Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:08

««Eurovision» ərəfəsində «maviləri» partlatmaq... istəyirdik»


Foto: Arxiv
Foto: Arxiv
-
«Həmin «şurada» mənə, Vüqar Padarova və Samir Sanıyevə Azərbaycanın müxtəlif bölgələrində, həmçinin 2012-ci ilin mayında Bakıda keçiriləcək «Eurovision 2012» mahnı müsabiqəsi ərəfəsində bir sıra təxribat-pozuculuq və terrorçuluq aksiyalarının törədilməsini tapşırdılar... Mənə və Vüqar Padarova 5 min dollar verdilər. O vaxt Samir Sanıyevə nə qədər pul verildiyini bilməmişəm».

GİRİŞ QAPISINDAKI MÜLKİGEYİMLİLƏR

İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Eurovision 2012» mahnı yarışması öncəsi Bakıda və regionlarda terror aksiyaları planlaşdırmaqda təqsirləndirilən 29 nəfərin məhkəməsi davam edib. Prosesi izləmək üçün hər məhbusun bir ailə üzvü salona buraxılıb. Giriş qapısında bildirilib ki, jurnalistlər məhkəməyə buraxılmayacaqlar. Bunu bildirənlərin məhkəmə nəzarətçisi və ya əsgər deyil, giriş qapısında dayanan mülkigeyimli şəxslər olması diqqət çəkib.

Məhkəmə nəzarətçiləri məhkəmə binasının önündəki çayxanaya yığışmışdılar. Binanın içərisinə mülkigeyimli şəxslər nəzarət edirdi. Onlar nə özlərini tanıdır, nə də sənəd göstərirdilər. Məhkəmə işçiləri və təqsirləndirilən şəxslərin ailə üzvləri onların MTN əməkdaşları olduqlarını deyirlər.

Saat 11 radələrində başlanan prosesdə dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb.

İttiham aktında dəstə başçısı kimi göstərilən Elmir Nurəliyevin ifadəsi də yer alıb. O, ifadəsində 2001-ci ildən özünü əhli sünnə saydığını, namazını «Əbu-Bəkr» məscidində qıldığını, «Mühəmməd» dini adını götürdüyünü bildirib. Dini savadımı artırmaq üçün Suriyaya gedib. Orada «əl-Qaidə» beynəlxalq terrorçu təşkilatının Pakistan, Əfqanıstan və Suriya üzrə nümayəndələri ilə tanış olub. Onların köməyi ilə yerli mədrəsələrdə cihada hazırlaşmaq üçün dini və psixoloji təlimlər keçib. Pakistanda, Əfqanıstanda olub, «Taliban»ın «Qafqazlılar» adı ilə tanınan qanunsuz silahlı birləşmələrinin tərkibində koalisiya qüvvələrinə qarşı döyüşüb.

Bir müddət Dağıstanda Rusiya federal qoşunlarına qarşı vuruşub və Azərbaycanda şəriət dövləti qurmaq məqsədilə Dağıstanda silahlı qruplar yaratmaq istəyənlərə qatılıb. Qruplardakı azərbaycanlılar – «Busra» ləqəbli Vüqar Padarov, «Abu-Ubeydə» ləqəbli Samir Sanıyev onu bazaya çağırıblar. Silahlı dəstə rəhbərlərinin iştirakı ilə keçirilən «şuranın» da üzvü olub. Elmir Nurəliyevin ifadəsinə görə, Azərbaycana göndərilən qruplaşmaya Samir Sanıyev əmir təyin olundu:

«Ancaq «Saleh Qubdenski» ləqəbli İbrahimxəlil Davudov əmir təyin ediləndən sonra Azərbaycana göndərilən silahlı qruplaşmanın əmirini dəyişdirdi və Samir Sanıyevin yerinə Vüqar Padarovu əmir təyin etdi. Bundan sonra «Saleh Qubdenski» bizi həm silahlandırdı, həm də Azərbaycana keçirmək üçün çoxlu döyüş sursatı verdi».

TAPŞIRIQ

«Vüqar Padarovla birlikdə gizli yolla Dağıstandan Azərbaycana odlu silah, döyüş sursatı keçirmişik. Azərbaycana gəlməkdə planlarımız terror aktları törətmək, burada ziyarətgahları partlatmaq, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin, Baş Prokurorluq və digər dövlət qurumlarının inzibati binalarına silahlı basqınlar etmək, Bakı şəhərində təşkil olunan «Eurovision 2012» mahnı yarışması ərəfəsində bir sıra terrorçuluq planlarını həyata keçirmək idi».

