Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:20

İlqar Məmmədov «kars»a salınıb


İlqar Məmmədov
İlqar Məmmədov
-
İlqar Məmmədov cəza kamerasına salınıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib. O, bunun onun İlqar Məmmədovla görüşündən sonra baş verdiyini deyir:

«Bu gün getdim yanına. Məlum oldu ki, dünən İlqar Məmmədovla görüşəndən sonra onu karsa salıblar. İlqar Məmmədov kamerasında tək qalırdı. Mənimlə görüşdən bir neçə saat sonra onun kamerasına başqa adam gətiriblər. O başa düşüb ki, onu provokasiyaya çəkirlər. Buna görə də kameraya girməkdən imtina edib. İlqar Məmmədova deyiblər ki, ya başqaları ilə birlikdə qalacaqsan, ya da aparacağıq cəza kamerasına. O da girməyib və cəza kamerasına salıblar. Neçə vaxtlıq salmalarını hələ bilmirik».

Vəkil bildirdi ki, cəza kamerasına salınma qərarını əldə etdikdən sonra şikayət ərizəsi verəcəklər.

«REAL» Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət) maddələri ilə ittiham irəli sürülüb.

O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

«ŞİKAYƏT VERSİN»

Penitensiar Xidmətin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkum yalnız daxili intizam qaydalarını pozduqda, cəzaçəkmə təcridxanasına salınır:

«İlqar Məmmədov cəzaçəkmə təcridxanasına salınıbsa, yalnız və yalnız daxili intizam qaydalarını pozduğuna görədir. İstənilən məhkumun və ya təqsirləndirilən şəxslərin bu və ya digər səlahiyyətli orqanların hərəkətlərindən şikayət etmək hüququ var. O düşünürsə ki, qanunsuzdur, şikayət versin».
XS
SM
MD
LG