banilərindən biri - Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini əks etdirən ensiklopediyanın müəllifi Nəsiman Yaqublunun AzadlıqRadiosuna müsahibəsi:

-- Nəsiman bəy, xoş gördük! Ensiklopediyanın çıxmasını sevinclə qarşıladıq. Sizi hər zaman Rəsulzadə irsinin araşdırıcısı kimi tanımışıq. Lütfən söyləyin, ensiklopediya nəşr etdirmək fikri necə yarandı?

--Bu, əslində mənim Rəsulzadə irsi ilə bağlı 25 illik araşdırmalarımın nəticəsidir. Rəsulzadə haqında ensiklopediyanın hazırlanması çox çətin işdir. Həm araşdırma baxımından, həm də sənədlərin, materialların toplanması baxımından. Digər tərəfdən, ensiklopediya hazırlamaq özü çətindir. Ensiklopediyanı hazırlamaqda əsas məqsədim o oldu ki, çağdaş dünyamızda insanlar böyük həcmli əsərləri oxumağa meyl göstərmirlər. Odur ki, informasiyanı insanlara çatdırmaq lazımdır. Rəsulzadənin həyat və fəaliyyətinin öyrənilməmiş məqamları çoxdur. Onu öyrənməyə bir insan ömrü yetməz. Ona görə də, bunları toplam ensiklopediya şəklində yazdım ki, oxucular bu böyük şəxsiyyət barədə böyük informasiya əldə etsin.

-- Ensiklopediyada indiyə qədərki araşdırmalarınızda əksini tapmayan hansı yeniliklərə rast gəlmək olar?

--İlk dəfə olaraq kitabın sonunda Rəsulzadənin biblioqrafiyasını--Azərbaycanda, Türkiyədə, Almaniyada, Fransada, Polşada, İngiltərədə nəşr edilmiş əsərlərinin, məqalələrinin ümumi siyahısını verdim. Aydın oldu ki, Rəsulzadənin sağlığında yazdığı məqalələrin sayı 1149-dur, üstəgəl 27 kitab! Bunların hamısı nəinki Azərbaycanın, dünyada müstəqillik uğrunda mübarizə aparan bütün xalqların azadlığı ilə bağlı yazılardır. Rəsulzadə bu mənada nəhəng bir şəxsiyyətdir. Bir məqam da odur ki, bu nəşrdə Rəsulzadənin tarix, ədəbiyyat, siyasət, haqqında yeni baxışlarını ortaya qoyduq. Həmin baxışlar sisteminin Azərbaycan cəmiyyətinə gətirilməsi ilə bu sahələrdə yeni bir konsepsiya formalaşacaq. Çünki bugünədək yazdığımız tarix bir tərəfə, Rəsulzadənin yazdığı tarix bir tərəfədir. Başqa sahələr də eləcə. Yəni Rəsulzadə yazılarıyla sanki yeni bir Azərbaycan cəmiyyətinin modelini hazırlayıb.
Ensiklopediyada Rəsulzadənin çıxış etdiyi dünyanın müxtəlif ölkələrində çıxan qəzet və jurnallar haqqında ilk dəfə məlumat verdik. Eyni zamanda «Şərqi-Rus» qəzetindəki, «Azərbaycan» qəzetindəki, «Yeni Kafkasiya», «Azərtürk», «Qurtuluş», «İstiqlal» və s. dərgilərdə çıxan yazılarını yerləşdirdik. Fikrimcə, bu, Rəsulzadənin Azərbaycan cəmiyyətinə yeni bir gəlişidir. Daha bir yenilik Rəsulzadənin ünsiyyətdə olduğu şəxsiyyətlərlə bağlı məlumatlardır. Zəki Vəlidi Toğan, Əli bəy Hüseynzadə, Abdulla Battal Saymaz, Seyid Həsən Tağızadə, İosif Stalin, marşal Pilsudski, Mustafa Kamal Atatürk, Adolf Hitler kimi şəxsiyyətlərlə bağlı bütün məqamlara işıq saldıq. Eyni zamanda bu şəxsiyyətlərin Rəsulzadə ilə bağlı fikirlərini verdik. Və nəhayət, bəzi şəxsiyyətlər barədə ilk dəfə bu ensiklopediyada məlumat verə bildik. Onların hətta fotolarını çox böyük çətinliklə tapa bildik. Məsələn, Fon Mende. O zaman Almaniyanın Şərq Nazirliyində Qafqaz bölməsinin rəisi işləyib. Bu adam Almaniya dövləti ilə Rəsulzadənin əlaqələrini tənzimləyib. Adı vardı, fotosu yox. Böyük çətinliklə onun fotosunu tapdıq. Və yaxud «Prometey» ideyasının müəllifi olan polyak Tadeuş Şetselin şəklini tapıb ensiklopediyaya daxil etdik. Bir şeyi də vurğulayım. İlk dəfə olaraq Rəsulzadənin ailəsi, nəsli haqqında geniş məlumat verdik. Anasının, həyat yoldaşının, övladlarının şəxsiyyət vəsiqələrini yerləşdirdik. Hətta 1813-16-cı illərdə Bakıda Novxanı kəndində əhalini qeydiyyata alma sənədini tapdıq... və orada Rəsulzadənin babasının adını gördük--Rəsul. 59-cu sırada babasının adı verilib. Təxminən 200-ə qədər foto, sənəd, arxiv materialı bu ensiklopediyada toplanıb. Fikrimiz var ki, bu ensiklopediyanı rus, ingilis, fransız, alman dillərində də çap etdirək. İnternetdə onun ayrıca saytını yaradaq və bütün materialları orada yerləşdirək.

-- Nəsiman bəy, kitabın təqdimatı nə vaxt olacaq?

--Sabah saat 15-də Müsavat Partiyasının qərargahında kitabın böyük təqdimat mərasimi olacaq. Azərbaycanın tanınmış ziyalıları iştirak edəcəklər. Arzu edərdim ki, AzadlıqRadiosu da orada olsun. Çünki bu ensiklopediyada AzadlıqRadiosunun əsasını qoymuş Fətəlibəyli - Düdənginski ilə bağlı Rəsulzadənin maraqlı fikirlərini də vermişik.

--Kitab satışda olacaqmı?

--Elə orada kitabın satışı olacaq. Gənclər təşkilatları onun satış kampaniyasını keçirəcəklər. Kitabı hər zaman mağazalardan, Müsavat qərargahından, «Kitab Klubu»ndan da əldə etmək olar. Yeri gəlmişkən, kitabın nəşrinə kömək etmiş M.Ə. Rəsulzadə Məclisinin sədri Moskvada yaşayan Füzuli Fərəcova təşəkkürümü bildirirəm. Kitabı çap etmiş «Kitab Klubu»na minnətdarlıq edirəm. Amma arzulayardım ki, ensiklopediyanın başqa dillərə tərcüməsində dövlət dəstəyi olsun. Azərbaycanın imkanlı şəxsləri bu işdə yardımçı olsun.

--Məncə, bu nəşr Azərbaycan Cümhuriyyətinin 95 illiyinə gözəl töhfədir. Təşəkkür edirəm. Həm oxucular, dinləyicilər adından, həm də öz adımdan.

--Sağ olun.
XS
SM
MD
LG