İfadəyə görə, yerli hüquq-mühafizə orqanlarının inzibati binası ilə yanaşı, Ədliyyə Nazirliyinin, məhkəmələrin, icra hakimiyyətlərinin binalarına da basqın planlaşdırılıbmış. Məqsəd – dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətinə salmaq və bundan yararlanaraq irimiqyaslı terror aktları gerçəkləşdirmək olub:

«Bu tapşırığın icrası ilə bağlı 3-4 dəfə Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən inzibati binasını, bir dəfə də MTN-nin inzibati binasını müşahidə etmişəm. Vüqar Padarovla söhbətimdə bildirmişəm ki, həmin dövlət orqanlarının yerləşdiyi binaları yaxşı tanıyıram, lakin onun təkidi ilə gedib, bir daha ərazini öyrənmişəm».

BAŞ PROKURORLUĞUN BİNASI NƏZARƏTDƏ

Nurəliyev ifadəsində bildirib ki, 2011-ci ilin dekabrında və 2012-ci ilin yanvarında bir neçə dəfə Baş Prokurorluğun inzibati binasının yerləşdiyi ərazidə olub. Binanın giriş-çıxışındakı mühafizəçiləri nəzarətə götürüb:

«Binanın mühafizəsini müşahidə etmişəm. Hər dəfə Baş Prokurorluğun inzibati binasının... ön və arxa hissələrinin müşahidəsini aparmışam... Baş Prokurorluğun binası yolun kənarında yerləşsə də, çoxmərtəbəli, möhkəm və əsaslı tikildiyindən dəstə üzvlərində partlayıcı maddələrlə həmin binaya böyük zərər yetirmək mümkün olmayacaqdı».

«MALİYYƏ TÜRKİYƏDƏKİ MƏNBƏLƏRDƏN GƏLİRDİ»

«Türkiyədən maliyyə yardımını gətirdikdən sonra Vüqar Padarov rəhbərlik etdiyi qanunsuz silahlı birləşmə üzvləri barədə «Abdulsəməd» ləqəbli şəxsə məlumat verirdi. O, «Abdulsəməd»ə Azərbaycan üzrə əmir təyin edilən «Əbubəkir» ləqəbli Asif Mirzəyevə tabe olacağımızı və sonuncunun rəhbərlik etdiyi qanunsuz silahlı birləşmə üzvlərinin Azərbaycana nə vaxt gələcəyi barədə telefonun yaddaş kartına növbəti audiomüraciət yazdırdığını bildirirdi. 2011-ci ilin təxminən oktyabrında Nəsrullah Yunusovun vasitəsilə həmin audomüraciət İstanbulda yaşayan «Abdulsəməd»ə göndərilib».

Təqsirləndirilən şəxs ifadəsində onu da göstərib ki, «Eurovision 2012» terroruna maliyyə dəstəyinin bir hissəsi ETTELAAT-dan gəlib.

KƏNARDAN YÖNƏLDİLƏN PARTLADICI QURĞULAR

Təqsirləndirilən şəxsin ifadəsindən:

«Qrupun Ağasadıq Əliyev adlı üzvü kənardan pultla idarə olunan partladıcı qurğunu hazırlamağı öz üzərinə götürmüşdü. Bu qurğu vasitəsilə «Eurovision 2012» zamanı «mavilərin paradı» keçirilərsə, onları partlatmağı nəzərdə tutmuşduq».

Dəstənin digər üzvlərinin ibtidai istintaqa verdikləri ifadələr də eyni məzmundadır. Vəkil Elman Osmanov AzadlıqRadiosuna bildirib ki, prokuror məhkəmə iclasında ittiham aktını elan edəndən sonra hakim təqsirləndirilən şəxslərdən ittihamları qəbul edib-etmədiklərini soruşub. İttihamlarla qismən razılaşan və tam rədd edən də olub. Onlar, əsasən, MTN əməliyyatçılarının mənzillərdəki axtarışlar zamanı protokollaşdırdıqları silahlar barədə ittihamla razılaşmayıblar.

Dəstə başçılarından biri olduğu iddia edilən Vüqar Padarovu ötən il MTN işçiləri Gəncədə keçirilən əməliyyat zamanı qətlə yetirilib. Həmin əməliyyatda bir MTN polkovniki də öldürülüb. Həmin vaxt polkovnikin Vüqar Padarov tərəfindən açılan atəş nəticəsində öldürüldüyü deyilirdi. Ancaq polkovnikin qətli ilə bağlı ittiham dəstə üzvü Samir Sanıyevə verilib.

Məhkəmə prosesi iyulun 16-da davam edəcək.
XS
SM
MD
LG